Prezident İlham Əliyev: "Bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər"
Artıq sentyabrın 15-dən orta və ali təhsil ocaqlarında yeni ilin tədris dövrü start götürdü. Ötən illərdən fərqli olaraq, bütün dünya ölkələri pandemiya bəlasına qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda belə təhsil infrastrukturunun inkişafı daim dövlətin və dövlət başçısının diqqət mərkəzində olub. Bütövlükdə, yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 47 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə modul tipli məktəbdir. İlin sonuna kimi Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 100-ə yaxın məktəb binası şagirdlərin istifadəsinə veriləcək, onlardan 60-ı modul tipli məktəbdir. Ümumiyyətlə, təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Son 17 ildə Azərbaycanda dövlətin və Heydər Əliyev Fondunun xətti ilə 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları və tapşırıqları əsasında təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 2020-ci ilin sonuna qədər 98 ümumtəhsil məktəbi – 60-ı modul tipli olmaqla məktəblilərin ixtiyarına veriləcək. Ümumilikdə 2016-cı ildən başlayaraq 293 modul tipli məktəb Azərbaycanda inşa edilib. Bu, innovativ layihədir, çünki bu layihələr Azərbaycanın ən ucqar yerlərində belə məktəb infrastrukturunun yaxşılaşmasını birbaşa nümayiş etdirir. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və bunun tamamlanması, Prezidentin müvafiq tapşırığına müvafiq olaraq, 2021-2022-ci ildə başa çatmalıdır. Bu, analoqu olmayan bir faktdır. Dünyanın heç bir yerində belə qısa vaxt ərzində bu qədər məktəb inşa edilməyib.
Tarixi müraciət – Gənclərin həyat proqramı
Yeni dərs ili şagird və tələbələrin yaddaşında tarixi bir gün kimi qalacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllimlərə, tələbələrə və şagirdlərə müraciət edib. Bu müraciəti hər bir gəncin həyat proqramıdır. "Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır". Bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyib.
"Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir", - deyə dövlət başçısı qeyd edib.
Dövlət başçısı müasir dünyada hər bir ölkənin uğurlu inkişafı onun intellektual potensialı müəyyən edəcəyini deyib: "Müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına".
Dövlətimizin başçısı deyib ki, bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.
Prezident: "Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir"
"Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi". Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində bildirib ki, bu pandemiya təhsil sahəsinə mənfi təsir göstərməmişdir.
Dövlət başçısı müraciətində deyib: "Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər".
Prezident: "Gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir"
"Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər". Bu fikirləri Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində yer alıb. "Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək", - deyə dövlətimizin başçısı müraciətində qeyd edib. Dövlət başçısı müraciətində bildirir ki, Azərbaycan müstəqil ölkə kimi, böyük uğurlara imza atmışdır: "Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik".
Dövlətimizin başçısı deyib: "Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır".
Sonda dövlət başçısı bir daha əmin olduğunu bidirərək gənclərimizin Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklərini bildiridi və uğurlar arzuladı: "Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB