Paşinyan hakimiyyətinin talançılığı ölkəni daha böyük problemlərə sürükləyir
Ermənistan mediasında Nikol Paşinyanın idarə etdiyi dövlət haqında bədbin materialların ardı-arası kəsilmir. “Hraparak” nəşri erməni cəmiyyətinin gündən-günə daha tələbkar və səbrsiz olduğu qənaətinə gəlib. Materialda qeyd edilir ki, iki il əvvəlki tolerantlıqdan demək olar ki, heç nə qalmayıb. Materialda qeyd edilir ki, bu gün artıq "İmkan verin qoy işləsinlər" çağırışları çətin eşidilir: “Amma 2 il əvvəl hər bir tənqidi sözümüzə cavab olaraq bu məzəmməti eşidirdik. “Gənc inqilabçı”lara qarşı sərhədsiz sevgi və inam var idi, onlara fəaliyyət göstərmək üçün kart-blanş verildi. İnsanlara elə gəlirdi ki, dağları hərəkətə gətirəcəklər və həyat dəyişəcək, ölkənin onurğa sütunu düzələcək və yalnız biz, onları tənqid edən jurnalistlər buna mane olurduq. Bu gün artıq səbri tükənən insanlar dözümlü və səbrli olmağa çağırırıq. Dəyişiklik istəyirlər və daha çox gözləmək istəmirlər. Hökumətin etdiyi hər kiçik səhv dünənki “tolerantları” özündən çıxarır, əsəbiləşdirir”.
Qeyd edilir ki, insanlar hətta öz maraqlarına uyğun olan addımları da rədd etməyə başlayıblar. “Arayik Arutyunyanın Pan-Erməni Valideynlər Yığıncağı, insanları maraqlandıran sualları cavablandırması, nəhəng bir istehza, lağ və qəzəb dalğasına səbəb oldu”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunub.
“Quldur Paşinyan rədd olub getməlidir”
“4rd.am” saytı yazır ki, baş nazir Nikol Paşinyan xalqa olan ümidləri doğrultmayıb, ötən iki il ərzində ölkəni məhvə sürükləməklə, talançılıqla, quldurluqla məşğuldur: “Artıq 2020-ci il Ermənistan üçün sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin daha da ağırlaşması ilə xarakterizə olunmaqdadır. Əhalinin maddi rifah halının pisləşməsi həm də daxili və xarici siyasətdə müşahidə olunur. Çünki problemlərin çözümü üçün hakimiyyətin konkret siyasəti və proqramı yoxdur. Ermənistana investisiya yatırmaqda maraqlı olan şəxslər Paşinyandan qaçırlar. Ona görə ki, yalanlarla üzləşirlər. Hazırkı hakimiyyət məcbur edir ki, biz yüksək səslə “Paşinyan hakimiyyətdə olduğu müddət ərzində heç kim aldanıb Ermənistana investisiya qoymasın” çağırışını edirik. Bu gün bir çox iş adamları Paşinyan hakimiyyəti yalanlar üzərində qurub. Gələn iş adamlarını aldadaraq “gələn dəfə”, “gələn dəfə” deyə pullarımızı mənimsəyir, biz artıq inanmırıq. Baş nazir xalq qarşısında üzr istəməli və rədd olub hardan gəlib orada getməlidir”.
“İravnuk” qəzeti vəziyyətin pisləşdiyini açıqlayıb
“Böyük problemlər yaratdığı ölkədə Ermənistanın baş naziri Nikol paşinyan sosial-iqtisadi müstəvidə vəziyyəti daha da gərginləşdirib". Bunu "İravnuk” qəzeti vəziyyətin pisləşdiyini açıqlayaraq yazıb. Bildirilir ki, fiziki şəxslərin də göndərdiyi pulların həcmində kəskin azalmalar qeydə alınıb. 2013-cü ildən 2020-ci ilə qədər ermənilər öz ölkələrinə bank sistemi vasitəsilə 9 milyard dollardan çox pul göndəriblər: “Yerevana ən çox valyuta axını ənənəvi olaraq Rusiyadan gəlib. Bu ölkədən pulları daha çox əmək miqrantları göndərirlər. Müstəqillik qazandıqdan sonra belə vətəndaşlarımız üçün Rusiya vacib ölkə olaraq qalmaqdadır. Son 7 il ərzində bu ölkədən Ermənistana 6 milyard dollardan çox pul göndərilib”.
Qəzet yazır ki, Ermənistanda bütün bunlarla yanaşı, əsgərələrə göstərilən laqeydlik də cəmiyyətdə narazılığı artırır. Eyni zamanda erməni ordusunun tənəzzülünü göstərən hadisələrin sayı kifayət qədər çoxdur: "Son günlərdə hərbi hissələrdən birində böyük oğurluğun üstü açılıb. İstintaq komitəsinin araşdırmaları nəticəsində məlum olub ki, müəyyən müddət ərzində hərbi hissəyə göndərilən əşyalar və tikinti materialları oğurlanıb. Oğurluğu həyata keçirməkdə ittiham olunan hərbi hissənin anbar rəisi məhkəmənin qərarı ilə nəzarətə götürülüb”.
“Çorrord İşxanutyun” qəzeti yazır ki, orduda qanun pozuntuları baş alıb gedir: "Ölkəmizin hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Vahid mövqe, bitkin siyasi xətt yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan indi ordu ilə bağlı nöqsanlarını və uğursuz qərarlarını pərdələməyə, zahirən nikbin açıqlamalarla ört-basdır etməyə çalışır. Bunun nəticəsidir ki, Tovuz təxribatı Azərbaycan ordusu və əsgərlərinin gücü ilə itkilərlə biabırçı uğursuzluğa düçar oldu. Bu bir daha Erməçnistan ordusunun mövqelərinin zəifliyini göstərdi. Bununla bağlı suallar çoxdur, amma Paşinyan hakimiyyəti bu sualların, hələ ki heç birinə cavab verməyib".
Göründüyü kimi, bütün baş verənlər Ermənistana yeni çətin günlər vəd edir. Hesab edilir ki, indiki hakimiyyətin səriştəsiz siyasəti üzündən Ermənistan daha yeni böyük problemlərlə üzləşəcək. Çünki Ermənistan Terror dövlətdir.
Prezident İlham Əliyev: “Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib”
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistanın terror dövlət olduğun deyib və bildirib ki, bu gün də bu çirkin əməllərindən əl çəkmir: “Nəzərə almalıyıq ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur”.
Dövlət başçısı bildirib ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər: «İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür». O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.
Prezident İlham Əliyev bütün bu sözləri Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edərkən səsləndirib. Bildirib ki, bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir: «Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir!”.
Dövlət başçısı onu da bildirib ki, bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunə hesab edir: “Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub”.
“Xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır”
Prezident İlam Əliyev onu da vurğulayıb ki, Dağlıq Qarabağda da xunta rejimi hökm sürür: “Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!
“Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil”
Prezident İlham Əliyev Avropa Şurasının Azərbacanla bağlı qəbul etdiyi sənədləri lazımsız kağız parçası hesab etdiyini bildirib: "Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar. Ona görə bu beynəlxalq təşkilatların və bir çox ölkələrin mövqeyi, əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq".
Münaqişənin həlli ilə bağlı dövlət başçısı bildirib ki, bunun bir yolu var - o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır: "Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir”.
Bir sözlə, işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks təqdirdə təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha görəcək.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB