Təmas xəttinin ayrı-ayrı yerlərində təbii qaz təchizatını dayandırılıb SƏBƏB

“Azəriqaz” İstehsalat Birliyi təhlükəsizlik tədbirləri olaraq təmas xəttinin ayrı-ayrı yerlərində təbii qaz təchizatını dayandırıb. Birlikdən SİA-ya verilən məlumata əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı məlumatlarda da qeyd edildiyi kimi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhərinin intensiv atəşə tutulması nəticəsində düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır.

Bu baxımdan “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin tapşırığı ilə yaradılan xüsusi qərargah baş verənləri diqqətdə saxlayır və cəbhə xətti boyunca təbii qaz təsərrüfatında hər hansı qəza halları baş verərsə, dərhal aradan qaldırılması üçün texniki vasitələr və işçi qüvvəsi tam hazır vəziyyətə gətirilib.

Son sutka ərzində “Azəriqaz”ın Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsi Tərtər Regional Qaz İstismarı İdarəsindən operativ olaraq məlumatları əldə edir və bu barədə xüsusi qərargah lazımi tədbirlərin görülməsinə dair tapşırıqlar verir. Düşmən tərəfinin açdığı atəş nəticəsində Tərtər rayonunun Borsunlu kəndində 57 millimetrlik, Hüləbəndi kəndində ŞQTM tipli qaz tənzimləyicisi, Tərtər şəhərinin Sahil küçəsində 30, 40 və 159 millimetrlik, Babək küçəsində 57 və 76 millimetrlik, H.Əliyev prospektində 108 və 159 millimetr diametrində olan qaz xətləri və avadanlıq zədələnib.

Bundan başqa, döyüşlərin getdiyi vaxtlarda dünən və bu gün təhlükəsizlik tədbirləri olaraq təmas xəttinin ayrı-ayrı yerlərində qaz təchizatı dayandırılıb:

- sentyabrın 27-si saat 07:45-dən cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar Füzuli və Tərtər rayonlarının qaz təchizatı dayandırılıb;

- Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı sentyabrın 27-də saat 08:00-dən etibarən dayandırılıb;

- sentyabrın 27-də saat 07:50-dən Beyləqan rayonunun 9 kəndi və 10 qəsəbəsinin qaz təchizatı dayandırılıb;

- sentyabrın 27-də saat 07:42-dən Ağcabədi rayonunun bir hissəsinin qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə qazın verilməsi təmin edilib. Bundan başqa, sentyabrın 27-də “Ağdam 4 yol ölçü qovşağı”ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də “Quzanlı ölçü qovşağı”ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə