"Abşeron" yatağının təməlinin qoyulması neft-qaz strategiyasında önəmli hadisədir

"Abşeron" yatağının təməlinin qoyulması neft-qaz strategiyasında önəmli hadisədir

Bu gün respublikamızın enerji asılılığı olmayan və bu sahədə müstəqil siyasət yeridən müstəqil dövlət olduğunu artıq beynəlxalq aləm də təsdiqləyib. Bu, bir faktdır ki, ölkəmizin enerji strategiyasında qazandığı uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası bu gün Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəldir. 1993-cü ilin ikinci yarısından başlayaraq görülən işlər sayəsində respublikanın enerji təhlükəsizliyi sistemi, demək olar ki, yenidən qurulmuşdur.

Hazırda respublikamız nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda, digər dövlətlərin də enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir. Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla, yalnız Azərbaycan üçün deyil, region və Avropa üçün bir sıra problemləri həll etmiş oldu. Bu müqavilənin izalanması güclü Azərbaycanın əsasını qoydu. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin, ciddi geosiyasi alətə çevrildi. Azərbaycan, artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Bu mühüm qlobal layihələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Nəticədə, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.

Sentyabrın 19-da Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Aəzərbaycan televiziya kanallarına verdiyi müsahibəsində bildirib ki, bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Dövlət başçısı, onu da bildirib ki, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Prezident İlham Əliyev neftçiləri qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edərək onlara uğurlar arzuladı. Prezident onu da qeyd edib ki, bütün təbii resurslar azərbaycan xalqının maraqlarına xidmət edir: "Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır”.

İstər “Qarabağ”, istərsə də “Abşeron” layihələri Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq. Xəzər dənizinin Azərbaycan sektorunda suyun 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Həmçinin, bu yataqdan gələcək neft və qaz gəlirləri Azərbaycan əhalisinin sosial rifah halının daha da yüksəldilməsinə səbəb olacaq.

Bu gün Azərbaycan dünyada ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi kimi tanınmaqdadır. Məhz “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcək. “Şahdəniz” azı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliyaya çatdırılacaq və perspektivdə Balkan bölgəsində yerləşən ölkələrə də qazın verilməsi mümkün olacaq. Bir sözlə, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron”, “Qarabağ” və digər yataqların istismarı Azərbaycanın Avrasiyanın yeni enerji xəritəsindəki mövqeyini gücləndirəcək. Bununla da Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji və etibarlı tərəfdaş olaraq qalacaq.

Arizə Mahmudova, 209 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə