Prezident İlham Əliyev: "COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır"
Bu gün dünyanın əsas bəlası, eyni zamanda, mövzusu olan koronavirus pandemiyası həm də yeni təcrübələr yaratdı. Belə vəziyyətlərdə ilk şərtlərdən biri panikaya məğlub olmamaq, bəlanın miqyasını real qiymətləndirmək, çevik idarəetmə ilə operativ və düzgün qərarlar qabul etməkdir. Dünyanın yeni bəlası qapını döyəndə Azərbaycan rəhbərliyi də məhz belə etdi. Qəbul edilmiş çevik qərarlarla mübarizə tədbirlərinə başlanıldı, xəstəxanalar hazır vəziyyətə gətirildi. Koronavirusla mübarizədə bir sıra qabaqcıl ölkələrin xəstəlik qarşısında necə aciz qaldığının şahidi olduq. Yoluxma sayının kəskin çoxalması səbəbindən xəstələri yatırtmaq üçün xəstəxanalarda çarpayı yeri çatmadığından, xəstələr yerlərdə qalırdı.
Ölkəmizdə də belə vəziyyətin yaranmaması üçün, hökumət tərəfindən vaxtında zəruri addımlar atıldı. Həyata keçirilən tədbirlər sayəsində xəstəxanalarda xəstələri qəbul etmək imkanları xeyli genişləndirildi. Hazırkı şərtlərdə koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanı müsbət göstəricilərə malik ölkələr sırasında qeyd etmək olar. Daha yaxşı nəticə üçünsə cəmiyyətin qoyulmuş qaydalara, karantin və xəstəlikdən qorunma təlimatlarına əməl etməsi vacibdir. Çünki pandemiya göstərdi ki, ölkələrin bu xəstəliyə qarşı effektiv mübarizəsi həm dövlət qurumları, həm də vətəndaşların səfərbərliyindən keçir.
Pozitiv tendensiyanı qoruyub saxlayaq, məsuliyyətli olaq
Bu gün ölkəmizdə müsbət dinamika ölkə Prezidenti İlham Əliyevin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edilib. Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması qürurvericidir. Bu artıq danılmaz gerçəklikdir ki, təhlükəli virusun ram edilməsi, lokallaşdırılması, nəzarət altına alınması elə də asan məsələ deyil. Amma müəyyən tədbirlərlə bunun qarşısını almaq mümkündür. Unutmayaq ki, çox sadə qaydalara əməl etməmək min bir bəhanə ilə qaydaları pozmaq cəhdi ətrafımızdakı insanları təhlükəyə, koronovirusun cənginə sürüyür. Artıq normal həyatımıza qayıtmışıq. İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpası qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir.
Yoluxma sayı azalsa və sərt karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir. Bir balaca laqeydlik, məsuliyyətsizlik çəkilən bu qədər zəhmətin hədər getməsinə, yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalıdır. Unutmayaq ki, dövlət tərəfindən atılan bütün lazımi addımlar vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb. Bu gün isə hər bir vətəndaşın qarşısında duran əsas şərt isə əldə olunan bu müsbət dinamikanı qoruyub saxlamaqdır.
Dövlətin qətiyyətli addımları daha tez zamanda normal həyata qayıtmağa imkan verəcək
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında koronavirus pandemiyası dövründə bu sahədə görülən işlərin əhəmiyyətini bir daha nəzərə çatdıraraq bildirib: "Bu gün ölkəmizdə yeni böyük xəstəxana açılır. Bu münasibətlə sizi təbrik edirəm. İyul ayının əvvəlində həmin ərazidə birinci xəstəxananın açılışı qeyd edilmişdi. Bu açılışda mən iştirak etmişəm. O xəstəxanada çarpayıların sayı 800-dən çoxdur. Bu, ölkəmizin ən böyük xəstəxanalarından biridir. Artıq bu xəstəxanalarda COVID xəstələri müalicə alır. O gün göstəriş verdim ki, avqustun sonuna qədər həmin ərazidə daha bir xəstəxana tikilsin. Bu gün avqustun 31-də biz buna nail ola bilmişik. Bu gün açılan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində biz bu çarpayıların sayını 1500-ə qədər artıra bilərik. Bu xəstəxananın xüsusi özəlliyi ondan ibarətdir ki, burada 130 intensiv terapiya-reanimasiya yeri vardır. Əminəm ki, bu gün açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmli rol oynayacaq". Dövlət başçısı pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət aldığını, bildirərək qeyd edib ki, bu məqsədlə böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir: «Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. Bu xəstəxanalarda çarpayıların sayı 4100 səviyyəsindədir. Onu da bildirməliyəm ki, modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər. Ehtiyat variantı kimi biz ölkəmizin iki Olimpiya Kompleksini də xəstəxanalara çevirdik və orada da 300-dən 500-ə qədər xəstə müalicə ala bilər. Bütün bunlar bir daha onu göstərir ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Dövlət başçıs hazırda COVID xəstələri üçün 46 xəstəxananın fəaliyyət göstərdiyini, bu xəstəxanaların 41-nin son 17 il ərzində inşa edildiyini bildirib: "Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi. Bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin".
Səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunur
Prezident İlham Əliyev bütün görüşlərində səhiyyəyə, səhiyyə sahəsində çalışanların daima dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu bildirdi: "Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Ancaq burada əsas problem həkimlərin sayındadır. Çünki heç bir ölkə bu pandemiyaya hazır deyildi. Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə, əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən – Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər. Bir sözlə, görülən bütün bu işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır".
"Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır»,- deyən dövlət başçısı bildirib ki, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır: «Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir". Təbii ki, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Bu gün beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı dövlətin, dövlət başçısının ən əsas məsələdir.
"İnsanların sağlamlığı bizim üçün prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik"
Prezident İlham Əliyev sözügedən görüşdə çıxışı zamanı bildirdi ki, pandemiyanın ilk günlərindən insanların sağlamlığı bizim üçün prioritet məsələdir və bütün səylər bu məsələnin həllinə istiqamətləndirilir: "Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən, Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Hesab edirəm ki, dünyada mövcud olan ümumi mənzərəni nəzərə alsaq bu, yaxşı göstəricidir".
"İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir"
Dövlət başçısı bütün bu müsbət uğurların qarşısında məsuliyyətini itirmiş insanların olduğunu və belələrinə qarşı ciddi cəza tədbirlərinin görülməsini bildirib: "Əfsuslar olsun ki, bu gün hələ də bu vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar da mövcuddur və qaydaların kobudcasına pozulması halları da vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar, digər tərəfdən qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm ki, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək".
Dövlət başçısı bir daha, əminliklə vurğuladı ki, dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə və daha tez zamanda normal, adi həyata qayıdaq: «Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq».
Bir sözlə, daha yaxşı nəticə cəmiyyətin qoyulmuş qaydalara, karantin və xəstəlikdən qorunma təlimatlarına əməl etməsidir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB