Sentyabrın 27-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Noyemberyan və Krasnoselsk rayonları ərazisindən Qazax və Gədəbəy rayonlarındakı mövqelərimiz, həmçinin Tərtər, Ağdam, Fizuli və Cəbrayıl rayonlarının işğal altında olan adsız yüksəkliklərdə yerləşən mövqelərindən ordumuzun mövqeləri və müxtəlif yaşayış məntəqələrimiz intensiv atəşə tutulub. Bunun nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Artıq ordumuzun əməliyyatları nəticəsində cəbhə boyunca xeyli irəliləyiş əldə olunub, qısa müddətdə işğal altında olan 7 kəndimiz azad edilib və ordumuzun hücumu davam edir.

Yaranan vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib, cənab Preziden xalqa müraciət edərək ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Dövlətimizin başçısı vurğuladı ki, Ermənistanın bu təxribatının mahiyyətində faşizm xisləti dayanır. Ermənilər mülki insanları atəşə tutaraq faşist xislətlərini bir daha göstərdilər. Bu təxribatın qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır.

Azərbaycanın yolu haqq yoludur. Ermənistan 30 ildən çoxdur ki, 20 faiz Azərbaycan torpaqlarını işğal edib. Bu illər əqzində Azərbaycan tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmaq hazırdır. 30 ilə yağın bir dövrdə beynəlxalq təşkilarların qəbul etdiyi qətnamələr kağız üzərində qalıb, Erməni tərəfi danışıqlar prossesini uzatmaqla öz mənfur niyyətlərini davam etdirmək istəyirlər. Lakin Azərbaycan buna imkan verməyəcək, Bütün işğal altındakı torpaqlarımız yağı taptağından azad ediləcəkdir.

İsrafil Kərimov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə