Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

Qlobal böhrana çevrilmiş COVID-19 pandemiyası xalqları və ölkələri gözlənilməz bəlaya düçar edib. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət xalqımızın bu ağır bəladan ən az itkilərlə çıxmasına şərait yaradıb. Eyni zamanda, dövlətimizin başçısının böyük səyləri nəticəsində ölkəmizdə bu çətin şəraitdə normal həyat ritmləri də təmin edilib. Prezident İlham Əliyevin pandemiya dövründə apardığı müdrik siyasət beynəlxalq aləmdə, dünya birliyində böyük əks-səda doğurub. Prezidentimiz koronavirusla mübarizə şəraitində dünya dövlətlərinin qarşılıqlı əməkdaşlığı və həmrəyliyi vasitəsilə qlobal böhrana qarşı birgə mübarizə aparmağın nümunəsini göstərir. Türkdilli dövlət başçılarının və Qoşulmama Hərəkatı ölkələrinin, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri, Dünya Bankının rəsmilərinin iştirakı ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən onlayn videokonfranslar beynəlxalq aləmdə böyük əks-səda doğurub, yüksək rəğbətlə qarşılanıb. Bütün bunlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə pandemiya ilə mübarizə aparmağın Azərbaycan örnəkləridir.

Pandemiya başlayandan indiyə qədər, məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının reallığıdır. Ölkə Prezidenti keçirilən bütün videoformatlı müşavirə və görüşlərində bildirir ki, koronavirusa qarşı mübarizədə vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır. Çünki sosial məsuliyyət hiss etmədən də əldə olunan nailiyyətə çatmaq olmaz. Xüsusi ilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq virusun geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya, Türkiyə, Kuba, Çindən yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssislər də Azərbaycana gətirilib.Ölkəmizə gələn xarici mütəxəssislərin əsas qeydlərindən biri ondan ibarət idi ki, Azərbaycandakı xəstəxanalar Ümumdünya Səhiyyə Təşkilatının müalicə protokollarında təsdiq olunmuş bütün dərman preparatları ilə təchiz olunub. Təminatın yüksək olması, müalicə protokollarına dəqiqliklə əməl olunması Azərbaycanda COVID-19-dan ölüm sayının az olmasını əsas səbəblərindən biridir. Müvafiq avadanlıqların, süni tənəffüs aparatlarının düzgün tətbiqi də burada mühüm rol oynayıb. Bütün bunlar həm də bizim həkimlərimizin yüksək peşəkarlığından xəbər verir.

COVID-19 yeni tip virus olduğundan tam şəkildə müalicəsi hələ ki, yoxdur. Vaksinin hazırlanmasına müəyyən qədər vaxt tələb olunduğundan bu virusla birgə yaşamağa öyrənməliyik. Peyvəndin tapılmasına qədər virusun yayılmasının qarşısının alınmasının, hələlik ən effektiv yolu insanların kütləvi şəkildə toplaşmasının məhdudlaşdırılması, fiziki məsafənin saxlanılması və tibbi qoruyucu vasitələrdən istifadədir. Unutmamalıyıq ki, qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Həyata keçirilən tədbirləri, işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün pandemiya dövründə karantin qaydalarına daha da məsuliyyətli və diqqətli şəkildə əməl etməliyik.

Məhərrəmova Yeganə, 90 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə