İsa Həbibbəyli: “Azərbaycan Prezidentinin siyasəti qalib gələcək”

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində ermənilərin təxribatı nəticəsində yaranmış vəziyyətlə əlaqədar müraciəti müstəqil dövlətimizin və xalqımızın haqq sözünün ifadəsidir”. Bu sözləri “SƏS” qəzetinə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli deyib.

Millət vəkilini sözlərinə görə, təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərimizdə növbəti dəfə təxribata əl ataraq və beynəlxalq cinayət törədərək dinc azərbaycanlı əhalini hədəfə almasına, öldürməsinə, yaralamasına və mülki obyektlərə ziyan vurmasına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks hücuma keçib: “Ordumuzun düşməni əzəcəyi şəksizdir. Çünki işğalçı Ermənistana bundan əvvəlki təxribatlarında da Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ağır zərbələr endirib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin bir hissəsi 2016-cı ilin Aprel döyüşlərində azad edildi. Güclü Ordumuzun və rəşadətli əsgərlərimiz iyul ayının 12-də dövlət sərhədimizin Tovuz rayonu istiqamətində keçən hissəsində törətdiyi təxribata görə işğalçı ölkəni cəzalandırdı. İşğalçı ölkəyə bir daha deyildi ki, sülhə nail olmaq üçün yalnız bir yol var: Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxmalıdır”.

İ.Həbibbəyli onu da bildirib ki, ölkə Prezidenti, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində bu gün həm döyüş meydanında, həm də beynəlxalq hüquq müstəvisində bütün zəruri addımlar atılır və atılacaq: “Ermənistan növbəti hərbi təxribata əl atmaqda məqsəd danışıqlar üçün bütün yolları bağlamaq, eyni zamanda ölkə daxilində mövcud olan problemlərdən ictimaiyyətin diqqətini yayındırmaq, yeni ərazilər işğal etmək idi. Ancaq dövlət başçımızın uğurlu siyasəti nəticəsində işğalçı ölkə böyük zərbələrlə üzləşdi. Bu gün Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub. Xüsusilə də, Azərbaycan Prezidentin xalqa müraciətində və Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, biz haqlı tərəfik. Azərbaycanın heç bir ölkənin ərazisində gözü yoxdur. Eyni zamanda, öz ərazi bütövlüyünü təmin etməyə, vətəndaşlarını qorumağa qadir güclü dövlətdir. Xalqla dövlət arasında olan birlik, orduya inam, ölkəmizin gücü bizim qələbəmizi şərtləndirən əsas amillərdir”.

Dövlətimizin başçısı müraciətində bir daha deyib: “Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, "Qarabağ Azərbaycandır", bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Akademik söyləyib ki, qəhrəman Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir: “Arzu edirik ki bu, Azərbaycan xalqını böyük qələbəyə çatdıran son döyüş olsun. İndiki məsuliyyətli günlərdə ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin ətrafında möhkəm surətdə birləşmək, qəhrəman ordumuza hərtərəfli dəstək vermək müqəddəs borcumuzdur. Xalqımız ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcəkdir. Nida işarəsi”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...