YAP Nəsimi rayon təşkilatının üzvü: “Biz hələ də ulu öndərin istədiklərini tam şəkildə həyata keçirə bilməmişik” - MÜSAHİBƏ

YAP Nəsimi rayon təşkilatının üzvü: “Biz hələ də ulu öndərin istədiklərini tam şəkildə həyata keçirə bilməmişik” - MÜSAHİBƏ

YAP Nəsimi rayon təşkilatının üzvü Fuad İbrahimovun SİA-ya müsahibəsi

- Bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər ölkənin ictimai-siyasi həyatında istənilən səviyyədə iştirak edə bilirlərmi?

- Son zamanlar Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərin istər mətbuatdakı çıxışlarında, istər sosial-iqtisadi məsələlərdə aktiv olduqları diqqəti cəlb edir. Nəsimi rayon gəncləri olaraq düşünürük ki, aktivlik əvvəlki dövrlərə nisbətən nə qədər yuxarı olsa da bu tempi bir az da artırmaq istəyirik. Digər dövlətlərdə də gənclər qarşılarına məqsəd qoyurlar ki, fəallıqlarını artırsınlar. Bizim də məqsədimiz odur ki, indiki şəraitdə öz işimizi zamanın tələbinə uyğun olaraq daha da fəal şəkildə quraq və ümumilikdə Azərbaycan xalqının aktivliyini artıraq. Ölkədəki siyasi ab-hava onu göstərir ki, əvvəllər ölkədə baş verən hadisələrə o qədər də ciddi yanaşmırdıq, dövlətçilik, xalq təəssübkeşliyi məsələsi arxa plana keçmişdi. Ancaq son zamanlar milli maraqlarımıza toxunan addımların müxtəlif qruplar tərəfindən atılması ölkədəki siyasi münasibətləri dəyişdirib və həmin insanlara qarşı gənclərin müqavimətini artırıb. Biz də bu canlanmanı lazımi məqamlarda və yerlərdə nümayiş etdirmişik.

- Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-cio ildönümü qeyd olunur. Ümumiyyətlə, Azərbaycan gəncləri Heydər Əliyev ideyalarını, onun qoyub getdiyi irsi lazımi səviyyədə davam etdirə bilirlərmi?

- Məncə, biz hələ onun istədiklərini tam şəkildə həyata keçirə bilməmişik. Tam şəkildə dövlətimizi sevə bilərik, milli ruhda böyüyə bilərik. Amma mənim fikrimcə, ulu öndər yaşasaydı, bizdən bundan da daha artıq şəkildə fəal olmağı istərdi. Heydər Əliyevin siyasətini davam etdirən, onun uğurlu davamçısı prezident İlham Əliyev var. Bu gün dövlət başçısının bizdən tələb etdiyini, istədiyini ona verməliyik ki, sabah bu borcdan çıxmış olaq. Bu ay müstəqiliyimizin 20 illiyini qeyd edəcəyik. 20 ildə qazandıqlarımız bir sıra dövlətlərin illərlə qazandıqlarından daha artıqdır. İstər Rusiya, istər Türkiyə, istərsə də digər ölkələrin uzun müddətli müstəqillik həyatında keçə bilmədiyi yolda biz 20 ilə müəyyən qədər məsafə qət edə bilmişik. Ölkədə sabitliyin qorunması, gənclərin ölkə quruculuğunun müəyyən sektorlarında özünə mövqe tutması bir sıra məsələlərdə irəliyə gedəcəyimizdən xəbər verir. Gələcəkdə də bu daha da sürətli şəkildə davam edəcək

- Destruktiv mövqedə olan bəzi gənclərin yenidən normala həyata qayıdıb faydalı işlərlə məşğul olması üçün nələr etmək lazımdır?

- Müxalifət gənclərinin arasında da yüksək təhsillilər var. Lakin onların etdiyi sırf radikal müxalifət mövqeyidir. Radikal müxalifət mövqeyi istənilən bir dövlətdə qəbul olunmazdır. Çünki müxalifət dövlətin, iqtidarın çatışmayan cəhətlərini göstərməkdən ötrüdür. Lakin sırf radikal müxalifət ölkəni parçalamağa xidmət edir. Biz istərdik ki, radikal müxalifət gəncləri bu yoldan uzaqlaşıb Azərbaycanın inkişafı, gələcəyi naminə öz bilik və savadlarından istifadə etsinlər. Müxalifət ölkəni bölməməli, ölkədəki çatışmayan cəhətləri, problemləri daha da düzgün qiymətləndirilməsində iqtidara kömək etməlidir, dövləti parçalamalıdır.

- 2011-2015-ci illər Azərbaycan gəncliyi Dövlət Proqramı gələcək illər üçün ölkə gənclərinə hansı töhfələri verəcək?

- Hər dəfə "gənclər gələcəyimizdir" sözlərindən ilham alaraq demək istəyirəm ki, 2011-2015-ci illər üçün nəzərdə tutulan gənclər siyasəti əsasən Azərbaycan gənclərinin yüksək təhsilə, intellektə sahib olmalarına əsas təkan verəcək. Cənab prezidentin gənclərlə görüşdə dediyi kimi bu proqramda əsasən təhsil məsələləri öz əksini tapmalı və həll edilməlidir. Biz də gələcək gənclər olaraq, yüksək intelekt, bilik, bacarıq sahibi olmadan nə öz dövlətimizə xeyir verə bilərik, nə də ki bizdən gözlənilənləri ödəyə bilərik. Ona görə də ilk növbədə fikirləşirəm ki, gənclər yüksək intellektli, təhsilli olmalıdır ki, Azərbaycanın gələcəyində kiminsə, xarici dövlətlərin qarşısında öz sözümüzü deyə bilək. Onlar da bizi düz olduğumuz yerdə səhv olaraq göstərə bilməsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə