Bu günlərdə Bakı Dövlət Universitetinin fakultələrində müəyyən dəyişikliklər gözlənilir

Bu günlərdə Bakı Dövlət Universitetinin fakultələrində müəyyən dəyişikliklər gözlənilir
"Hər bir universitet ölkədə müstəqil fəaliyyət göstərir. Xüsusilə Bakı Dövlət Universiteti müstəqildir və onun ali orqanı universitetin Elmi Şurasıdır". Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Azərbaycan Dillər Universitetində dövlət imtahanı və buraxılış işlərinin ləğvi məsələsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycan Dillər Universitetində gənclər dil istiqamətində mütəxəssis olur, ancaq Bakı Dövlət Universiteti çoxşaxəli-təbiət, dəqiq elmlər, humanitar və digər sahələr üzrə mütəxəssis hazırlayır. Universitetin reytinqindən danışarkən ilk növbədə diplom alan tələbələrin Azərbaycan cəmiyyətində yüksək mövqe tutmasına çalışdıqlarını deyən rektor qeyd edib ki, bu gün ali struktur rəhbərlərinin 70%-ə yaxını Bakı Dövlət Universitetinin məzunlarıdır.

"Biz o imici günü-gündən qaldırmalıyıq. İmic o zaman qalxır ki, tələbəni dövlət qulluğuna qəbul edərkən təqdim etdiyi diplomun arxasında ona müvafiq bilik səviyyəsi olur. Bu bilik səviyyəsi nə vaxt olsa, imtahanların ləğvi məsələsinə baxa bilərik. Bu gün isə tələbələrin qiymət üçün yox, bilik üçün oxumasını təmin etməliyik. Keçid dövründə yaşadığımızdan bunun müsbət və mənfi cəhətləri var. Ona görə də milli xüsusiyyəti, mentaliteti nəzərə alaraq elmi şurada müəyyən addımlar atmışıq. Bu da öz müsbət nəticəsini verib. Məsələn ötən il bizim ixtisaslar üzrə Azərbaycanda magistraturaya qəbulun 80%-i Bakı Dövlət Universitetinin payına düşür. Onlar dövlət imtahanı vermişdi deyə, magistratura imtahanlarında da müsbət nəticə əldə ediblər. Deməli imicimiz yuxarıdır. Bir tərəfdən universitetlərimizin imici, reytinqinin qalxmasını istəyiriksə, digər tərəfdən mənfi qərarlar qəbul etməməliyik. Tələbələr də bunu çox müsbət qarşılayırlar", - deyə o əlavə edib.

A.Məhərrəmov Bakı Dövlət Universiteti yay imtahan sessiyasında şəffaflığın artırılması istiqamətində işlərin semestrin əvvəlindən etibarən başladığını deyib. Bu istiqamətdə bəzi islahatların aparıldığını söyləyən rektor qeyd edib ki, universitetin rəhbərliyində müəyyən dəyişiklər olub, bu günlərdə Bakı Dövlət Universitetinin fakultələrində müəyyən dəyişikliklər gözlənilir: "Təkcə vəzifə dəyişikliyi ilə məsələ həll olunmur. Şəffaflıqla mübarizəyə bütün universitet qoşulmalıdır. Universitetdə elektron mərkəz açılıb, bütün imtahanlar izlənilir, monitorlar vasitəsilə bütün tələbələrin hərəkətinə nəzarət olunur. Tam əminliklə deyirəm ki, əvvəllər olduğu kimi bu il də universitetdə imtahan sessiyası prosesi çox şəffaf şəkildə baş tutacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə