Əli Kərimli dirsəyin sonrakı “taleyi” barədə nədənsə heç nə demədi

Əli Kərimli dirsəyin sonrakı “taleyi” barədə nədənsə heç nə demədi

Dünən təsadüfən Əli Kərimlinin bir çıxışına rast gəldim. “SOS” siqnalı verib, “bizi xilas edin!”-xahişilə çağırdıqları Heydər Əliyevi günahlandırırdı ki: “33 batalyonu niyə tərksilah etdiniz?”.

Nəinki prezidentliyə iddialı olan partiya sədri, heç bir siyasi iddiası olmayan ağıllı adam belə bir sual verməməlidir və verməz. Bilirsinizmi, hansı batalyonları deyir? Etibar Məmmədovun, Rəhim Qazıyevin, Sürət Hüseynovun və digər şəxslərin yaratdığı və onların nəzarətində olan batalyonları. Ancaq təkcə bu batalyonlar ləğv edilsəydi, yəqin ki, danışmazdı. Heydər Əliyev xilaskar missiyası ilə Bakıya dəvət olunduqdan sonra onların qürur qaynağı olan “AXC batalyonları” da ləğv olunmuşdu. Bəlkə də etiraz etməkdə haqlıdır. Müharibənin qızğın vaxtında, rus-erməni hücumlarının şiddətləndiyi məqamda prinsipial mövqe tut və nizami ordu yaratmaqdan qətiyyətlə imtina elə. 5004 AXC üzvünü (4-ü icra başçısı idi) səfərbər edib, Almaniyanın Nasional Sosialist Fəhlə Partiyasından sonra avropanın ən böyük “partiya ordusu”nu yarat və Heydər Əliyev gələn kimi ləğv eləsin. Görünür, Ə.Kərimli və onun kimi düşünənlərə görə partiyanın silahlı dəstələrinə Azərbaycanın yeni rəhbəri xüsusi diqqət göstərməli və “qvardiya batalyonları” fəxri adı verməli idi.

Fəlakətlərindən, səhvlərindən, cinayətlərindən nəticə çıxarmayan, hələ də “bəlkə də qaytardılar” ümidi ilə hakimiyyətə gələcəklərini düşünən zavallılar! 1992-ci il mayın 15-də siz zorakılıqla hakimiyyəti ələ keçirəndə Qarabağ ətrafındakı silahlı dəstələr “hərbi birlik” yaradıb, Sürət Hüseynovu prezident postunda əyləşdirmək istəmişdilər. Neylədiniz? Tədbir gördünüzmü? Əvvəl sizin “15 may mitinqinizdə”, sonra isə parlamentin iclasında Rəhim Qazıyev “Müdafiə nazirliyi hakimiyyəti götürməlidir”-deyib, deputatlardan “1 saat ərzində” qərar verməyi tələb edəndə, neylədiniz? Tədbir gördünüzmü? AXC iqtidarını savaşla hədələyən Etibar Məmmədov bir jurnalistin: “Əgər siz çevriliş etsəniz bunu hansı qüvvənin vasitəsilə edərdiniz”-sualına cavab olaraq: “o qüvvəni AXC liderləri yaxşı bilir”- deyəndə, neylədiniz? Tədbir gördünüzmü? Görmədiniz. Lənkəran diviziyasını Ələkram Hümbətov ələ keçirdi. Gözünüzü döyə-döyə tamaşa etdiniz. 2-ci korpusun “rəhbəri” Sürət Hüseynov 1993-cü ilin fevralında qiyam qaldırdı. Bir ay onu dilə tutub martın sonlarında birtəhər korpusu əlindən aldınız. Başınıza gələndən dərs çıxarmayıb bir həftə keçməmiş ona 709 nömrəli Əlahiddə briqada yaratdınız. O da fürsətdən yararlanıb, digər silahlı dəstələri olan “qardaşları” ilə birlikdə sizin axırınıza çıxdı. Guya “vətəndaş müharibəsi istəmədiyinizə görə” hakimiyyəti atıb, Azərbaycanı fəlakətli vəziyyətə salıb qaçdınız. İndi də utanmadan, Heydər Əliyevin ayrı-ayrı şəxslərin və AXC-nin nəzarətində olan 33 batalyonu ləğv etməsinə etiraz bəyanatı verirsiniz. Siz hələ də ağılsızlığınız, bacarıqsızlığınız ucbatından özünüzün və xalqımızın başına gətirdiyiniz fəlakətlərdən nəticə çıxarmamısınız?! Sayənizdə siyasiləşmiş silahlı dəstələr hakimiyyətinizi devirir, özünüzün, aılələrinizin, son nəticədə xalqın başına faciələr gətirir, siz hələ də deyirsiniiz ki: “Heydər Əliyev batalyonları niyə ləğv elədi?”.

İranın, Rusiyanın əleyhinə məsuliyyətsiz bəyanatlar verirsiniz, Daxili İşlər Naziriniz Rusiya səfirliyi qarşısında mitinq keçirib, səfir Şoniyanı öldürməklə hədələyir, siz hələ də deyirsiniz ki, Rusiya, İran niyə qiyamçılara dəstək verdi? Və bu ağılla, bu qabiliyyətlə hakimiyyətə gələcəyinizə inanırsınız. Nə deyim, inanın, özünüz kimi daxildəki və xaricdəki zavallıları da inandırın. Hakimiyyətə gəlmək qabiliyyətiniz olmasa da, bu yalançı inamı pula çevirmək bacarığınıza söz ola bilməz. Bu bazarda sizin rəqibiniz yoxdur. Allah bazar versin! Yeri gəlmişkən, Əli Kərimli 90-cı illərdə bir jurnalistin “Rusiyanı necə ram etdiniz”-sualına “biz Rusiyaya dirsək göstərdik”-cavabını vermiş, ancaq göstərilən dirsəyin “sonrakı taleyi” barədə nədənsə heç nə deməmişdi.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə