Nə vaxtsa, hansısa hadisə nəticəsində yanıq xəsarəti almaq hər kəsin başına gələ bilər. Bundan heç kim sığortalanmayıb. Bəzən məişətdə, bəzən isə bədbəxt hadisələr zamanı yanıqlar olur. Avtomobil qəzaları zamanı da xəsarətlər arasında müxtəlif dərəcəli yanıq xəsarəti alanlara rast gəlinir. Odur ki, yanıq xəsarəti alanlara ilk tibbi yardımın necə göstərilməli olduğunu da hamımız bilməliyik.

Ətrafınızda kimsə yanıbsa, özünüzü itirməyin və dərhal ona yardım etmək üçün hərəkətə keçin.

Yanıqların dərəcələri

Yanıqlar dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə 4 cür olur: 1-ci dərəcə zədə yerində dərinin qızarması və şişkinliyi, 2-ci dərəcə açıq sarı rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi, 3-cü A dərəcə böyük gərgin suluqların əmələ gəlməsi ilə müşahidə olunur. Suluqların divarları adətən cırılmış, yaranın dibi çəhrayı rəngdə və nəm olur. Ağrı hissi suluğun dib hissəsində saxlanmış və ya zəifləmiş olur. Daha gecikmiş müddətlərdə açıq sarı, bəzi hallarda qəhvəyi və boz rəngə çalan qartmaq əmələ gələ bilər. 3-cü B dərəcə qanlı möhtəviyyata malik, adətən divarı dağılmış, dibi quru, ağımtıl, bəzən mərmər şəkilli, tək-tək avazımış ləkələrlə olan suluqların əmələ gəlməsinə səbəb olur.

4-cü dərəcəli yanıqlar isə ən ağır və çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Buna kömür yanığı deyilir. 4-cü dərəcəli yanıqlar oynaqlarda olarsa, amputasiya aparılır. Bu yanıq yarasının sahəsi böyükdürsə, insanın həyatını xilas etmək də çətin olur.

Həkimlər bildirir ki, yanıqların sağalma müddəti onların dərəcələrinə görə dəyişir. 1-ci dərəcəli yanıq ən asan sağalan yanıqdır. 2-ci dərəcəli yanıqda sağalma dövrü 14 gündən sonra başlayır, 21-ci günə qədər çəkir. 3-cü dərəcəli yanıqların sağalma dövrü də xeyli vaxt aparır. 4-cü dərəcəli yanıqlar isə ən gec sağalan yanıqlardır. 4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, uzun müddətli və mürəkkəb cərrahi müalicə tələb olunur, bəzi hallarda isə yanıq nəticəsində zədələnmiş ətrafın amputasiya (kəsilməsi) edilməsinə tələbat yaranır.
Cərrah qeyd edirlər ki, yanıq hadisəsi baş verən zaman xəstəyə ilk tibbi yardımın necə göstərilməsi önəmlidir. İlk tibbi yardımın səhv göstərilməsi yanıq yarasının daha da ağırlaşmasına səbəb ola bilər.

Yanıq hissəsini 10-15 dəqiqə soyuq su altında saxlayın

Zərərçəkənə ilkin yardım göstərilməsinin lap əvvəlində mümkün qədər tez bir zaman ərzində yüksək temperaturun təsirini dayandırmaq lazımdır. Əgər bu, alov olarsa, zərərçəkənin üzərinə su tökmək və ya onun üstünə örtük, adyal atmaq lazımdır. Bu zaman alov sahəsinə hava axını kəsildiyi üçün o, tez bir zamanda sönür. Bunları çox ehtiyatla, zərərçəkənin başını örtmədən etmək lazımdır. Əks halda, onda tənəffüs yollarının yanığı və yanmanın toksik məhsulları ilə zəhərlənmə baş verə bilər.

Bundan sonra mümkün qədər cəld hərəkətlərlə, yanıq sahəsini zədələmədən, yanmış paltarlarını kəsib çıxarmaq lazımdır. Əgər paltar bədənin zədələnmiş hissəsinə yapışarsa, onu yaradan qoparmaq olmaz. Bu halda paltarın həmin sahəsini yara ətrafı boyunca kəsmək lazımdır. Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır. Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu, dərinin soyumasına, ağrının keçib getməsinə səbəb olur və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır.

Bunları etmək olmaz

Çox təəssüf ki, bəzən evdə yanan sahəyə diş məcunu, kartof, yağ, yağlı məlhəmlər, vazelin və sair sürtürlər. Bu, qəti qadağandır. Bununla siz yanan dəridən istiliyin xaric olunmasının qarşısını almış olursunuz.

Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı (“zelyonka”), kalium permanqanat (“marqansovka”) və digər bu tipli antiseptikləri sürtmək olmaz. Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə “təmizləməyin”, sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi “vasitələr” də qoymayın, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz.

Yanıq dərmanları

Dəri su ilə soyudulandan sonra yanıq sahəsinə yanıqlara qarşı olan “Pantenol” adlı dərman çəkmək lazımdır. Ardınca "Betadin"lə sarğı qoyulmalıdır. Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır.

Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və ya araqda islatmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır.

Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada olmaqla vermək lazımdır. Çoxlu su, maye vermək olmaz, çünki qaytara bilər. Güclü yanıqlar zamanı dözülməz ağrılar yarandığı üçün ağrı şokunun qarşısını almaq məqsədi ilə ağrıkəsici dərmanların verilməsi çox vacibdir.

Yanğın hadisəsi ilə rastlaşdıqda soyuqqanlı olmaq lazımdır. Bu zaman adam özünü toparlayıb həkim gələnə kimi özünə ilk yardım etməlidir.

Aşağıdakı hallarda dərhal “təcili yardım” çağırın:

- yanıq sahəsi zərərçəkənin 5 əl pəncəsi səthindən artıq olduqda;

- yanığa məruz qalan uşaq və ya yaşlı şəxs olduqda;

- 3-cü və 4-cü dərəcəli yanıqlar zamanı;

- qasıq sahəsi yandıqda;

- ağız, burun, baş, tənəffüs yolları yandıqda;

- iki ətraf yandıqda.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə