Tovuz rayonu Köhnəqala kənd orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı olub

Sentyabrın 15-də Tovuz rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən Ş.İ.Xətai adına Köhnəqala kənd orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən Təhsil naziri Emin Əmrullayev və Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov əvvəlcə Tovuz şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Sonra məktəb binası ilə tanışlıq olub. Məlumat verilib ki, 1980-ci ildə istifadəyə verilmiş Köhnəqala kənd orta məktəbinin binası köhnəlmiş və qəzalı vəziyyətə düşmüşdü. Məktəbin 624 şagird yerlik yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Bina 2 mərtəbəli 4 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib. Məktəb binasında 27 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası da var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Tovuz şəhəri A.Qasımov adına tam orta məktəbin əsaslı təmirdən sonra açılışı zamanı isə diqqətə çatdırılıb ki, məktəb binası 90 il bundan əvvəl tikilmişdi və qəzalı vəziyyətdə idi.

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 624 şagird yerlik yeni məktəb binası sentyabrın 15-də istifadəyə verilib. Məktəb 3 mərtəbəli tədris korpusundan, idman zalından ibarətdir. Zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. 21 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana və akt zalı, məktəbin ərazisində idman zalı var. Məktəbin həyətyanı ərazisində abadlıq, yaşıllaşdırma işləri aparılıb.
Daha sonra Tovuz rayonu Dondar Quşçu kənd tam orta məktəbinin əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi olub.

Məlumat verilib ki, 1984-cü ildə orta məktəbin inşa olunmuş 2 mərtəbəli binası ötən illər ərzində fiziki köhnəlmişdi.
Heydər Əliyev Fondu tərəfindən 620 şagird yerlik məktəbin təmirinə 2019-cu ilin sonlarında başlanılıb. Təmir işləri 2020-ci ilin avqust ayında yekunlaşıb. Məktəbin ümumi ərazisi 1,5 hektar sahəni əhatə edir.
İkimərtəbəli məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı və idman zalı var. Məktəb otaqları zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə