“Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilir-YENİLƏNİB

“Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilir-YENİLƏNİB

Bakıda "Qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü ilə baş tutub. Konfransın açılış mərasimində çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib ki, media və fikir azadlığı ATƏT-in əsas prinsiplərindən biridir: "Diffamasiyanın dekriminallaşdırılması hər zaman ATƏT-in Bakı ofisinin əsas prioritetlərindən biri olub və bu gün biz Azərbaycan Mətbuat Şurası ilə birlikdə belə bir konfrans keçirməklə bu təşəbbüsə dəstək verməkdə şadıq".

ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç isə çıxışında ATƏT-in Azərbaycan hökumətinin diffamasiyanın dekriminallaşdırılması istiqamətində atdığı addımları alqışladığını və bu addımı yüksək qiymətləndiridiyini söyləyib: "Təəssüflə bildirmək istərdim ki, ATƏT-ə üzv 56 ölkədə söz azadlığı sahəsində vəziyyət o qədər də ürəkaçan deyil. "Diffamasiyanın dekriminallaşdırılması təşəbbüsü Azərbaycanla əməkdaşlıq üçün gözəl nümunədir. Eyni zamanda jurnalistlərə təzyiqlər də yolverilməzdir. Jurnalistlər də digər peşə sahibləri kimi öz peşələrinə görə məsuliyyət daşımalıdır. Bəli, sözsüz ki, onlar peşəkar olmalıdırlar, amma jurnalistləri peşə fəaliyyətinə görə həbs etmək olmaz. Rəsmi şəxslər də jurnalistlərə qarşı tolerant münasibət bəsləməlidir. Hər bir ölkə unikaldır və bu kimi problemlərin həlli üçün zaman tələb olunur".

Siyasətçilərin jurnalistlərə təsir göstərməsinin xoşagəlməz hal olduğunu bildirən Dunya Miyotoviç belə halların aradan qaldırılmasına çağırıb: "Biz diffamasiyanın dekriminallaşdırılması üçün çalışırıq. Korrupsiya və cinayətlə bağlı araşdırmalar aparılan zaman jurnalistlərə təzyiq olması yolverilməzdir. Heç kim və heç bir qurum jurnalistlərə nəyi və necə yazmaqla bağlı göstəriş verə bilməz". Daha sonra ATƏT nümayəndəsi həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşdüyünü və buna şərait yaratdığına görə hökumətə minnətdarlığını bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov isə çıxışında bildirib ki, son illər ərzində mediada daha plüralist atmosfer formalaşıb. Lakin onun sözlərinə görə, "Diffamasiya haqqında" qanunun qəbulu jurnalistləri məsuliyyətdən azad etməyəcək: "Bəziləri düşünürlər ki, diffamasiya haqqında qanunun qəbul olunması jurnalistləri bütün məsuliyyətdən, insanların şərəf və ləyaqəti ilə bağlı yazdıqları materiallara görə məsuliyyətdən azad edir. Amma bu, qətiyyən belə deyil. "Diffamasiya" haqqında qanun jurnalistlər, jurnalist təşkilatları qarşısında ciddi məsuliyyətlər yaradır. Bundan sonra jurnalistlər daha məsuliyyətli olmalıdırlar, media qrupları və onlara rəhbərlik edən şəxslər öz mətbu orqanlarına daha məsuliyyətlə yanaşmalıdırlar. Eyni zamanda, jurnalist təşkilatları jurnalistlərin peşəkarlığının artırılması istiqamətində ciddi işlər görməlidirlər".

PA rəsmisinin sözlərinə görə, jurnalistlərin öz fəaliyyətlərinə peşəkar yanaşması təmin edilməsə, cəmiyyətdə jurnalist və vətəndaş qarşıdurması, jurnalist və digər strukturların qarşıdurması davam edəcək: "Elə jurnalistlər var ki, əvvəl yazır, sonra yazdıqları barədə düşünürlər. Bu qanunun qəbulu jurnalistlər və media strukturlarının üzərinə böyük məsuliyyət qoymuş olacaq. Kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin peşəkarlıq təcrübəsinin artırmaq çox vacibdir".

ATƏT-in Baş ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter isə çıxışında bildirib ki: "Hər bir jurnalist öz fəaliyyətində dövlət atributlarına hörmətlə yanaşmalıdır. Heç bir halda dövlət atributlarının təhqirinə yol vermək olmaz". O, belə hallarda jurnalistin və onun təmsil etdiyi KİV-in cəza sanksiyalarına məruz qala bilməsini vurğulayıb: "Ümumiyyətlə, heç bir halda heç kim təhqirə məruz qalmamalıdır".

Qeyd edək ki, tədbirdə əsas müzakirə mövzusu təşkilatçı qurumların diffamasiya ilə bağlı hazırladıqları qanun layihəsidir. Konfransın gündəliyinə həmçinin "İfadə azadlığının təmin edilməsində qanunvericilik islahatlarının əhəmiyyəti", "Media və ifadə azadlığını müdafiə" mövzusunda məruzələr və məsələ ətrafında müzakirələr daxil edilib. Konfransda Ombudsman Elmira Süleymanova, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq ekspertlər iştirak edirlər. Konfrans işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə