Ermənistan törətdiyi hər bir təxribata görə cavab verəcək

Tarixi reallıq uydurmalarla yox, gerçək faktlarla yadda qalır və yazılaraq gələcək nəsillərə ötürülür. 1948-1953-cü, 1988-1991-ci illərdə Azərbaycanın qərbindən yerli azərbaycanlı əhalinin öz doğma yurdlarından kütləvi şəkildə deportasiya edilməsi, Birinci Qarabağ müharibəsində öz havadarlarının fəal yardımı ilə Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, Xocalı soyqırımı kimi əsrin ən qanlı cinayətlərindən birinin törədilməsi məhz erməni vəhşiliyinin bariz nümunələridir.

2016-cı ilin aprel döyüşlərində ermənilərin cəbhə xəttində uzun illər ərzində möhkəmləndirdiyi müdafiə xətti yarıldı, Seysulan və Talış yüksəkliyi azad olundu, strateji cəhətdən əhəmiyyətli “Lələ təpə” yüksəkliyi Azərbaycan Milli Ordusunun nəzarəti altına keçdi. Azərbaycan Milli Ordusunun bu uğurları qarşısında Ermənistan Respublikası insan hüquqlarına zidd olaraq növbəti iyrənc addımını atdı. 2017-ci ilin 4 iyununda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxaslı qəsəbəsinin qumbaraatanlardan atəşə tutulması nəticəsində 14 aylıq körpə olan Zəhra Quliyeva nənəsi ilə birlikdə qətlə yetirildi.

Erməni hərbçilərinin dinc əhaliyə, eləcə də, qadına, qocaya, uşağa qəddarcasına münasibəti Tovuz döyüşlərində bir daha özünü göstərdi. Qanlı əməllərindən əl çəkməyən ermənilər 2020-ci ilin 12 iyunundan başlayaraq bir neçə gün ərzində Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini artilleriya qurğuları ilə atəşə tutdular. Azərbaycan Milli Ordusu Tovuz döyüşlərində düşməni geri otuzdurmaqla onun xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Tovuz döyüşlərində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və beş hərbi qulluqçumuz düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşlar. Erməni hərbçilərinin vəhşi əməllərinin bariz nümunəsi isə Ağdam kəndinin 76 yaşlı sakininin qətlə yetirilməsi olmuşdur.

Azərbaycan xalqı işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq. Ermənistanın mənfur işğalçılıq siyasəti nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma torpaqlarında yaşamaq hüququndan məhrum edilib. 30 ilə yaxındır davam edən bu vəziyyətdə Ermənistan nə beynəlxalq hüquqa, nə də BMT-nin qətnamələrinin tələblərinə məhəl qoymur. Bu azmış kimi Paşinyan hakimiyyəti Azərbaycana qarşı yeni təxribatlar törətməyə cəhd edir. Lakin artıq ordumuz tərəfindən onların layiqli dərsi verilir. Bu gün milli ruhlu, vətənpərvər gənclərimizin həm cəbhədə düşməni susdurması, həm də Qarabağ həqiqətlərini beynəlxalq aləmdə təbliğ etməsi işğal altında olan torpaqlarımızın azad edilməsinə hər gün, hər saat töhvə verməkdədir.

Vəfa Əliyeva, 22 saylı Uşaq Poliklinikasının baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə