Estoniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində ukraynalı rəssamların sərgisi təşkil olunub

Estoniyanın paytaxtı Tallinn şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində rəssamlar Dmitri və Nina Dobrovolskilərin sərgisi açılıb. SİA-nın xəbərinə görə, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə təşkil olunmuş açılış mərasimində Estoniyanın Mədəniyyət Nazirliyinin, diplomatik korpusun, KİV-lərin nümayəndələri, Azərbaycan və digər icmaların təmsilçiləri iştirak ediblər.

Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev və Estoniyada Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı tədbiri açaraq qonaqları salamlayıblar. N.Hacıyev bildirib ki, tədbir Estoniyadakı xalqlar gününə həsr olunub. "32 il bundan öncə Estoniya Xalqları Forumu Estoniyadakı milli azlıqlar gününü təsis edib. Həmin forumun təsisçilərindən biri də Estoniyadakı Azərbaycan icması olub. Estoniya Xalqları Günü çərçivəsində ukraynalı rəssam dostlarımız – Dmitri və Nina Dobrovolskilərin əsərlərindən ibarət sərgini təşkil etməyimiz rəmzi xarakter daşıyır. Estoniyanın tutqun iqlimində onların əsərləri bizə istilik və günəş bəxş edir. Əsərlərə baxdıqca adam özünü günəşli Azərbaycanda və Ukraynada hiss edir" - deyə o, vurğulayıb.

Dmitri və Nina Dobrovolskilər sərginin təşkil olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə və Azərbaycan Evinə minnətdarlıqlarını bildiriblər. Onlar bildiriblər ki, bu il ilk sərgiləri təşkil olunub, çünki pandemiya ilə bağlı bir sıra ölkələrdə keçirilməsi planlaşdırılmış sərgiləri təxirə salınıb. "Biz buna görə Azərbaycan Mədəniyyət Mərkəzinə və Azərbaycan Evinə çox minnətdarıq. Ən yaxşı əsərlərimizi sərgiyə çıxarmağı qərara aldıq. Bu sərgiyə 2018-2020-ci illərdə çəkdiyimiz əsərləri çıxarmışıq", - deyə D.Dobrovolski əlavə edib.

Qeyd edək ki, Dmitri və Nina Dobrovolskilər bir neşə il öncə Ukraynadan Estoniyaya köçüblər. Dmitri Dobrovolski Kiyev Milli Təsviri Sənət Akademiyasının, Nina Dobrovolskaya Estoniya İncəsənət Akademiyasının yetirmələridir. Onların rəsm əsərləri Ukrayna, Böyük Britaniya, Almaniya, ABŞ, Kanada, Niderland, Estoniya, Fransa, Finlandiya və digər ölkələrin muzeylərində nümayiş etdirilir.

Tədbir Estoniya mediasında geniş işıqlandırılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...