Azərbaycançılıq ideologiyasının əsas mahiyyəti

Azərbaycançılıq ideologiyasının əsas mahiyyəti

"Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər..."

Heydər Əliyev

Hər şey 90-ci illərin əvvəlində başladı. Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda ideoloji boşluq yarandı. Boşluqdan məharətlə istifadə edən qlobal dairələr Azərbaycanda zərərli dini və etnik ideologiyaların sürətlə yayılması üçün öz planlarını, layihələrini həyata keçirməyə başladılar. Xaricdən cəmiyyətimizə yad ideologiyaların təsiri gücləndi. Bir çox siyasi, sosial, etnik, dini və sair ideoloji konsepsiyalar cəmiyyətdə parçalanma yaratmağa hesablanmışdı. Mövcud hakimiyyətin isə buna qarşı aydın konsepsiyası, qarşısını almaq üçün düşünülmüş siyasəti olmadığı üçün proses daha da sürətləndi. Bu səbəbdən də monolit cəmiyyət parçalanmağa başlamış, insanlar, əsasən də gənclər müxtəlif dini, etnik, siyasi təşkilatlara üz tutaraq bu qüvvələrin planlarını həyata keçirilməsi yolunda alətə çevrilmişdilər. Bu vəziyyət az qala vətəndaş müharibəsinə gətirib çıxaracaqdı. Lakin…

Bu çirkin prosesin qarşısında dura biləcək şəxsiyyət var idi…

Ölkədə idarəetmənin biabırçı səviyyədə olduğunu, dövlətin dağılmağa doğru getdiyi görən xalq özü məsələyə qarışdı. 1993-cü il oktyabrın 16-da ölkənin tanınmış ziyalıları "Səs" qəzeti vasitəsilə dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevə müraciət ünvanladı. Ümummili lider xalqın çağırışına cavab verməyə bilməzdi…

Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkədə vətəndaş müharibəsinin və etnik seperatizmin yayılması planlarının qarşısını aldı, cəmiyyəti parçalanmaqdan xilas etdi. Ümummilli lider Azərbaycanda xalqın birliyinə nail olmaq üçün ortaya yeganə düzgün ideoloji konsepsiyanı- özünün yaratdığı Azərbaycançılıq ideologiyasını qoydu. Dövlət bu istiqamətdə optimal daxili siyasət həyata keçirdi. Bununla da cəmiyyətdə zərərli qütbləşməyə son qoyuldu, xalqımız və ölkəmiz vahid ideologiya əsasında inkişaf etməyə başladı.

Heydər Əliyevdən sonra bu siyasət onun layiqli davamçısı, xalqın etimadını qazanmış İlham Əliyev tərəfindən davam etdirildi. Beləliklə də xalqımız və ölkəmiz zamanın təlatümlü dövrlərini vahid ideoloji baza əsasında ləyaqətlə keçdi və bugünki inkişaf səviyyəsinə gəlib çatdı.

Məhz həmin siyasətin davam etdirilməsi ölkəmizin, xalqımızın mənəvi dəyərlərini, milli mədəniyyətini qoruyub saxladı, həm də müasir dünyaya inteqrasiyasını sağlam təməllər üzərində formalaşdırdı.

Azərbaycançılıq ideologiyası nəyə əsaslanır?

Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, yalnız Azərbaycançılıq, respublikada yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, vətəndaş həmrəyliyi, vahid mənəvi dəyərlərin qorunması, ümumi tarix və mədəniyyət, ümumi ünsiyyət dili etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya Ümumi Vətənin qurulmasına öz töhfəsini verməyə kömək edəcək.

Azərbaycançılıq ideologiyası əsasında Azərbaycanda vətəndaş dövləti yaratmağın qısa tərifini belə vermək olar - Azərbaycan üçün vətəndaş cəmiyyəti elə bir sosial mühitdir ki, orada bütün sosial və etnik qruplar dinc yanaşı yaşayır, özlərini ölkənin siyasi və iqtisadi inkişafında, birgə yaşayış mədəniyyətinə malik olan bərabərhüquqlu vətəndaşları kimi hiss edirlər.

Ümummilli liderin “Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər” tezisi təkcə etnik cəhətdən azərbaycanlı kimi doğulanlar üçün deyil, həm də etnik bağlılığı olmadığı halda bu ölkənin bütün vətəndaşları üçün aktualdır. Bu səbəbdən də, Azərbaycan həm dünyanın müxtəlif ölkələrində yaşayan etnik olaraq bütün azərbaycanlıların, həm də Azərbaycanda yaşayan bütün fərqli etnik mənsubiyyətə malik vətəndaşların Vətəninə çevrilib.

Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir.

Qlobal xəstəliklərə qarşı milli dərman

Bəzi qlobal qüvvələr ölkəmizdə yad ideologiyaların təsirinin güclü olması üçün müvafiq işlər həyata keçirirlər. Bunun üçün isə Azərbaycanda fəaliyyət göstərən bəzi QHT, KİV orqanlarından, bəzi ictimai xadimlərin imkanlarından istifadə edirlər.

Azərbaycanda əhalinin siyasi mövqeyini formalaşdırmağa cəhd edən yüzlərlə KİV və QHT var. Belə media orqanları idarə olunduqları xarici mərkəzlərdən gələn tapşırıqla onların maraqlarına cavab verən məsələlərdə xalqı səhv yönləndirməyə çalışırlar. Yəni, hər hansı bir məsələyə münasibətdə Azərbaycanın maraqları arxa plana atılır. Başqa dövlətlərin maraqlarından informasiya yayılır.

“Beşinci kolon” kritik situasiyalarda öz fəaliyyətini daha da gücləndirir, Bu məqsədlə Qərb dairələri dini və etnik cəmiyyətləri, həmçinin siyasi qüvvələri qızışdırmağa cəhd edir, onların əli ilə ölkədə vəziyyəti gərginləşdirməyə çalışırlar.

Bəzi siyasətçilər kritik situasiyalarda hətta, aşkar şəkildə Ermənistanı müdafiə edirlər, maliyyələşdikləri və idarə olunduqları xarici dövlət ilə Azərbaycan arasında müəyyən gərginlik yarananda, o dövlətin maraqlarından çıxış edirlər.

Məsələn, ABŞ və Avropadan maliyyələşən media və QHT-lər Azərbaycan xalqında qonşu dövlətlərə qarşı nifrət yaratmağa, bu ölkələrlə münasibətləri korlamağa çalışırlar. Halbuki, Ermənistan istisna olmaqla qonşu dövlətlərlə Azərbaycanın çox yaxşı münasibətləri var və bu zəmin üzərində iqtisadi əməkdaşlıqdan tutmuş, mədəni əlaqələrə qədər böyük bir sferada dostluq atmosferi hökm sürür. Başqa sözlə, Azərbaycanın maraqları istənilən dövlətlə sülh və mehriban dostluq şəraitində yaşamağı tələb edir. Lakin xaricdən idarə olunan bəzi daxili qüvvələrin məqsədi bizim maraqlarımızı deyil, başqa dövlətlərin maraqlarını müdafiə etməkdir.

Bunu çoxları bilmədən, anlamadan edirlər. Bəziləri isə bilərəkdən edirlər. Lakin xoşbəxtlikdən belə şəxslərin, təşkilatların və medianın dövlətimizin xarici siyasətinə təsir imkanları yoxdur. Dövlətimizi idarə edən hakimiyyət son dərəcə optimal, düşünülmüş siyasət yeridir və məhz bunun sayəsində ölkəmiz və xalqımız qlobal proseslərdən zərər çəkmir.

Azərbaycanda çirkin planlar niyə alınmadı?

Adətən ölkələri necə parçalaya bilirlər? Ya etnik, ya dini, ya siyasi, ya da sosial qarşıdurmalar zəminində. Azərbaycanda bunların heç bir üçün baza yoxdur. Ölkədə elə bir mühit yaradılıb ki, etnik və ya dini ayrı-seçkilik yoxdur. Bütün dinlərin, millətlərin bu ölkədə normal yaşaması, hətta hakimiyyətin yuxarı eşalonlarında təmsil olunması üçün imkanlar yaradılıb.

Qaldı sosial məsələyə, bunun üçün də zəmin yoxdur. Azərbaycan sosial dövlətdir. Əhali dövlətin imkanlarından bəhrələnə bilir. Dövlət sosial təminata büdcənin üçdə birini ayırır. Güzəştli kateqoriya üçün mənzillər tikilir, işsizlik və yoxsulluq minimuma endirilib. Deməli, qlobal qüvvələrin əsas silahları bu ölkədə sıradan çıxarılmışdır.

Daha bir silah isə siyasi qarşıdurma ola bilərdi ki, belə bir imkan da yoxdur. Bizim cəmiyyətdə siyasi qütbləşmə dərin deyil, həm də xalqımızın siyasi savadı artıq yüksək səviyyədədir. Azərbaycanda düşünülmüş daxili və xarici siyasət, düzgün hesablanmış iqtisadi strategiya əsasında sosial dövlət kimi inkişaf edir.

Məhz Azərbaycançılıq ideologiyasının cəmiyyətdə bərqərar olması səbəbindən uzun müddətdir ki, Azərbaycanda daxili sabitlik hökm sürür. Özü də bu tendensiya qonşu ölkələrdə baş verən vətəndaş müharibələrinin, kütləvi iğtişaş və qarşıdurmaların fonunda baş verir. Azərbaycan cəmiyyəti isə belə təhlükələrdən sığortalanmışdır. Çünki vətəndaşlar ölkə hakimiyyətinin daxili siyasəti stabil və normal olaraq həyata keçirdiyinin fərqindədirlər.

Adətən xarici qüvvələrin Azərbaycanla bağlı hər hansı bir planını onların ölkəmizdəki əlaltıları qloballaşma, inteqrasiya pərdəsi altında maskalamağa cəhd edirlər. Bu pərdə altında yad dəyərləri, yad ideologiyaları cəmiyyətimizə yeritmək istəyirlər.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında qloballaşmanın pərdəarxasını açıq şəkildə göstərir və Azərbaycanın öz milli, mədəni, mənəvi dəyərləri əsasında, başqa sözlə Azərbaycançılıq ideologiyası əsasında inkişaf edəcəyini bildirdi. Xalqımız da son dövrlərin təcrübəsindən göründüyü kimi, öz dəyərlərini qoruyub saxlamaqda əzmlidir. Bir sözlə, dövlətin və cəmiyyətin bu məsələdə fikri yekdildir. Belə ölkəni nə daxildən, nə də xaricdən dağıtmaq mümkün deyil.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbligi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə