Eldar Həsənovun növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsi ilə bağlı qərardan apellyasiya şikayətinə baxılıb.

SİA-nın məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb. Məhkəmənin qərarı ilə növbəti məhkəmə prosesi sentyabrın 22-nə təyin edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılsa da, məhkəmə vəsatəti təmin etməyib.

E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...