15 sentyabr - Bakının işğaldan azad olunduğu gün

15 sentyabr - Bakının işğaldan azad olunduğu gün

Azərbaycan-Türkiyə: "Bir millət, iki dövlət" vəhdətinin reallıqları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev cənablarına məktub göndərib. Məktubda deyilir: "Cənab Prezident, Əziz Qardaşım. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram. Ölkələrimiz arasındakı "Bir millət, iki dövlət" şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.

Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir. Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur. Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm»".

Prezident İlham Əliyev: "Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə tərəddüdsüz öz dəstəyini nümayiş etdirir"

Azərbaycan Prezidenti İlham Əliyev Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım. Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir. Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Məhz həmin gün Bakı işğaldan azad edilərək ilk dəfə müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı. İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır.

Bu gün də Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Sizin Tovuz hadisələri ilə bağlı birmənalı bəyanatlarınızı Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycan da hər zaman qardaş Türkiyənin yanındadır və bütün məsələlərdə öz tərəddüdsüz dəstəyini nümayiş etdirir. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı regionda sülhü və təhlükəsizliyi təmin edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir.

Həqiqətən də qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Azərbaycan-Türkiyə qardaşlıq nümunəsi: Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası

Məhz bu qardaşlıq missiyası hələ 102 il əvvəl - 1918-ci ilin sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdiyi zamandan başlayıb. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Bununla da, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib. Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər Xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış «Türk Şəhidliyi» abidəsi önündə anma mərasimi keçirilir.

Bakıda möhtəşəm tarixi hərbi parad: Ordunun qüdrəti nümayiş etdirildi

15 sentyabrda Azərbaycan paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan parada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak ediblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib. Dövlət başçıları əsgərləri salamlayıblar. Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib. "Çırpınırdın Qara dəniz" və "Azərbaycan" mahnıları səsləndirilib.

Keçirilən paradda iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev paradda çıxışında bir-birinə bu qədər yaxın, bu qədər bir-birinə arxa-dayaq olan Azərbaycan və Türkiyə kimi dünyada ikinci belə nümunənin olmadığını bildirərək deyib: "Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır".

Dövlət başçısı İlham Əliyev yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakının işğalçılardan azad edildiyini bildirərək qeyd etdi ki, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik: "Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru Paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır".

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxış edərək Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu, Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini diqqətə çatdıraraq bildirib: "Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir". Türkiyə əsgərlərinin bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd etdiyini bildirən Türkiyə dövlətinin başçısı bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyini vurğulayaraq bu bayramın gələcək nəsillərə ötürəcəyimizin ən böyük ərməğan olduğunu diqqətə çatdırıb.

Tariximiz, soyumuz, mədəniyyətimiz bir olan iki dövlət kimi dəyərləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmdən xilas etmək üçün Azərbaycana gedərkən bu düşüncə ilə hərəkət etmiş və 1918-ci ildə apardığı, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da rol oynayan mübarizəsi bugünkü Azərbaycanın müstəqilliyinin təməllərinin atılmasına da töhfə vermişdir. Bununla yanaşı, Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə Türkiyənin öz problemi, orada yaşanan faciələri öz faciəsi hesab etdiyini bildirib.

Prezident İlham Əliyev: "Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür"

Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. İyul ayının sonundan Azərbaycanda başlayan genişmiqyaslı Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı – 2020" birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib. Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təcavüzü nəticəsində yaranan gərgin hərbi vəziyyətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son hücumlarını kəskin şəkildə qınadığını bildirib. Türkiyə Prezidenti qeyd edib ki, Dağlıq Qarabağın işğalından indiyədək bu bölgədə davam edən gərginliyin Ermənistanın sistemli hücumları nəticəsində müharibəyə çevrilməsindən narahatıq və sonuncu hücumlar Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla həyata keçirilib: “Heç şübhəsiz, bu hücum Ermənistanın əndazəni aşan hərəkətidir. Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmaqda davam edəcəyik...Ermənistanın Azərbaycana qarşı hücumları zamanı azərbaycanlı qardaşlarımızı tək buraxmadıq, buraxmayacağıq. Türkiyə qardaş Azərbaycana sona qədər öz dəstəyini verəcək".

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Qardaş Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Keçirilən təlimlərə hər iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezidentimiz İlham Əliyev deyib: «Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür».

Göründüyü kimi, qardaş Türkiyə ilə hərbi əməkdaşlıq baxımından perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyev: "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik"

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçımız bir daha bildirib ki, Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir: "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik". "Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz" kimi sözləri Azərbaycan açıq diplomatiyasına işarə edir. Dövlət başçımız, Ali Baş Komandanımız tərəfindən həmin görüşdə səsləndirilmiş bu sözlər hər bir azərbaycanlının qəlbindən keçir və Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.

Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yüksək səviyyəsi, hər iki dövlətin xarici diplomatiya və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar hər zaman olduğu kimi yenə də yüksək səviyyədə olacaq və tarixinin çətin sınaqlarından uğurla çıxan bu iki qardaş dövlət arasındakı münasibətlərə, əlaqələrə heç bir qüvvə mane ola bilməyib və heç bir zaman da mane ola bilməyəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə