Rafael Cəbrayılov: “Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və bu gün olduğu kimi, sabah da Ona sadiqdir” – MÜSAHİBƏ

Rafael Cəbrayılov: “Azərbaycan xalqı Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və bu gün olduğu kimi, sabah da Ona sadiqdir” – MÜSAHİBƏ

Millət vəkili Rafael Cəbrayılovun SİA-ya müsahibəsi

 

- Rafael müəllim, ümummilli lider Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə qayıdışı və o dövrdəki ictimai-siyasi vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövləti qarşısındakı xidmətləri çoxşaxəlidir və bütün bunlar Onu Azərbaycan xalqının ümummilli lideri kimi adlandırmağa əsas verir. Azərbaycan xalqı nəinki bu gün, hətta illər keçsə belə ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə xatırlayacaqlar.  Ümummilli liderimizin Azərbaycan dövləti qarşısındakı xidmətləri o qədər aydın, şəffafdır ki, bu xidmətlərin sübuta heç bir ehtiyacı yoxdur. Ulu öndər Heydər Əliyevin bu xidmətləri içərisində bir müstəsna xidməti ondan ibarətdir ki, O, Azərbaycan adlı müstəqil dövləti yaratdı. Ulu öndər ikinci dəfə hakimiyyətə gəlməmişdən öncə Azərbaycanda xaos, anarxiya, özbaşnalıq hökm sürürdü. Ölkə faktiki olaraq parçalanma, dağılma vəziyyəti ilə üzləşmişdi. Bütün bunlarla yanaşı, Azərbaycan xalqının sabaha olan inamı, ümidi tamamilə itmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə qayıdışı ilə xalqın inamını, etibarını özünə qaytardı,  Azərbaycanın ilkin coğrafi ərazisində Azərbaycan Respublikası adlı qüdrətli bir dövlət yaratdı. Ümummilli lider Heydər Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti nəticəsində dövlət müstəqiliyimiz möhkəmlənməklə yanaşı, insanların də sosial rifah halı yaxşılaşmağa başladı. Çox təəssüf ki, bu gün bəzi radikal qüvvələr milli dövlətimizə sahib olmağımız kimi bir xoşbəxtliyin nə olduğunu hələ də anlaya bilmirlər. Onlar dərk etmirlər ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ona görə ki, milli dövlətimiz var. Hər bir xalqın milli dövlətə sahib olması üçün onun ilk növbədə milli özünü dərk hissi olmalıdır. Əgər milli özünü dərk hissi yoxdursa, o xalq heç vaxt milli dövlət haqqında düşünə bilməyəcək. Hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev bütün qüvvəsi ilə çalışaraq Azərbaycanın uğurlu gələcəyinin əsasını qoydu. Heydər Əliyev ölkəmizin, xalqımızın maraqlarını düşünən, onu qorumağı bacaran bir siyasətçi, əsl dahi və təkrarolunmaz bir şəxsiyyət idi. Ulu öndər qurduğu demokratik, suveren Azərbaycan dövlətinin yaşaması, uğurlu inkişaf etməsi üçün lazım olan bütün addımları atdı. Ümummilli liderimiz Azərbaycan xalqına bu dövləti qorumağı, yaşatmağı öyrəydi.

 

- Ümummilli lider Heydər Əliyevin varislik prinsipi ölkə başçısı İlham Əliyevin simasında layiqincə həyata keçirilir. Bunun üçün bir vətəndaş olaraq bizim rolumuz nədən ibarətdir?

- Əlbəttə, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti Prezidentimiz tərəfindən çox layiqincə həyata keçirilir. Bəzən radikal müxalifət iqtidari tənqid edir, lazımsız, gərəksiz aksiyalar, mitinqlər, piketlər keçirməyə cəhd edir. Lakin hər dəfə olduğu kimi, yenə də xalqın dəstəyini qazana bilmir, nəticədə məğlubiyyətə uğrayırlar. Bu gün Azərbaycan müxalifəti konkret plan, təklif ortaya qoya bilmir. Azərbaycan müxalifəti nə Azərbaycan dövlətində, nə də xaricdə qəbul olunmur. Bu bir reallıqdır. Radikal müxalifət ümumiyyətlə, cəmiyyətdə heç bir sosial bazaya, dayaqlara, icimai dəstəyə və imkanlara malik deyil. Yalnız onlar antiAzərbaycan mövqeli  qüvvələrin maddi və mənəvi dəstəyinə arxalanır ki, bu da siyasətçini uçuruma aparan, məhvə sürükləyən faktlardan sayılır. Azərbaycan xalqının dəstəklədiyi və qəbul etdiyi yeganə dəyişməz siyasət var ki, o da ulu öndər Heydər Əliyev siyasətidir. Azərbaycan xalqı birmənalı şəkildə, ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və bu gün olduğu kimi, sabah da Ona sadiqdir. Bu gün Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə çiçəklənir, iqtisadiyyatı sürətlə inkişaf edir, dünya arenasında özünəməxsus yer tutur, söz, nüfuz sahibidir. Prezident İlham Əliyev elə bir uğurlu siyasət yürüdür ki, bütün dövlətlər, beynəlxalq aləm Azərbaycan dövləti ilə hesablaşır. Bu, təbii ki, Azərbaycan dövlətinin uğurudur. Prezident çalışır ki,  xalqımızın yaşayış səviyyəsi gündən-günə yüksəlsin. İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dövlətinin ən böyük milli sərvəti elə Azərbaycan xalqının özüdür. 

Bütün xəbərlər Facebook səhifəmizdə