YAP Masallı rayon təşkilatında imtahanlarda yüksən nəticə göstərən gənclərlə görüş olub - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksən nəticə göstərən gənclərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Gənclər Birliyinin sədri Bəxtim Qarayev və Qadınlar Şurasının sədri Gülşən Xəlilova iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ilk öncə gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib onlara yeni-yeni uğurlar arzulayıb. Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısını yüksək dəyərləndirən Seyfəddin Əliyev qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasətinə uyğun olaraq Azərbaycanda təhsilin ikişafı prioritet istiqamətlərdən biri hesab olunur. Respublika Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilə xüsusi diqqət göstərilir, müasir tələblərə uyğun olan yeni-yeni məktəblər tikilir, şagirdlərə, tələbələrə, müəllimlərə dövlət qayğısı artırılır, gənc mütəxəssislər məsul vəzifələrə təyin olunur.

Rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, bu gün təhsilin bütün pillələrində yeni layihələrin, islahatların reallaşdırılması istiqamətində mühüm addımlar atılır: "Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində insan kapitalının inkişafı mühüm yer tutur. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə gənclərin yüksək təhsil alması üçün bütün imkanlar yaradılıb. Qəbul imtahanlarında gənclərin yüksək nəticələr qazanması da bu reallığın ifadəsidir.

Dünyada pandemiya ilə əlaqədar yaranmış bir sıra çətinliklərə baxmayaraq, ölkəmizdə təhsil infrastrukturunun təkmilləşdirilməsi və təhsil sisteminin müasirləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirildiyini qeyd edən təşkilat sədri gənclərə bildirib ki, siz dövlətimizin təhsilə və tələbələrə olan qayğısından daha da faydalanaraq peşəkar kadr kimi formalaşmaqla respublikamızın və xalqımızın inkişafına dəyərli töhfələrinizi verməlisiniz. Bu müqəddəs yolda hər birinizə uğurlar arzulayıram".

Görüşdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova çıxış edərək gəncləri qazandıqları uğur münasibəti ilə təbrik edib, gənclərə gələcək işlərində yeni-yeni naliyyətlər arzu edib.

Görüşdə çıxış edən gənclər ölkəmizdə gənc nəsil üçün yaradılan geniş və hərtərəfli şəraitə görə Respublika Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər. Ölkəmizin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının rolunun son dərəcə böyük olduğunu qeyd edən gənclər dövlətin və partiyanın gənclərə göstərdiyi diqqətə təhsildə qazanacağı uğurlar və savadlı mütəxəssis olaraq vətənə layiqli xidmət edəcəkləri ilə cavab verəcəklərini bildiriblər.

Görüşün sonunda yüksək nəticə göstərmiş gənclərə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən hədiyyələr verildi, xatirə şəkilləri çəkilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə