Azərbaycan xalqı daim ümummilli məsələlərdə həmrəylik nümayiş etdirir

Məlum olduğu kimi 27 sentyabr saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Azərbaycana qarşı yönəlmiştəxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir.

Xalqımız səbirsizliklə gözlədiyi bu hadisəni böyük coşqu ilə qarşılayıb. Şübhəsiz, bu hər şeydən əvvəl cəmiyyətimizin dövlətimizə və torpağımıza olan ali məhəbbətinin, vətənpərvərlik ruhu¬nun, “iqtidar-xalq” və “ordu-xalq” həmrəyliyinin nəticəsidir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Yəni bu problemin həllində siyasi baxışlarından asılı olmayaraq, kimsə ayrı-seçkilik etmir. Elə səsləndirilən bəyanatlar, verilən açıqlamalar da bunu sübut edir.

Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.

Bu gün hər kəs haqq-ədalət uğrunda mübarizəyə atılan Azərbaycan Ordusunun, eləcə də Azərbaydan dövlətinin yanındadır. Bu mənada hər kəs torpaqlarımız erməni faşizmindən tam azad olunana qədər bu istiqamətdə üzərinə düşən hər bir işi görməyə, ordumuzun sıravi əsgəri olmağa hazırdır. Elə son hadisələr da bunu bir daha təsdiq edir. Şübhəsiz, bu, həm də xalqımızın öz dövlətinə sadiqliyini ən bariz nümunəsidir.

Sabir Mahmudov, 188 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə