Nəsillərə örnək olan ailə dəyərləri

Nəsillərə örnək olan ailə dəyərləri

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir.

Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Söz yox ki, nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: "...Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib...”.

Hıcran Hüseynova deyir: ”Zərifə Əliyeva qayğıkeş, mehriban ana, vəfalı, sədaqətli ömür yoldaşı, səmimi dost, saf insan idi. O, öz gücünə, qüvvəsinə nə qədər inansa, arxayın olsa, ömrünü tibb elminin inkişafına həsr etsə də, ailəsinin mənəvi durumu, övladlarının tərbiyəsi həmişə birinci yerdə dayanırdı. Ailəsinin şərəf və ləyaqətini hər şeydən uca tutan Zərifə xanım çalışırdı ki, onun uşaqları hərtərəfli inkişaf etmiş müasir gənclər kimi böyüsünlər. Xalqımızın milli dəyərlərini, adət-ənənələrimizi yüksək qiymətləndirərək şəxsi həyatı ilə də hamıya örnək oldu. Ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevlə bərabər öz şəxsi nümunəsində əsl Azərbaycan ailəsinin mövcudluğunu nümayiş etdirdi. O, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyəçisi olub. Zərifə xanım elə bir tərbiyənin, sevginin əsasını qoyub ki, bu gün həmin ailənin hər üzvü mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır.

İnsan Yaradan tərəfindən maddi və mənəvi sınaqlara məruz qalır. Hansı insan bu sınaqlardan şərəflə çıxırsa bax, əsil insan da odur. Belələrinə Allah hər iki dünyada əbədi səadət bəxş edir. Zərifə Əliyeva da həyatın bütün sınaqlarından şərəflə çıxmış məhz belə bir insan idi. Son dərəcə vəntənpərvər, ləyaqətli şəxsiyyət, ailə səadətinin qoruyucusu, fədakar ana, ən əsası isə xeyirxah insan. Bu gün Zərifə Əliyeva Azərbaycan xalqının ürəyində məhz belə yaşayır”.

Cəmilə Çiçəyin fikrincə,çağdaş dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Bir sıra alimlər təsdiq edir ki, dövrümüzdə insanların ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Günü bu gün də bəşəriyyətin diqqətində olan bu problemlə bağlı müxtəlif müzakirələr aparılır, çağırışlar edilir...

Hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud millətin tarix səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələrinə, özünə məxsüs etnik mədəniyyətinə sıx bağlılığından asılıdır. O cəhətdən Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, məişət sistemi var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.

Fasilələrlə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə çoxuşaqlı və aztəminatlı, eyni zamanda müharibə və əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərən, onların övladlarının təhsilini nəzarətdə saxlayan, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır.

Axı dövlətin kiçik modeli – forması sayılan milli ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Prezident İlham Əliyev də Ümummilli liderimizin bu tarixi missiyasını davam etdirərək Azərbaycan ailə ənənlərinin qorunub saxlanmasına xüsusi diqqət ayırır.

Sözün hər mənasında müstəqil dövlətimizin ali sənədinin – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir.

Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri kimi qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. O, 1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi: "...Bizim xalqımızın, millətimizin həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir. Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə, biz onlardan xilas olmalıyıq, imtina etməliyik. Bax, bu adətənənələrdən biri də keçmişdən bizə miras qalmış, millətimizə xas olan adət – qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm də, ümumiyyətlə, millətimizin gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə bu sahədə ciddi tədbirlər görülmür.”

Məhz "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir. Artıq 10 ildən çox fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri reallaşdıraraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir...

Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır”. Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdir məyi bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələri tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı, qadınlar həm də ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.

Xüsusilə savadlı, yüksək səviyyəsi və dünyagörüşü olan qadın həm də sağlam cəmiyyət, gələcək deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə