Ermənistan dövlətinin təcavüzkar siyasəti artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər yaranmış vəziyyətdən istifadə edərək özlərinin xaricdəki himayədarlarının köməyiilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər.

Hazırda Ermənistanın yeni rəhbərliyinin münaqişənin nizama salınmasında nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe uzun illərdir davam edən işğalçılıq siyasətini qoruyub saxlamaq məqsədi daşıyır.

27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya bir daha sübut etdi. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır.
Ermənistanın tarixi falsifikasiya və müxtəlif təxribatlar üzərində qurulub. Könüllü hərbi birləşmələrin yaradılması məhz həmin siyasətin davamıdır. Ermənilərin müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsi regionun gələcəyini sual altına qoyur.

Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırdır.

Yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır. Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstərcisidir. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir!

Səbinə Əliyeva, 213 №-li məktəb-liseyin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə