Koronavirus pandemiyası hələ də davam edir və bu gözə görünməyən bəladan xilas olmaq və ya daha az yoluxmanın, eləcə də insan təlafatının olmaması üçün dövlət başçısı tərəfindən cox ciddi addımlar atılıb, dünya ictimaiyyətinin də diqqətin çəkən tədbirlər reallaşdırılıb. Təbii ki, tədbirlərin daha effektli olması üçün vətəndaş məsuliyyəti də başlıca şərtdir və bu, mütləqdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva bütün görüşlərdə və çıxışlarında bütün vətəndaşları böyük məsuliyyətə və nizam-intizama çağıraraq bildiriblər ki, vətəndaşlarımız karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etməlidirlər. Və Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır.
Prezident İlham Əliyev: "Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub"
Prezident onu da deyib ki, "Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik".
Bəs ölkə vətəndaşları necə? Öz üzərinə düşən məsuliyyəti dərk edirmi? Birmənalı şəkildə başa düşülməlidir ki, mübarizə üsullarında vətəndaşların da üzərinə ciddi vəzifələr düşür. Bütövlükdə cəmiyyətin gələcəyi baxımından bu, mühüm faktordur. Məsələ ondan ibarətdir ki, istənilən ölkənin iqtidarı həyata keçirdiyi tədbirlərdə o zaman daha çox uğur qazanır ki, ona cəmiyyətdən dəstək gəlsin və vətəndaşlar həyata keçirilən tədbirləri anlayışla qarşılasınlar. Bu da vətəndaş məsuliyyəti məsələsinin yeni pandemiya mərhələsində daha da aktuallaşması anlamına gəlir. Bir sıra hallarda bu məqamı hətta intellektual təbəqə də lazımi dərəcədə qiymətləndirə bilmir. Və ya qərəzli dairələr ondan süni istifadə etməyə çalışır. İnsan azadlığı anlayışını özbaşınalıq kimi, qaydalara əməl etməməyi isə sərbəstlik kimi təqdim etməyə baş vururlar, həmişə başqasını ittiham etməklə öz məsuliyyətini gizlətməyə çalışırlar. Bu cür cəhdlərin bütövlükdə cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu başa düşmək çətin deyildir.
Məsələn, polisin nəzakətlə insanlara məsafə saxlamaq və maska taxmaqla bağlı tələbinə «başqa yerdə belə qadağalar yoxdur» kimi münasibət göstərmək şəxsi məsuliyyəti dərk etməmək deməkdir. Çünki polis və ya hər hansı başqa rəsmi orqan pandemiyada tələbləri vətəndaşın sağlamlığı üçün edir. Əgər insan yaranmış vəziyyəti bu cür qiymətləndirə bilmirsə, onun vətəndaş kimi sosial həyatda üzərinə düşən məsuliyyəti tam anlaya bilmədiyi nəticəsini çıxarmaq olar. Deməli, xüsusilə pandemiya ilə mübarizənin ikinci mərhələsində vətəndaş məsuliyyəti faktoru daha çox önəm kəsb edir. Vətəndaşlar tələb olunan tibbi şərtlərə nə qədər çox əməl etsələr, müəyyən olunmuş məhdudiyyətlər çərçivəsində hərəkət etsələr, bir o qədər ümumi nəticə müsbət olar və növbəti mərhələyə keçid sürətlənər. Karantin rejiminin yumşaldılmasında dövlət qurumları ilə yanaşı, hər bir vətəndaşın, istehlakçının mövqeyi və davranışı çox önəmlidir. Əgər qaydalara əməl olunmayacaqsa, pandemiyanın yayılması arta bilər və nəticədə yenidən sərt karantin tədbirlərinin tətbiq edilməsinə gətirib çıxara bilər. Odur ki, hər birimiz qaydalara və meyarlara əməl etməklə karantin müddətinin qısaldılmasına və yoluxma saylarının azalmasına nail ola bilərik.
Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar
Ölkə Prezidenti keçirilən bütün videoformatlı müşavirə və görüşlərində bildirir ki, koronavirusa qarşı mübarizədə vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Koronavirus pandemiyasına qarşı mübarizədə qaydalara düzgün əməl olunması günümüzün ən vacib tələblərdən olmalıdır. Çünki sosial məsuliyyət hiss etmədən də əldə olunan nailiyyətə çatmaq olmaz. Xüsusi ilə, fəaliyyətinə icazə verilən iaşə obyektlərinin rəhbər şəxsləri karantin rejimi qaydalarına riayət edilməsinə birbaşa diqqət yetirməli, bu sahədə məsuliyyət hissini artırmalıdırlar: "Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın. Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq".
Doğurdan da, bugünkü məqamda ən önəmli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. Sirr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür.
"Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır"
Lakin bütün bu uğurları görə bilməyən xalqa düşmən qüvvələr isə həmişə olduğu kimi, bu dəfə də koronavirusdan yararlanmağa başlayıb. Dövlət başçısı koronavirus başlayandan radikal müxalifətin çirkin niyyətinə aydınlıq gətirərək, onları xalqa düşmən qüvvə adlandıraraq koronavirusdan yararlandıqlarını, «göydəndüşmə bir hədiyyə» olduğunu da deyib: «Bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq…Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır".
Bir sözlə, dövlət başçısının koronavirusla bağlı ardıcıl addımların atılmasında məqsəd Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: "Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq".
Bir sözlə, bütün dünyanın göstərdiyi təcrübə ondan ibarətdir ki, koronavirusla mübarizə ilə bağlı dövlət siyasəti yalnız o halda müsbət nəticə verir ki, dövlətin həyata keçirdiyi siyasət hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi ilə tamamlanmış olsun. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməli, sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB