Masallı MKTİB təmizlik işlərini gücləndirib

Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivi şəhərdə davam edən abadlıq-quruculuq işlərində fəallıq göstərir.

Bakı prospektində yolboyu kol-koslar, məişət tullantıları təmizlənib zibil poliqonuna daşınıb. Sabir küçəsi, Heydər Əliyev prospekti, "Asan xidmət"in qarşısındakı meşə zolağı, Şəhriyar və Qurtuluş küçələrində ağaclar budanmış, məişət tullantıları təmizlənib. Masallı MKTİB-nin rəisi Nazim Muradov bu vəzifəyə Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə bu yaxınlarda təyin olunub.

Qeyd edək ki, N.Muradov 1973-cü ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olub. 1990-cı ildə Güllütəpə kənd tam orta məktəbini bitirib. 1995-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat, İnformatika və hesablama texnikası fakultəsini və Azərbaycan Dövlər İqtisad Universitetinin Maliyyə fakultəsini bitirib.
1995-2003-cü illərdə Masallı rayon Yeni Zuvand kənd orta məktəbində müəllim, 2003-2012-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayənəsi, 2012-2015-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində müdir müavini, 2015-2016-cı illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, 2016-2017-ci illərdə həmin şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı, 2017-ci ildən hal-hazıradək Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvdür. Ailəlidir, 2 övladı var.

Nazim müəllim bizimlə söhbətində bildirib ki, şəhərin bütün küçələri məişət tullantılarından və budanmış ağac budaqlarından təmizlənib poliqona daşınıb.

Hazırda vərəm dispanserindən Banbaşı ərazisinə, Digah işıqforundan Şərəfə kəndinə kimi ərazidə abadlıq-təmizlik işləri davam edir.

Şəhərin başqa bina və küçələrindəki səliqə-sahman göz oxşayır. Abadlıq-quruculuq işlərini razılıq hissi ilə qarşılayan şəhər sakinləri görülən işləri yüksək qiymətləndirirlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...