İşğalçılığı təsdiqlənən Ermənistan…

İşğalçılığı təsdiqlənən Ermənistan…

Məsuliyyətsiz, avantürist Paşinyanın işğalçılıq siyasəti məşəqqətlərə düçar edəcək

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal altında saxlamaq ölkədə vəziyyəti gündən-günə çətinləşdirir. İş o yerə çatıb ki, Ermənistan hakimiyyəti Livandan qaçqın düşən ermənilərin mal-mülkünə və puluna möhtac qalıb. Rəsmi Yerevan özünü himayədar və humanist göstərmək üçün Ermənistana sərmayə qoyacaq Livandan olan ermənilərin vergidən azad edilməsi barədə qanun qəbul etməyə hazırlaşır. Bunun yerli iş adamlarının narazılığına səbəb olacağı istisna edilmir. Çünki belə bir qanunun qəbul olunması iş oğru, diktator və işğalçı olduğunu təsdiqləyir.

Bir çox erməni ekspertlər yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalırlar. Onlar həmçinin hesab edirlər ki, mövcud durumda Azərbaycanın hərbi güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməsi problem olmayacaq: "Əgər ermənilər torpaqları geri vermək istəməsələr, Azərbaycan hərbi yolla bunu edəcək".

Artur Danielyan: "Torpaqları geri verməsək, Azərbaycan bunu hərbi yolla edəcək, Paşinyan pat vəziyyətindədir"

Erməni politoloq Artur Danielyan bildirib ki, Paşinyanın öz ölkəsini bataqlıqdan çıxarmaq üçün nə konkret proqramı, nə də "Yol xəritəsi" var. Nə etməlisən: "Torpaqları geri verməsək, Azərbaycan bunu hərbi yolla edəcək, Paşinyan pat vəziyyətindədir. Amulsar mədəninin istismarı probleminə gəlincə, bu, Qərbin Nikol Paşinyanı dalana salmaq yönündə ikinci cəhdidir. Paşinyan uçun artıq pat vəziyyəti yaranıb: indi o, həm Qarabağ məsələsində, həm də mədən məsələsində güzəştə getməli olacaq. Əgər o, Amulsar mədəninin istismarına icazə verməyə çalışsa, o halda onun üçün fiziki təhlükəsizlik problemləri yaranacaq, çünki öz mübarizə metodlarına heç bir məhdudiyyət qoymayan «Sasna Tsrer» terror aktlarını davam etdirəcək. Artıq Ermənistanda xalq küçə yürüşlərinə çıxaraq onun istefasını tələb edir. Beləliklə, fakt budur ki, artıq ox yaydan çıxıb və Nikol Paşinyan tərəfə istiqamət götürüb. Avanturist Ermənistanın baş nazir yenə də yalan vədlərindən əl çəkmir. Belə ki…

Paşinyanın xalqa 2050-ci il vədləri və ya 31 il də gözləyin…

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə tüğyan edən işsizlik, sosial problemlər, iqtisadi böhran fonunda əhalini şirnikləndirməyə cəhd edir. Fakt budur ki, Ermənistanın hökumət başçısı ölkəyə investisiya cəlb edə bilmir, bu isə demoqrafik böhranı daha da dərinləşdirir. Ölkədə işsizlik səviyyəsinin yüksəldiyi bir zamanda xalq gözünü xarici investorlara dikib, amma dünya şirkətləri Ermənistanı investisiya qoyuluşu üçün etibarlı ölkə hesab etmir. Bu yaxınlarda N.Paşinyan ölkənin xaricdəki səfirləri ilə keçirdiyi görüşdə də erməni diplomatlara qəzəblənib. O deyib ki, Ermənistanın xaricdəki səfirləri ölkəyə investorlar cəlb edə bilmirlər.

Digər sahələr kimi investisiya mühitinin də uçurumda olduğu bir zamanda N.Paşinyan ötən ay «Ermənistan 2050 - İnkişaf Strategiyası» adlı konsepsiya açıqladı. Burada qeyd edilən məsələlərdən biri də əhalinin artımının təmin edilməsidir. Belə ki, N.Paşinyan 2050-ci ildə əhalinin sayının beş milyon nəfər olacağını deyib. Bu vəd isə ekspertlər və müxalifət funksionerləri tərəfindən qeyri-ciddi qiymətləndirilir.

N.Paşinyan demoqrafik vəziyyətlə bağlı nə qədər optimist fikirlər irəli sürsə də, BMT öz proqnozları ilə bunu alt-üst edir. Belə ki, BMT-nin İqtisadi və Sosial Münasibətlər Departamentinin əhali bölgüsü haqqında açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı təxminən 2 milyon 397 min nəfər olacaq. Birləşmiş Millətlər Təşkilatı hesab edir ki, Ermənistanda əhali sayı ən nikbin halda üç milyona yaxınlaşa bilər. BMT proqnozlaşdırır ki, 2015-2020-ci illər ərzində hər min nəfərə düşən təbii artım 14.5 olduğu halda, 2045-2050-ci illərdə bu rəqəm 9.6-ya enəcək. 2045-2050-ci illərdə hər min nəfərə düşən ölüm sayı isə ən yaxşı halda 9.7-dən 11.3-ə, ən pis proqnoza görə isə 13.9-a qədər qalxacaq.

Proqnozlara görə, 2020-2050-ci illərdə 0-14 və 15-64 yaş qruplarının sayında ciddi azalma baş verməsi fonunda, 64 və yuxarı yaş qruplarında artım yaşanacaq. Bu da əhalinin getdikcə qocalmasına və əmək qabiliyyətli kütlənin xeyli azalmasına yol açacaq. Bütün bunlar isə ölkədə orduya aparılan insan resuslarınnı olmamasında ən böyük problem yaratmaqdadır.

Levon Şirinyan: "Ermənistanı bütün sahələrdə çox ağır günlər gözləyir"

Ekspert Levon Şirinyan açıqlamasında bildirib ki, Ermənistanı çox ağır günlər gözləyir: "Artıq neçə ildir ki, hamı mühacirətdən danışır. 20 ildən sonra əldə olunmuş müasir silahları kim tətbiq edəcək? Ona görə də Ermənistan hakimiyyəti ya nəyisə dəyişməlidir, ya da yerlərini gənc kadrlara verməlidir". N.Paşinyanın demoqrafiya strategiyası ilə bağlı çıxışını demoqraf Artak Markosyan konkret faktlarla ifşa edib. Ekspertin hesablamalarına görə, 2020-ci ilin ilk altı ayında ölkə əhalisi 3,7 min nəfər azalıb: "Son vaxtlar ölkəni tərk edənlər Ermənistan pasportundan imtina edərək, yaşadıqları ölkənin pasportuna üstünlük verir".

Beləliklə, bütün bunlar Paşinyan və Paşinyandan əvvəlki sələflərinin yürütdükləri işğalçılıq siyasətinin nəticələridir. Yəni işğalçılıq siyasəti, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Yerevanın sərgilədiyi qeyri-konstruktiv mövqe Ermənistanı regional və beynəlxalq layihələrdən kənarda saxlayır. Bu isə Ermənistan iqtisadiyyatını daha da bərbad hala salır, nəticədə isə əhali arasında işsizlik və sosial böhran dərinləşir.

Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası Yerevanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.

"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"

Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bildirib ki, xarici siyasətimizdə ərazi bütövlüyümüzün təmin edilməsi prioritet istiqamətdir. Və münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirib və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan edib: "Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazi bütövlüyünü bərpa edəcək".

Qeyd edək ki, dövlət başçısı dəfələrlə xəbərdarlığını edib və bildirib ki, bu şəraitdə Paşinyan hökuməti cəbhə təxribatlarına getməyə davam edərsə, onda Azərbaycan daha sərt tədbirlər görməli olacaq. Bir məqamı dönə-dönə vurğulamaq lazımdır ki, tarixi Aprel qələbələrindən sonra Ermənistan hökumətindən fərqli olaraq bu ölkənin cəmiyyəti hadisələrin qeyd olunan səpkidə inkişafından ciddi narahatdır. Xüsusilə əsgər analarının narahatlığı və növbəti dəfə aprel döyüşlərinin təkrarlanması qorxusu erməni cəmiyyətində Paşinyana qarşı yeni etirazlara rəvac verir. Çünki bütün erməni ictimaiyyəti Azərbaycan ordusunun qüdrətinə yaxından bələddir. Və ona da yaxşı bələddir ki, Ermənistanın xilası Azərbaycanın əlindədir.

Bir sözlə acınacaqlı siyasi situasiya ilə üzləşən N.Paşinyan necə deyərlər Ermənistanı iflasdan iflasa sürükləməkdədir. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə