Bu əməlin adı nədir, səriştəsizlik, yoxsa düşmənçilik? - REPORTAJ-VİDEO

Bu əməlin adı nədir, səriştəsizlik, yoxsa düşmənçilik? - REPORTAJ-VİDEO

Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi üçün dövlət büdcəsi hesabına irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Amma...

"Əmma"sı da budur ki, bəzən yolların yenidən qurulması zamanı ya sürücüləri, ya da piyadaların, necə deyərlər ayrı-ayrılıqda maraqları nəzərə alınır, hər kəs üçün rahatlıq prinsipləri isə nədənsə unudulur.

Başlayaq yenicə təmirdən çıxmış Məzahir Rüstəmov küçəsinin acınacaqlı vəziyyətindən. Belə ki, yolda aparılan təmir işləri nəticəsində yol daraldılaraq bərbad vəziyyətə salınıb. Yeri gəlmişkən qeyd edək ki, sözügedən ərazi əhalinin sıx məskunlaşdığı yerlərdəndir. Bu isə qəzalara açıq dəvətnamədir! Pandemiyanın iqtisadiyyata zərər verdiyi bir zaman kəsiyində bu cür yarıtmaz iş kimə lazımdır? Bu açıq düşmənçilik dövlətə, yoxsa xalqa ünvanlanıb? SİA məsələ ilə əlaqədar hazırladığı reportajı təqdim edir.

Həmin ərazidə yaşayan sakini bildirir ki, mən özüm bu rayonda yaşayıram. Bu yol əvvəllər 4 zolaqlı yol idi, lakin yolu daraldaraq 2 zolaqlı hala salıblar. Yolda səkilərin qoyulması isə sürücüləri daha da pis vəziyyətə salıb. Tıxaclar və qəzalar mütəmadi hal alıb. Demək olar ki, hər gün qəza baş verir bu yolda. Aidiyyətı orqanlara dəfələrlə müraciət etsək də, məsələyə baxan yoxdur. Baş verən qəzalar barədə xəbər verib, məsələ ilə maraqlanmalarını tələb etsək də, məsələyə baxan yoxdur.

Telman Əliyev deyir ki, biz həmişə 7 saylı poliklinikaya gəlirik. Yolu bir tərəfdən digər tərəfə keçmək belə çox təhlükəli hal alıb. Yol o qədər daralıb ki, avtobusların dayanması üçün yer yoxdur. Yolda iki avtobus yanaşı dayandıqda keçməyə, həmçinin avtobuslara sərnişinlərin daxil olması və avtobusdan düşməsi üçün yer qalmır. Səkilərə fikir versəniz görərsiniz ki, burada həqiqətən də hər gün nə qədər qəza baş verir. Bu yol başdan-ayağa təhlükədir.


Xətai sakini Rahib Bayramov söyləyir ki, bu yolu çəkənlər nəyə xidmət edir? Bu yolda hər gün qəza baş verir. Burada hər axşam baş verən qəzaları öz gözlərimlə müşahidə edirəm.

Rayon sakini bildirir ki, Qaçaq Nəbi 5A ünvanında yaşayıram. Yolların bu hala salınmasından çox narazıyıq. Xüsusən kəsişmələrdə yolu daraltdıqları üçün sağ zolaqla gedərkən qarşısınıza səki çıxır. Məcbur olub qarşı hərəkət solağına keçirsən. İnzibati Xətalar Məcəlləsində göstərilir ki, yol ayrıcına 5 metr məsafə qaldıqda avtomobil saxlamaq olmaz. Yolun bu hala salınması ilə onlar qaydaları da pozublar, çünki döngələrdə yolu daraldıblar. Bu yolda hər gün qəzalar baş verir. Biz bilmirik bu yolu kim, hansı standartlara uyğun salıb. Xahiş edirik ki, adiyyatı qurumlar tədbir görsünlər.

Ərazidəki taksi sürücüsü isə bildirir ki, hər gün burada qəza baş verir. Yolu genişləndirmək əvəzinə daraltmaq harada görülüb? Bir sürücü kimi çox əziyyət çəkirik. Adiyyatı qurumlardan məsələyə biganə qalmamağı xahiş edirik.

Məsələ ilə əlaqədar SİA-ya açıqlama verən ekspert Ərşad Hüseynov bildirib ki, Bakı şəhərində, xüsusən də Xətai rayonunda bir neçə küçədə belə hərəkətin yenidən təşkil olunması, küçələrin dizaynının dəyişdirilməsi işləri görülüb. İdeyanın əsası piyadaların təhlükəsizliyinin təmin olunmasıdır. Bu üsulla həm də, yolda hərəkət sürəti məcbur endirilir. Amma burada çox ciddi nüanslar var. Yollara bu dizaynların verilməsi sürücülərdə çox böyük narazılıqlara səbəb olub. Xeyli yol-nəqliyyat hadisələri baş verir. Düşünürəm ki, sürücülər də haqlıdırlar. Çünki bu cür yeniliklər edəndə bu yeniliklər üçün ilk növbədə zəmin yaradılmalıdır. İlk növbədə ümumi nəqliyyat ifrastrukturunda ciddi yanaşmalar olmalıdır. Bu cür yeniliyi o ölkələrdə edirlər ki, orada mükəmməl ictimai-nəqliyyat və yüksək yol hərəkəti təhlükəsizliyi mədəniyyəti var. Həmin ölkələrdə yol hərəkəti qaydalarına cəmiyyət özü tam şəkildə riayət edir, zorla yox. Belə ölkələrdə dövlətin avtomobilsizləşdirmək siyasəti var. Lakin biz hələ ora gəlib çatmamışıq. Əvvəla, bizdə ictimai nəqliyyat mükəmməl deyil, həmçinin fərdi avtomobillərə yüksək ehtiyac var. İkincisi biz yol hərəkəti qaydalarına qismən riayət edirik ki, o da bir çox hallarda cərimə qorxusu ilə olur. Bu bizim ümumi ictimai rəyimizdə formalaşmayıb. Bu cür yol dizaynını o ölkələrdə tətbiq edirlər ki, orada yaşayış ərazisindəki sürəti 40 km/saata endiriblər. Lakin bizdə bu sürət 60 km/saat-dır. Belə şəbəkələşmə isə davamlı olmalıdır. Məsələn, adi bir küçədə 60 km/saat sürətlə hərəkət edən avtomobil anidən dar küçəyə girir və bu zaman qəza halları baş verir. Lakin həmin prospektlər ardıcıl şəbəkələşərsə, eyni zamanda yuxarıda bəhs etdiyim zəmin yaradılarsa, problem yaşanmadan hərəkət təşkil oluna bilər. Vizuallığın olmaması isə ən ciddi problemdir. Hərəkətin təşkilinin bu üsullarını tətbiq edəndə yüksək səviyyədə vizuallıq, yəni görünüş tətbiq olunmalıdır. Bu məsələdə ən əsası isə cəmiyyətin yol hərəkəti qaydalarına düzgün riayət etməsidir. Ona görə də, bu kimi ideyalar xaricdə pozitiv ideya kimi qebul olunsa da, bizdə pozitiv ideya sayılmır.

Ümidvarıq ki, adiyyatı qurumlar tez bir zamanda bütün bu narazılıqlardan nəticə çıxarar və bədbəxt hadisələr baş vermədən yol əvvəlki vəziyyətinə gətirilər. Əks təqdirdə bu yolda hələ çox qəzalara şahid olacağıq. Nəzərə alsaq ki, bu yol kənarında məktəblər də yerləşir və bu təhsil ocaqları fəaliyyətə başladığı andan problem daha da böyüyəcək.

Aşağıda bu yolda baş verən qəzaların çox kiçik bir qisminin fotolarını da sizlərə təqdim edirik.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə