Naxçıvan səmasını Azərbaycan və Türkiyə bayraqları bəzəyib - FOTOLAR

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Naxçıvan şəhəri üzərində birgə uçuşları təşkil olunub. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Mustafa Günhan, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını, Türk şəhidləri abidəsini və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.

Helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları nümayiş etdirilib. Bu zəfər bayramında ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” dahi kəlamının fəlsəfəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərir.

Qeyd edək ki, ötən günlərdə birinci mərhələsi keçirilən “Sarsılmaz qardaşlıq-2020” Azərbaycan-Türkiyə birgə təlimi və sentyabrın 15-də təşkil olunan uçuşlar Azərbaycan və Türkiyə qardaşlığının, hərbi birliyinin növbəti nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə