Erməni müxalifətləri: "Azərbaycan Prezidentinin açıqlamaları Paşinyanın üzündəki maskanı cırır"

Bu, həqiqətən də belədir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə faşist xislətli Ermənistanın baş naziri Nikol Paşinyanın maskasını cırsa da, həyasızlığını o qədər, daha doğrusu, ən yüksək şkalaya- 100-ə qalxsa belə, yenə də o, təcavüzkar, sərsəm xislətindən əl çəkmir ki, çəkmir…

Ermənistan Respublika partiyasının sədr müavini, keçmiş vitse-spiker Armen Aşotyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsində verdiyi açıqlamalar Paşinyanın əsl simasını göstərir: "İlham Əliyevin açıqlamaları Nikol Paşinyanın üzündəki maskanı cırır. Bu şəraitdə baş nazirin Prezident İlham Əliyevə cavab vermək yerinə mənasız müzakirələrini dinləmək, xarici işlər nazirinin həmin açıqlamaları şərh etməkdən imtina etməsi, sadəcə, absurddur".

Aşotyan Paşinyanın hökumətə rəhbərlik etdiyi dövrdə baş verənlərlə bağlı istintaq komissiyasının yaradılmasının vacibliyindən danışıb. Erməni siyasətçinin fikrincə, informasiya müharibəsində Yerevan Bakıdan ciddi geri qalır: "Bu da təəccübli deyil. Belə savadsız, xarici siyasətdən, ümumiyyətlə, siyasətdən xəbərsiz bir küçədən gələn hay-küyçüdən ancaq müzahirələr eşidilməsi təəccüblü də deyil. Bu yolun sonu yaxın zamanlarda görünəcək".

Argişti Kyaramyan: "Türkün iti olmaq daha yaxşıdır, nəinki..."

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Argişti Kyaramyanın göstərişi ilə bir müddətdir ölkədə Rusiya agentlərinin axtarışı aparılır. Bu barədə erməni şərhçi Vladimir Sarkisyan deyib. Onun sözlərinə görə, SNB rəhbəri Argişti Kyaramyan Rusiya agentlərinin axtarışı məsələsində belə bir ifadə işlədib: "Türkün iti olmaq daha yaxşıdır, nəinki...". Bu cümlənin davamı «nəinki Rusiyanın" deməkdir.

Vladimir Sarkisyan onu da bildirir ki, kulislərdə işlədilən bu ifadəyə görə SNB rəhbərini tənqid edir, Rusiyanın Ermənistanın təhlükəsizlik zamini olduğunu, yeni hakimiyyətin dövlətə xəyanət etdiyini deyir. Həmçinin, A.Kyaramyanın "Türkün iti olmaq daha yaxşıdır, nəinki..." ifadəsi Ermənistanda hakim komandanın Rusiyaya qatı nifrətini göstərir.

Armen Aşotyan: "Azərbaycan Prezidentinin çıxışı Nikol Paşinyanın iç üzünü ifşa etdi"

Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərlə görüşündə bildirib ki, "Qarabağ münaqişəsi ətrafında baş verən proseslər çox narahatvericidir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları aydın siyasi məqsədə malikdir. Türkiyə tərəfinin də bəyanatlarını nəzərdən keçirsək, başa düşərik ki, Azərbaycan Qarabağı yox, Azərbaycan və Türkiyə Ermənistan və Qarabağı istəyir". O qeyd edib ki, Prezident İlham Əliyevin bəyanatları barədə ciddi düşünmək lazımdır və bu bəyanatların arxasında aydın şəkildə tanklar və toplar görünür. Aşotyan, həmçinin Paşinyan-Mnasakanyan cütlüyünün Qarabağla bağlı siyasətini uğursuz siyasət kimi qiymətləndirib. Aşotyan Qarabağ məsələsinin həlli haqqında danışarkən deyib: "Prosesə öz nöqteyi-nəzərlərindən başlayaraq bütün prosesi ayaqlarının altına atıblar. Proses hələ başlamamış biz potensial günahkarıq, niyə? Çünki Nikol Paşinyan və Zöhrab Mnatsakanyan daxili populizmə qapılmışdılar, iki il yarım ərzində bizi dinləmirlər".

