İcra hakimiyyətinin başçısı Asxanakəran və Hamoşam nümayəndəliklərində olub - FOTOLAR
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Asxanakəran və Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində quruculuq, abadlıq işləri ilə tanış olub. Koronavirus pandemiyası ilə əlaqədar yerlərdə əhali ilə səyyar qəbul və görüşlərin dayandırılmasına baxmayaraq, sakinlərin müraciətlərinə əsasən rayonun yaşayış məntəqələrində sosial problemlərin həlli istiqamətində işlər davam edir.
Hələ ötən əsrin 60-70-ci illərində Lerik rayonu ərazisindən Asxanakəran və Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə çəkilən elektrik xəttinin istismar müddəti başa çatdığından bu kəndlərə elektrik enerjisi verilişində yaranan fasilələr əhalinin haqlı narazılığına səbəb olurdu. Problemin aradan qaldırılmasından ötrü rayon rəhbərliyi aidiyyəti qurumlarla birlikdə bu yaşayış məntəqələrinin Astara rayonundan elektrik enerjisi ilə təmin olunmasına nail olmuşdur. Bu məqsədlə Taxtanakəran kəndindən Motalayataq kəndinədək 13 kilometr uzunluğunda yeni 10 kv-luq elektrik xəttinin çəkilişi başa çatdırılmış və elektrik enerjisinin verilişinə başlanıb.
Rayon icra hakimiyyətinin köməkliyi ilə Hamoşam və Rıvadila kəndlərində Bəşərü çayı üzərində uzunluğu 12 metr, eni 4 metr olan dəmir konstruksiyalı iki avtomobil körpüsü tikilib, bu günlərdə istifadəyə verilib.
Toradi kəndində Baba Rəsul ziyarətgahına gedən avtomobil yolunda 1200 mm-lik suötürücü boru qoyularaq 350 metrlik yolda təmir işləri aparılıb, çınqıl döşənib.
Hamoşam kəndində Yaponiya səfirliyi tərəfindən inşasına başlanmış həkim məntəqəsinin tikintisi isə hazırda davam edir.
Kənd sakinləri bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə dərin minnətdarlıqlarını bildirmiş, əhalinin arzu və təkliflərinə əsasən problemlərin həllinə köməklik göstərdiyinə görə icra başçısından razılıq ediblər.
İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev koronavirus pandemiyası dövründə yaranmış çətinliklərə baxmayaraq bütün ölkədə olduğu kimi rayonumuzda da sosial layihələrin icrasının davam etdiyini bildirib. Kənddə həyata keçirilən quruculuq, abadlıq işlərində iştirak edən sakinlərə minnətdarlıq edib.
İcra başçısı ölkə iqtisadiyyatının ahəngdar inkişafının təmin edilməsi üçün sahibkarlara, iş adamlarına dövlət tərəfindən böyük dəstəyin olduğunu, eyni zamanda, aztəminatlı ailələrin geniş sosial paketlə əhatə edildiyini qeyd edib. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, qabaqlayıcı tədbirlər nəticəsində xəstəliyin geniş yayılmasının qarşısının alındığını, bütün bunların insanların sağlamlığının qorunmasına xidmət etdiyini bildirib. Dünyanın ən güclü dövlətləri bu xəstəliklə mübarizədə böyük itkilər verdiyi halda, Azərbaycan xalqı və dövləti cüzi itkilərlə bu təhlükəni adlamaqdadır.
Buna baxmayaraq arxayınlaşmamalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət edilməsinin vacibliyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB