Ailə dəyərləri qloballaşma və modernləşmə dövründə

Ailə dəyərləri qloballaşma və modernləşmə dövründə

İctimai proses kimi qloballaşmanın məzmununun, cəmiyyət həyatının müxtəlif sahələrində başlıca təzahürlərinin və nəticələrinin birmənalı qiymətləndirilməməsinə baxmayaraq, dünyanın hazırda qloballaşma şəraitində yaşaması reallıqdır. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev qloballaşmanı dünya inkişafının indiki mərhələsinin başlıca meyli kimi səciyyələndirmişdir. O göstərirdi ki, "bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrıseçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır". Qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür: milli ailələr texnoloji və iqtisadi inkişafın, xüsusilə qloballaşmanın gətirdiyi problemlərin müxtəlif təsirlərinə məruz qalırlar. Cəmilə Çiçək yazır :”Çağımızda Avropa və Qərb cəmiyyətində müşahidə olunan müxtəlif mənfi dəyişikliklər mənəvi-əxlaqi cəhətdən də dəyərlərin itirilməsinə səbəb olmuşdur. Bu zərər nəticəsində yox olan dəyərlərin kompensasiyası adına dünya xalqlarının bəziləri artıq ailə institutunu bir dəyər sistemi olaraq deyil, böyük mənada maddiyyat – investisiya vasitəsi kimi qəbul etməyə başlamışlar. Planetar miqyasda ailə həyatı zamanla ortaya çıxan innovasiyaların təhdidi altına girməkdədir: texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin yüksəlməsi, fərdiliyin artması, mənəvi dəyərlərin zəifləməsi kimi faktlar ailə həyatının təməlini təsir altına almışdır. Demoqrafik məsələlər – əhalinin təbii yolla artımı, Qərbdə ümumi bir problem olması, ailəşünaslıq elminin ailə quruluşunun cəmiyyətdə mövqeyi mövzusunda bilgilər verə bilməməsi danılmaz faktdır. Bu gün uzunömürlu, sağlam ailə modeli hazırlaya bilməyən, gender məsələsini qabardaraq qadınlarını karyerist edən Avropa indi onları ailəyə bağlamaqda çətinlik çəkir. Avropa və Qərbin sağlam, möhkəm ailə sistemi yaratması üçün Şərq xalqlarının, müsəlman cəmiyyətlərinin ənənələrini, milli-mənəvi dəyərlərini, əxlaqi normalarını mənimsəməsi, tədqiqi, öyrənməsi və tətbiq etməsi dövrümüzün qaçlmaz amillərindəndir. Azərbaycan cəmiyyətinin ən önəmli dəyəri başqasını xoşbəxt etməyə əsaslanır: şəxsi azadlıqdan, individuallıqdan imtina edib ailə üzvlərinin, qohumların xoşbəxtliyini hədəfləməyə istiqamətlənir. Bizim milli ailə dəyərlərimizin əsasında da bu durur: başqalarını özündən çox sevmək və yaxınlarını – əzizlərini özündən çox düşünmək. Ailənin təməli düzgün qurularsa, onun dağılmaq təhlükəsi az olar. “Ailə qurarkən hansı şərtlər önəmlidir?” problemi ətrafında araşdırmalar aparan tədqiqatçılar bildirirlər ki, ailə kişi və qadın arasında olan, daha sonra onların dünyaya gətirdikləri övladlara yönələn ülvi sevgi üzərində qurulmalı, fərdi xoşbəxtlik ümumi mənafedən üstün olmamalıdır. Zəmanəmizdə isə nikaha daxil olan tərəflərin intellekt və dünyagörüşlərində ümumilik olmalı, mədəni səviyyələri üst-üstə düşməli, ictimai-sosial statusları, iqtisadi durumları uyğun olmalıdır. O da sirr deyil ki, sevgi zamansız və plansız olduğu üçün hər kəsin ailə həyatı məhəbbət üzərində qurulmur: lakin birgəyaşayış dövründə rəğbət, dərin hörmət hissi bütünləşərək ailə dəyərinə, sevgiyə çevrilir. Möhkəm əsaslar üzərində qurulmuş, uzunömürlü, sağlam ailənin qurulması üçün kişinin və qadının həyata baxışları, mədəni səviyyələri bir-birini tamamlamaqla yanaşı, tərəflər arasında məsuliyyət və sayğının mövcud olması vacibdir. Buna görə də bəzən sevgi ilə cazibə, ehtiras hislərini ayırd edə bilməyən gənclərin nikahının ömrü qısa olur. Əlbəttə, əsl ailə qurmaq da, onu dağıtmaq da çətin məsələ deyil, lakin onu həyatın sınaqlarından keçirib yaşatmaq çətin və şərəfli vəzifədir. Hər bir insanın həyatında mühüm mərhələlərdən sayılan evlilik mahiyyət və keyfiyyət etibarilə həm də ciddi ictimai-sosial məsuliyyət tələb edir axı, hansısa ailənin parçalanması mənəvi və ictimai dəyişikliklərə səbəb olur. Belə münaqişəli durumda isə böyük acını birgəyaşarılıqda dünyaya gəlmiş uşaqlar çəkir. Sözsüz, eqoizm və fərdi xoşbəxtlik hissinin ümumi mənafedən üstün tutulması boşanmaya səbəb olan mənəvi bəla sayılır. Azərbaycan cəmiyyətində bəzən modern görünüşlü, lakin köhnə təfəkkürlü gənclər nikaha girdikdən sonra (ailənin məhəbbət üzərində qurulmasına baxmayaraq) qadına qadağalar qoyur, onun özünü qəbul etdiyi halda illər boyu öyrəndiyi sənətini, peşəsini qəbul etmir, işləməyə, cəmiyyətə fayda verməyə imkan yaratmırlar. Bir-birini bəyənib rəsmi nikah bağlayan, ailə quran gənclərdə sonralar belə simptomların yaranmaması üçün tərəflərin həyatabaxışlarında, dünyagörüşündə ümumilik, demokratik düşüncə tərzi, mədəni səviyyə, hörmət və qayğı kimi mənəvi keyfiyyətlər yüksək olmalıdır”. Qloballaşma zamanında ağıllarına Qərbdən gələn müxtəlif mənfi tendensiyanın yeridildiyi gənc şəxslər heç vaxt unutmamalıdırlar ki, insan həm də sosial-ictimai, mədəni varlıq hesab olunur, onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Fərdin şəxsiyyətə çevrilməsi üçün də ailə ilkin mərhələdir: insansa yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir. Tarixən də belə olub, indinin özündə də elədir: Azərbaycan ailəsində kişi başçı, ailənin iqtisadi dayağı sayılır, o, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Amma ailədə əsasən məsuliyyətin ağırlığı qadının çiyinlərinə düşür: xanımların dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti – güzəştə getmək bacarığı, fədakarlığı ilə dünya və Avropa qadınından çox fərqlənir. Milli ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi, bəlkə də, dünyanın heç bir xalqı ilə müqayisəolunmayacaq qədər güclüdür. Bir daha təkrarlamağa məcburuq ki, Azərbaycan ailəsinin uzunömürlülüyünün əsas səbəblərindən biri də budur. Ailənin uzunömürlü olması üçün maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir. Ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyati baxımından müqəddəs bir dəyər və təməldir: onun düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də mühafizəkar elementləri özündə birləşdirməlidir. Zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimiz mühafizə olunmalı, yaşadılmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amillər üstün tutulmalıdır. Eyni zamanda, demokratik prinsiplər qavranılmalı, zəmanənin, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yeniliklər qəbul edilməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır. Milli ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, internetin, sosial şəbəkələrin, yeni media vasitələrinin, xüsusilə televiziyaların üzərinə böyük məsuliyyət düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxildir, lakin özəl telekanallarda ailə dəyərlərimiz, demək olar ki, qorunmur. Qərbdən süni şəkildə ixrac olunan şoubiznes və reklam dalınca qaçan özəl TV-kanallar sosialməişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini göstərməklə şok effektindən yararlanmağa üstünlük verirlər. Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisəolunmayacaq dərəcədə üstünlük təşkil edir və nisbətdə qat-qat çoxdur. Əlbəttə, çağdaş ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını göstərmək olar, lakin burada balans pozulmamalıdır. Yazılı, elektron, yeni KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq cəmiyyətimizi təmsil edən ailələrin xalqımız haqqında rəy formalaşdırmasını da unutmaq olmaz. Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri göstərməli, təbliğ etməli, bu tip ailələrin mükəmməlliyinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat qurmağa başlayan gəncləri maarifləndirməlidir. Qloballaşmanın mənəvi sferaya təsiri, əsasən, kütləvi informasiya vasitələri, xüsusən telekanallar və həmçinin internet vasitəsilə həyata keçirilir. Bu gün Azərbaycanda ümumrespublika yayımçısı olan 9 televiziya, 14 regional televiziya kanalı, 11 radio fəaliyyət göstərir. 13 şirkətə kabel televiziyası yaratmaq üçün xüsusi razılıq (lisenziya) verilib. Bunların da hər biri gün ərzində 60-dək xarici ölkə, o cümlədən Qərb dövlətlərinin televiziya kanallarının verilişlərini retranslyasiya edərək Azərbaycan tamaşaçısına çatdırmaq imkanına malikdir. Başqa sözlə, Qərbin yaşam tərzi, Qərb psixologiyası neçə illərdir ki, fəal surətdə təbliğ və təsviq olunur. Həm də, məqsədyönlü şəkildə aparılan bu təbliğatda kabel televiziyaları vasitəsilə həyatımıza, məişətimizə yol tapan xarici TV-lərdən daha çox yerli özəl telekanallar canfəşanlıq edirlər. Bizim telekanallarda mentalitetimizə uyğun gəlməyən, əxlaqımızı, mənəviyyatımızı birbaşa hədəf seçən şou-biznes xarakterli elə verilişlər, Qərbdə çəkilmiş, lakin öz telekanallarına, tamaşaçılarına rəva bilmədikləri elə teleseriallar nümayiş etdirilir . Əslində, bunun səsi-sədası elə indinin özündə də eşidilir. Xalqımıza xas olan böyüyə, ağsaqqala hörmət, ata-anaya məhəbbət, abır-həya, namus, qeyrət... kimi dəyərlər, bir çox ailələrdə getdikcə adiləşir, yaxud arxa plana keçir...

Bu yaxınlarda Dövlət Statistika Komitəsi 2019-cu ilə yekun vurarkən nikahlar və boşanmalar haqqında nəticələri də açıqladı. Məlum oldu ki, 2009-cu ildə ölkədə 78,9 min nikah və 7800-dən çox boşanma qeydə alınıb. Yəni il ərzində nikaha daxil olanların təxminən 10 faizi boşanıb. Əslində, həyəcan təbili çalmağa əsas verən bu göstəricinin səhihliyi ilə bu sahə üzrə geniş məlumatlı QHT təşkilatları olan Qadın Kriziz Mərkəzinin rəhbəri Mətanət Əzizova razılaşmır. Onun fikrincə, həm nikaha daxil olanların, həm də boşananların sayı DSK-nın məlumatındakından xeyli çoxdur. Xüsusən, boşanmaların sayı dəfələrlə artıqdır. Əvvəla, Azərbaycanda ümumiyyətlə nikahsız yaşayanlar, yaxud təkcə dini nikahla kifayətlənib ər-arvad kimi yaşayanlar kifayət qədərdir. Digər tərəfdən də, çox sayda ailələri var ki, ər və arvad rəsmi nikahlarını pozmasalar da ayrılıblar və faktiki olaraq birgə yaşamırlar. Səbəb kimi, adətən, ailə zəminində münaqişə, qısqanclıq, qadına qarşı zorakılıq, xasiyyətlərin uyğun gəlməməsi və sair göstərilir. Göründüyü kimi, göstərilən səbəblərin əksəriyyəti xalqımızın xarakterinə yaddır.

Bütövlükdə, boşanmaların belə kütləvi hal almasının özü Qərbin “kütləvi mədəniyyət”nin “bəhrəsi”dir. Əvvəla, Azərbaycanda boşanma halları lap yaxın keçmişədək nadir hallarda baş verərdi. Ümumiyyətlə, kişilər tərəfindən qadına qarşı zorakılığı nə milli adət-ənənələrimiz qəbul edir, nə də şəriətimiz. Lakin bu sahədə vəziyyət elə bir həddə gəlib çatmışdır ki, Milli Məclis belə halların qarşısını almaq üçün qərar qəbul etmək məcburiyyətində qalmışdır. Yaxud, qısqanclıq zəminində baş verən boşanma hallarının çoxalmasını bir yana qoyaq, bu səbəbdən son vaxtlar törədilən faciələrin-ərin arvadını qətlə yetirməsi, eləcə də arvadın öz ərini öldürməsi faktlarının sürətlə artması həyəcan təbili çalmağa əsas verir. Ilk növbədə mənəviyyatımıza, milli adət-ənənələrimizə yad olan “Qərb mədəniyyəti”nin KİV, telekanallar və internet vasitəsilə müdaxiləsinin nəticəsidir: “İştirak etdiyim məhkəmə iclaslarının bir çoxunda açıq-aydın hiss olunur ki, xalqımızın mentalitetinə yabançı olan həyat tərzini təbliğ edən teleseriallar yeni ailə qurmuş gənclərin bir çoxunu çaşdırır, özlərini həmin filmlərin qəhrəmanları kimi görür, bəzi məqamlarda onlara oxşamağa çalışırlar və beləliklə, Azərbaycan ailəsinin möhtəşəmliyini təşkil edən qarşılıqlı məhəbbət, sədaqət, namus, qeyrət kimi mənəvi dəyərlər aşınmaya məruz qalır, bununla da hər şey dağılıb gedir”.

Vahid Ömərov f.ü.f.d.dos

Bütün xəbərlər Facebook səhifəmizdə