Əslində ermənilər etiraf etməlidirlər ki, manqurtlaşan küçə "demokratı" Nikol Paşinyan hakimiyyətdə olduğu bu iki il ərzində öz sələflərindən də "beş çömsə" artıq erməni xalqını məhvə doğru aparır. Bir də bu gün artıq erməni xalqı yaxşı bilir ki, bu günə kimi ölkəyə ən qatı diktatorlar, oğrular, cinayətkarlar rəhbərlik edib və bunun bədəlini də ən çox xalq çəkir. Ancaq görünür, hələ də Ermənistanda diktator "demokrat" cildində ortaya atılıb və aldatdığı daxili auditoriya da həqiqətin gözünə düz baxmaq, etirazlar və küçə nümayişlərindən avantüristcəsinə istifadə edərək, hakimiyyət çevrilişi edərək baş nazir postunu qamarlayanın Nikol Paşinyanın əsl diktator olduğu artıq açıq şəkildə görürlər. Gör vəziyyət nə yerdədirsə, indi erməni cəmiyyətində Nikol Paşinyanla müqayisədə Serj Sarkisyan belə "demokrat" hesab olunur. Halbuki, erməni xalqı onun özünü diktatorluqda ittiham edərək uzaqlaşdırdılar. Həqiqətən də, nəzərə alsaq ki, küçə nümayişçisi Nikolun həyasızlıqları, hakimiyyət iddiaları, xalqı qarşıdurmalara belə sövq etmələri fonunda Serj Sarkisyan geri çəkildisə, deməli, hər şeyi qurban verməyə hazır olan erməni baş nazir ondan da daha mənfur siması ilə Ermənistan tarixində iz qoydu və onun diktatorluqda tayı-bərabəri olmayıb.
Daha doğrusu, Nikol Paşinyanla Ermənistan üçün bir baş ağrısına çevrilib. Xatırladaq ki, istər küçə nümayişləri zamanı, istərsə də hakimiyyəti ələ keçirdiyi ilk günlərdə Paşinyan xalqa saysız hesabsız vədlər versə də, bu günə qədər o vədlərin heç biri reallaşmayıb. Bu adam utanmadan hələ də vədlər verməkdə davam edir və əsassız vədlərinin sayını artırdıqca zərrə qədər utanmır da. Çünki, cismində utanmaq hissi deyilən bir xüsusiyyət yoxdur. Məhz buna görə də dəfələrlə Azərbaycanın dövlət başçısının bütün beynəlxalq tədbirlərdə dönə-dönə tutarlı dərs verməsindən sonra o kresloya əlvida deyərdi. Ancaq həyasızlığın yüz faizi olan Paşinyan utanmaqdan, dərk etməkdən çox-çox uzaqdır. Çünki Ermənistan vətəndaşlarının, bütövlükdə Ermənistanın müflisləşməsi fonunda bu avantüristin ancaq özü və ailəsi çox zənginləşib. İndi Paşinyan utanmadan milyonlarla dəyəri olan saatını reklam etdirir və bununla lovğalanır. Halbuki, bir qol saatına milyonlarla vəsaiti sərf etməyi özünə rəva bilən erməni baş naziri Ermənistanın çörək almağa belə çətinlik çəkən ac vətəndaşlarını vecinə də almır. Yaxud, baş nazirin öz Facebook səhifəsində «məzuniyyətin son saatlarının həzzi» yazan arvadı Anna Akopyan sağa-sola, öz "həzzinə" pullar məsrəf edəndə düşünmür ki, Ermənistan əhalisinin böyük əksəriyyəti aclıq, səfalət içərisində inləyir, həzz almır. Yəni, bu ailə üçün erməni cəmiyyəti zərrə qədər maraqlı deyil. Bunu erməni lobbisi də yaxşı bilir və əbəs yerə deyil ki, Paşinyanın diaspor təşkilatlarına büdcə üçün pul toplamaq çağırışlarının müqabilində bütün dünya erməniləri bir milyondan da az vəsait topladı. Bunu diləndi - desək daha doğru səslənər. Bir sözlə, manqurtlaşan Ermənistanın, diktatorun hakimiyyətinin mahiyyəti çoxdandır nəinki ermənilərin özünə, beynəlxalq aləmə belə tanışdır, bəllidir.
Paşinyanın növbəti ağılsız addımı – "köçürmə" siyasəti…
Əslinə qalanda, işğalçı Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti yeni hal deyil. Belə ki, ATƏT-in Minsk qrupu 2011-ci ildə ərazidə faktaraşdırıcı missiyasını həyata keçirmiş və bu missiyanın yekunu olaraq hazırlanmış hesabatda yer alan məqamlardan biri də ondan ibarətdir ki, işğalçı Ermənistan Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırmanı həyata keçirir. Ermənistan davamlı olaraq Suriyadan, Livandan olan erməni ailələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarında yerləşdirmiş, orada onların yaşayışı üçün infrostruktur quruculuğunu həyat keçirmişdir. Bu da ondan xəbər verir ki, işğalçı Ermənistan öz xoşu ilə Azərbaycan torpaqlarını işğaldan azad etmək fikrində deyil. Ermənistan danışıqlar prosesində sadəcə olaraq simvolik xarakterdə iştirak edir. Bununla bərabər qeyd etmək lazımdır ki, Ermənistan davamlı olaraq Azərbaycana qarşı, Azərbaycanın işğal altında saxladığı ərazilərində qeyri-qanuni addımlar atmaqdadır və buna qarşı nə beynəlxalq hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu hər hansı bir reaksiya nümayiş etdirmir. Ermənilər daha əvvəl Suriyadan, indi isə Paşinyan Orduya cəlb etməklə hakimiyyətini saxlamaq, qondarma Dağlıq Qarabağ rejiminin müdafiə sistemini möhkəmləndirməyə nail olmaq və Azərbaycana qarşı törətdikləri təxribatlara Azərbaycan tərəfindən tutarlı cavab alan zaman itkilərini gizlətmək məqsədi güdür.
Tomas Qolts: "İşğal olunmuş ərazilərə qanunsuz köçürmə hərbi cinayətdir»
"Cenevrə konvensiyalarına əsasən, dinc sakinlərin döyüş zonalarına, həmçinin işğal olunmuş ərazilərə köçürülməsi hərbi cinayətdir". Amerikalı ekspert, jurnalist, ADA Universitetinin fəxri doktoru Tomas Qolts Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti barədə sualı cavablandırarkən qeyd edib ki, bu cür addımlar beynəlxalq məsuliyyətə yol açır.
Sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsinə dair məlumatlar göstərir ki, Ermənistan regionun demoqrafik quruluşunu dəyişmək planlarını da sürətlə həyata keçirir. İşğal olunmuş ərazilərdə yerləşdirilən insanlar isə faktiki, Nikol Paşinyan hakimiyyətinin avantürist siyasətinin qurbanına çevrilir.
Ermənistanın apardığı qanunsuz məskunlaşdırma siyasəti artıq açıq müstəviyə keçib. Bir neçə müddətdir ki, işğal altında olan Azərbayan ərazilərinə Suriya və Livandan erməni mənşəli insanlar gətirilir. Bir müddət öncə separatçı rejim rəhbərləri 100-150 Livan ermənisini qəbul etməyə hazır olduqları bəyanatı ilə çıxış etmişdilər. Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş verən faciənin nəticələrinin aradan qaldırılması, sözügedən ölkəyə humanitar yardım göstərilməsi ilə məşğul olarkən Paşinyan iqtidarının bu faciədən özünün çirkin məqsədləri naminə sui-istifadə etməsi təəssüf doğurur. Ona görə də beynəlxalq təşkilatlar, xüsusilə də, ATƏT-in Minsk qrupu qanunsuz məskunlaşdırma siyasətinə ciddi reaksiya verməli və İrəvanın növbəti təxribatçı addımlarını sərt şəkildə qınamalıdır.
Prezident İlham Əliyev: "Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin"
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdəki N saylı hərbi hissədə çıxışı zamanı bildirmişdi ki, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq: «Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin».
Azərbaycan tərəfi qanunsuz məskunlaşdırma siyasətinin 1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyası və onun əlavə Protokollarına zidd olduğunu xatırladır. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdi: «Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir".
Bu azmış kimi, son günlər Ermənistan separatçı rejimin dili ilə digər ərazilərimizi də işğal edəcəyinə dair ritorikanı artırır və Azərbaycanı Gəncə şəhərini raket atəşinə tutacaqları ilə hədələyir. Nikol Paşinyanın və müdafiə nazirinin təxribatçı bəyanatları, eləcə də bu qəbildən olan digər addımlar isə bir daha göstərir ki, Ermənistan rəhbərliyinin məqsədi danışıqlar prosesini tamamilə məhv etmək və işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqına nail olmaqdan ibarətdir.
Bir sözlə, ən əsası isə, Paşinyanın daxili problemlərdən canını qurtarmaq üçün savaşı başlatmaq niyyətidir. Belə vəziyyətdə Paşinyan həm müxalifətdən, həm də cəmiyyətdə artan natrazılıqdan yaxa qurtarıb bütün diqqətin cəbhəyə yönələcəyinə ümid edir. Amma bu zaman onun dəqiq hesablaya bilmədiyi məqam Azərbaycan ordusu tərəfindən alacağı sərt zərbənin hakimiyyətini daha çox laxladacağıdır. İndilikdə görünən budur ki, Ermənistanın daxilində gedən proseslər Paşinyan iqtidarını müharibə etməyə, hansısa təxribatlar törətməyə vadar edir. Əks təqdirdə, əlavə gərginlik regionda hərbi-siyasi vəziyyəti daha da kəskinləşdirəcək. Bunun bütün məsuliyyəti isə işğalçı Ermənistan və onun avantürist baş nazirinin üzərinə düşəcək. Çünki rejim, faktiki, hakimiyyəti hər hansısa formada saxlamağa çalışır. Amma qeyd olunduğu kimi, bu, İrəvana çox baha başa gələ bilər.
Ona görə də beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın bu cinayətlərinə münasibət bildirməlidir. Həmsədrlərin seyrçi mövqedə olması işğalçı ölkəni bu kimi qeyri-konstruktiv əməllərə sövq edir. Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri bu qanunsuzluğa tam olaraq göz yumsa və ona bu və ya digər formada münasibət bildirməsə, o zaman onlar münaqişənin sülh yolu ilə həllinə vasitəçi olmaq hüququnu birdəfəlik itirəcəklər.
Baş verənlər onu deməyə əsas verir ki, rəsmi Bakının səbri tükənib və güclü Azərbaycan Ordusu və rəşadətli əsgərlərimiz tezliklə işğal altındakı torpaqlarımızda hərbi əməliyyatlara start verəcək. Qarşı tərəf məğlub, məyus və tükənmiş halda rəsmi Bakının diktəsinə boyun əyəcək!
Prezident İlham Əliyev: "Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi"
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı bütün çıxışlarında dəfələrlə bildirib ki, bu yolun həlli ancaq və ancaq ölkəmizin ərazi bütövlüyünün bərpasıdır: "Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir".
Beləliklə, bu günə kimi, Paşinyan öz sərsəm əməl və inadkarlığı ilə Ermənistanı Azərbaycanın gücü qaşısında ağır məğlubiyyətə doğru sürükləməkdədir. Nə qədər ki, Ermənistan Azərbayanın işağal altındakı torpaqlarını azad etməyəcək, bir o qədər ağır iqtisadi, siyasi mərhumiyyətlərə, məşəqqətlərə düçar olacaq.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB