Bu gün 15 sentyabr Bakının işğaldan azad olunmasından 102 il keçir. Tarixin bu gününün yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq, şəhəri erməni-bolşevik işğalından azad edir. Bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib və aparılan hərbi əməliyyatlar zamanı Osmanlı ordusu 1130 şəhid verib.Tarixə nəzər salsaq, görərik ki, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılmış, mayın 28-də Azərbaycan müstəqilliyini elan etmişdi. Həmin vaxt Azərbaycan Demokratik Respublikasını (ADR) tanıyan ilk dövlət Türkiyə oldu. O zaman Bakı işğal altında olduğundan, milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edildi. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi və belə bir kömək üçün qardaş dövlətə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və Ali Baş Komandan müavini Ənvər Paşa bu xahişləri nəzərə alaraq öz qardaşı Nuru Paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.
Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı. Tarixi mənbələrdə göstərilir ki, müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi. Diqqətə çatdıraq ki, 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım və dostluq haqqında müqavilə-imzalanmışdı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olacağı halda, Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü.
Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu, həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağılasığmaz soyqırım-siyasəti həyata keçirilmişdi. 1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu, artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçmişdi. 1918-ci il sentyabrın 15-də Bakı işğalçılardan azad edildi. Şəhər uğrunda döyüşlər heç də asan getmədi. Bu döyüşlərdə mindən artıq türk əsgəri və zabiti ilə yanaşı, yerli əhali 5 mindən artıq şəhid verdi. Müsəlman Şərqinin ilk müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə yaradılan Qafqaz İslam Ordusu 2500 km yol qət edərək, mübarizəyə qoşuldu və məqsədinə nail oldu. Bakı bolşeviklərdən və erməni daşnaklarından azad edildi.
Qardaş Türkiyənin hərbi dəstəyilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılması deməkdir. Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə Şimali Azərbaycan bütövləşdi. Tarixçilərin fikrincə, əgər 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirməyi planlaşdımışdılar. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.
71 illik sovet hakimiyyəti dövründə bu hadisənin yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını unutmadı, onu qəlbində yaşatdı. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.
Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək, tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə- Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir. Qeyd edək ki, Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan, kifayət qədər çətin və mürəkkəb şəraitdə belə bir qərar qəbul edən ölkə olmuşdur. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlmiş, əbədi və dönməz xarakter almışdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB