Azərbaycan 28 ildir BMT-nin üzvüdür

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Həmin gün keçirilən BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.

Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.

Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.

2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu təşkilata üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.

Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə də səmərəli əməkdaşlığı mövcuddur. Ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələri siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilir.

Belə ki, Azərbaycan bu il dünya ölkələrini bürümüş COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə kimi göstərib. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmiş və COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

Azərbaycan həm də mədəniyyətlərarası dialoqun və dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. Dialoq çərçivəsində 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.

Bu gün Azərbaycan demokratiya yolunda uğurla addımlayır. Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir.

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün qurum çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.

İsrafil Kərimov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə