"İsraildə Azərbaycan Evi"nin rəhbəri şəhər merindən təşəkkürnamə aldı

İsrailin Akko şəhərində fəaliyyət göstərən "İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexemiya Şirin Mixaeli şəhər meriyasının təşəkkürnaməsinə layiq görülüb. SİA-nın xəbərinə görə, təşəkkürnamənin təqdim olunması zamanı Akko şəhərinin meri Şimon Lankri bildirib ki, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri cəmiyyətə bəxş etdiyi töhfələrə görə mükafatlandırılıb. "Nexemiya Şirin Mixaeli və Qafqaz Yəhudiləri Birliyinin sədri Pavel Yelizarov kimi milli səviyyəli liderlər sayəsində Azərbaycan Dağ Yəhudiləri İcması günü-gündən güclənir", - deyə mer vurğulayıb.

Tədbirdə çıxış edən Nexemiya Şirin Mixaeli və Pavel Yelizarov fəaliyyətlərinə verilən yüksək qiymətə görə şəhər meriyasına minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycan Dağ Yəhudiləri İcması ilə meriya arasındakı əməkdaşlıq əlaqələrindən məmnun olduqlarını qeyd edərək, gələcək planlarından bəhs ediblər.

Görüşün sonunda Nexemiya Şirin Mixaeliyə təşəkkürnamə və gül dəstəsi təqdim olunub, şəhər meri ilə xatirə şəkli çəkilib.

Qeyd edək ki, İsrailin Akko şəhərinin meri Şimon Lankri Azərbaycanda səfərdə olub. İsrailin ölkədəki 20 minlik yəhudi icmasına səmimi münasibətdə Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini, Azərbaycanın əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi olduğunu nəzərə çatdıran mer Dağlıq Qarabağ münaqişəsində Azərbaycan xalqının tərəfində olduğunu bəyan edib. Şimon Lankri bu mövqeyini Ermənistanın 12 iyul hərbi təxribatları zamanı da bir daha diqqətə çatdırıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...