“Çıraqqala”ya meşənin içindən piyadalar üçün yol salınıb RƏSMİ

Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsinin 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılıb. SİA-nın məlumatına görə, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib.

Onun sözlərinə görə, həmçinin bürclərarası qala divarları da bərpa-konservasiya olunub:"Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa işlərinə ötən il başlanılıb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılmışdır. Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb".

Qeyd edək ki, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin keçən ilin mart ayında imzaladığı sərəncama əsasən həyata keçirilməkdədir. Ötən müddət ərzində bərpa-konservasiya işlərinə start verilmiş və bərpa üzrə zəruri tədbirlər görülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...