Ermənistan Respublikaçılar partiyasının sədr müavini deyib ki, Nikol Paşinyan bütün bunlara görə cavab verməlidir: "Müharibə olsa, Ermənistan bu müharibədə günahkar kimi etiketlənməməlidir. Ermənistan baş naziri - Xarici İşlər naziri cütlüyünün öz rüsvayçı uğursuzluqlarına necə üzsüzlüklə yanaşması təəccüblü deyil".

Aşotyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Nikol Paşinyan keçmiş iqtidar komandasının yenidən hakimiyyətə geri qayıtmaması üçün ondan atəşkəsi gücləndirməyi xahiş edib və Qarabağ məsələsinin həlli üçün vaxt istəyib. Aşotyanın fikrincə, Ermənistanda baş verən bütün proseslər Qarabağ məsələsi ilə əlaqəlidir. Aşotyan qeyd edib ki, hazırda Azərbaycan təbliğatı qalib gəlir. "Ermənistan-Qarabağ münasibətlərində heç vaxt bu cür xaos olmayıb".

Armen Aşotyan Azərbaycan Prezidentinin çıxışını Nikol Paşinyanın iç üzünü açıb ifşa etmək baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları hamı üçün Nikol Paşinyanın maskasını cırır. Nikol Paşinyan Qarabağ danışıqları məsələsi üzrə elə bir günah toplayıb ki, bu günahdan təmizlənə bilməz, günah çantasını götürməli və getməlidir".

Stepan Danielyan: "Ermənilər bir çox hallarda həqiqəti, məhz Azərbaycan Prezidentinin çıxışlarından öyrənməlidirlər, bizim pəltək, yalançı Paşinyandan yox"

Bax, nəhayət ki, bu düşmən ölkədə həqiqət nə olduğunu, cinayətkar kim olduğunu anlaya bilən oldu. "Əsl həqiqətləri Azərbaycan Prezidentinin çıxışlarından öyrənməlidir, bizim pəltək, yalançı Paşinyandan yox". Bu, çox böyük, ağır ittihamdır, ancaq həqiqətdir. Erməni politoloq Stepan Danielyan Prezident İlham Əliyevin çıxışlarını etibarlı mənbə kimi qiymətləndirib və ermənilərin əsl həqiqətləri Azərbaycan Prezidentinin çıxışlarından öyrənə biləcəyini qeyd edib. O, bununla bağlı erməni ictimaiyyətinə belə bir çağırış da edib: «Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını diqqətlə dinləyin. Onun dediklərində həqiqət var və bir çox hallarda həqiqəti, məhz ondan öyrənmək olur, bizim pəltək, yalançıdan yox”.

Politoloq S.Danielyanın bu fikiri erməni sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Danielyan isə etiraf edib ki, Prezident İlham Əliyevin son müsahibəsi Ermənistanda həqiqətdən də böyük rezonans doğurub və zəlzələ effekti verib. Çünki Prezident İlham Əliyev Ermənistanın son təxribatlarının nə ilə nəticələnəyini erməni ictimaiyyətinin diqqətinə çatdırdı və bir növü onları ayıltmış oldu. Azərbaycan Prezidenti işğalçı ölkənin baş nazirinin hazırki siyasətinin Ermənistana çox baha başa gələcəyini ermənilərin diqqətinə çatdırıb. Paşinyanın yalanları ilə, Feysbuk üzərindən populistcə etdiyi canlı yayımlarla, əslində isə canlı nağıllarla bəslənən sıravi ermənilər yəqin ki, Prezident İlham Əliyevin bu çıxışından özləri üçün lazımi nəticələr çıxaracaqlar.

Nəticə: eyni qaydada - Paşinyan susur…

Bir sözlə istər bir çox erməni siyasətçiləri və ekspertləri, istərsə də sıravi ermənilər Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyi barədə səsləndirdiyi fikirləri anlayışla qarşılayır və bu fikirlərin həqiqət olduğunu etiraf edirlər. Ermənistanın baş naziri Paşinyanın susması isə bir daha həyasızlıq və şok vəziyyətinə düşməsidir. Çıxış yolu layiq olmadığı oturduğu o kresloya əlvida deyib, gəldiyi yerə – küçəyə bağırmağa getməlidir.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...