Azərbaycanda dövlət təhsilin inkişafına həmişə, xüsusi önəm verib. Məhz bu diqqət və qayğının fonunda təhsilin keyfiyyətinin artırılması, həmçinin, bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin və təfəkkürünün inkişafına xidmət edir. Dövlət başçısı Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında öz əksini tapıb.
Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmiş oldu. Artıq Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə və yüksək nəticələrin qazanılmasına xidmət edir. Hazırda təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi xüsusi diqqət mərkəzindədir. . Son 17 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3200-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Son günlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə açılışı olan məktəblər müasir standartlara uyğun qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Ötən 116 ildə bina müxtəlif dövrlərin reallıqlarını yaşayıb: hospital, ümumtəhsil məktəbi, 1940-cı ildən isə musiqi məktəbi kimi fəaliyyət göstərib.
Binanın memarlıq üslubu və fasadının ilkin görünüşü saxlanılmaqla Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Şagirdlərin təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq. Dördmərtəbəli yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, hərbi kabinet, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Bütün otaqlar elektron vasitələrlə və proyektorlarla təchiz olunub..
Beləliklə, növbəti məktəbin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Ümumiyyətlə istifadəyə verilən müasir standartlara cavab verən təhsil müəssisələrində informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəblərdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisələrinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB