Türkiyə xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçməyə bu gün də hazırdır Namık Kamal Yıldırım

Türkiyə xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçməyə bu gün də hazırdır Namık Kamal Yıldırım

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının işğalçı qüvvələrdən azad edilməsi Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini dünyaya nümayiş etdirdi. Bu, bizim birliyimizin, gücümüzün bariz göstəricisidir. Bu tarix yaxın keçmişdə də təkrarlandı, bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığına və birliyinə şahid oldu. İki ölkə arasında əsrlərə dayanan dostluq və qardaşlıq əlaqələri tarixin bizim üzərimizə qoyduğu ən böyük vəzifədir. Bu sözləri Türkiyənin “Can Azərbaycan” media şirkətinin qurucusu və rəhbəri Namık Kamal Yıldırım deyib.

Zəngin neft yataqları ilə məşhur olan Bakının 1900-cü illərin əvvəllərindən işğalçı və imperialist qüvvələrin əldə etmək istədikləri ən vacib şəhərlərdən biri olduğunu vurğulayan müsahibimiz deyib: “1917-ci ildə baş vermiş bolşevik çevrilişini fürsət bilən işğalçı ermənilər bolşevik dəstələri ilə birgə Bakını ələ keçirə bildilər. Lakin əsrlərdən gələn Türkiyə-Azərbaycan qardaşlığı burada da, sözün əsl mənasında, özünü büruzə verdi. Türkiyənin öz sərhədləri xaricində ən çox şəhid verdiyi ölkə də məhz Azərbaycandır. Hazırda Azərbaycanın müxtəlif bölgələrində Türkiyə türklərinin şəhid məzarlarına rast gəlmək olar. Onlar Türkiyədə doğulmalarına baxmayaraq, ikinci vətənlərində - Azərbaycanda əbədiyyətə qovuşublar. Bir söz var, deyirlər “Bir ölkənin sənin yurdun olduğunu anlamaq üçün oradakı məzar daşlarına bax”. Qədim türk yurdu olan Azərbaycanın isə hər türkün qəlbində xüsusi yeri var. 1918-ci ildə olduğu kimi, bu gün də Türkiyə xalqı bir nəfər kimi Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçməyə hazırdır. Başda prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev olmaqla yaşasın əbədi Azərbaycan-Türkiyə qardaşlığı!”.

Bütün xəbərlər Facebook səhifəmizdə