Sosial şəbəkələrdə insanlar bir-birləri ilə tanış olub ailə qururlar. Onların içində mənim tanışlarım da var. Əlbəttə, onlar yüzfaizli xoşbəxt olmurlar, real həyatda olduğu kimi, virtual və digər formalarda ailə quran insanlar arasında da problemlər yaşanır. Yeni texnologiyaların tətbiqinin tərəfdarıyam, amma unutmamalıyıq ki, biz azərbaycanlıyıq və öz dəyərlərimiz var. Ən yeni texnologiyalar insanlara xoşbəxtlik verməklə bərabər, onlara böyük bədbəxtliklər də gətirə bilər. Bunun da artıq bir çox işartılarını görürük.
İnternetdə, sosial şəbəkələrdə sevgi oyunları, cürbəcür əhvalatlar baş verir, bunun axırı isə çox zaman qanla, bıçaqlanma ilə bitir. Artıq ölkəmizdə bir neçə belə fakt baş verib. Gələcəkdə kütləviləşəcək bu cür mənfi halların qarşısını almaq üçün insanların intellektual səviyyəsini qaldırmaq lazımdır. Bunun üçünsə bizim milli ailə münasibətlərinin ən yaxşı cəhətlərini müasir zəmanənin standartlarına uyğunlaşdırmağı təklif edirəm...
"The Daily Telegraph" qəzetində Eleanor Muffitt yazır ki, müasir zəmanəmizdə insanların romanlarda olduğu kimi göz-gözə vurulması müşkül məsələyə çevrilir. Bir çox başqa həyat aspektləri kimi bu sahə də virtual dünyaya keçir. İndiki zamanda hər beş tanışlıqdan biri internetdə baş verir. Təkcə Tinder hər gün 26 milyon insanı "görüşdürür".
Ən maraqlısı isə budur ki, internet tanışlığı yaş hüdudu tanımır. Yaşı 50-dən çox olanlar üçün Senior People Meet və elə "The Telegraph" qəzetinin özünün Telegraph Dating tanışlıq saytı var.
Muffitt yazır ki, bir çoxları üçün internet ən münasib tanışlıq məkanıdır. Bəziləri isə düşünürlər ki, əslində internet tanışlığının öz üstünlükləri var.
1) Siz vəziyyətə nəzarət edirsiniz
İnternet tanışlığı zamanı siz özünüz haqqında özünüzün düzgün saydığınız informasiyanı, fotonu təqdim edirsiniz. Təkliflərə rahat, çəkinmədən cavab vermək imkanınız olur. Tanış olduğunuz şəxs haqqında da məlumat ala bildiyinizdən onunla sükut buzunu sındırmaq daha asan olur.
2) Namizəd bankınızı genişləndirə bilirsiniz
Match.com tanışlıq saytının ekspertləri deyirlər: "Bizim üzləşdiyimiz əsas problem coğrafi məkanımızın məhdud olmasıdır. Yəni dostlarımızın və iş yoldaşlarımızın çevrəsi məhduddur. Belə mühitdə evlənmək üçün namizəd tapmaq asan olmur".
Əgər sevgili axtarmaq üçün yaxlınlıqdakı bara getsəniz, çox az sayda potensial yoldaşla rastlaşa bilərsiniz. Amma bununla müqayisədə sizin internetdə həyat yoldaşı tapmaq üçün minlərlə namizədlə tanışlıq imkanınız var.
3) Ehtiyat variantı
Tanışlıq saytında qeydiyyatdan keçməyiniz o demək deyildir ki, siz real həyatda axtarışınızı dayandırmalısınız. Əksinə internet tanışlıq saytı əlavə güvənc yeridir.
4) Sizin üçün vaxt məhdudiyyəti yoxdur
eHarmony tanışlıq saytı bu ilin əvvəllərində apardığı sorğudan belə bir nəticə çıxarıb ki, internetdə həftənin başqa günləri ilə müqayisədə çərşənbə axşamı günü, gündüz saat 2-də daha çox adamla tanış olmaq mümkün olur.
Adamlar indi daha uzun saatlar ərzində işləməli olurlar. Bu isə o deməkdir ki, belə sıx iş cədvəli ilə könül dostunu tapmaq elə də asan deyil. Amma internetdə bu axtarışla vaxtınız olan kimi məşğul olmaq imkanınız var.
5) Qapalı çevrədən çıxa bilirsiniz
Match.com tanışlıq saytının ekspertləri deyirlər ki, internet sizə real həyatda ağlınıza belə gəlməyən mükəmməl namizəd gətirə bilər. Tanışlıq saytlarından bir çoxu maraq növləri üzrə işləyir. Məsələn, Equestrian Cupid atçılığa marağı olanları, Veggie Date isə vegetarianları bir araya gətirir. Gələcək həyat yoldaşınızı barda axtaranda sanki samanlıqda iynə axtarırsınız, amma internetdə axtarışınıza dəqiq istiqamət verə bilərsiniz.
6) Ən əsası budur ki, internet tanışlığı kara gəlir
Match.com saytında başlanmış hər 5 tanışlıqdan 3-ü 6 aydan çox sürən münasibətlə nəticələnir. ABŞ-da nikahların 5 faizi eHarmony saytından başlanır.
PEW Araşdırma Mərkəzinin tədqiqatı göstərib ki, Amerikada universitet məzunlarının yarısı öz ərini və ya arvadını internetdə tapan kimisə tanıyır.
Respondentlərin üçdə ikisi razılaşır ki, internetdə həyat yoldaşı tapmaq daha asan və daha səmərəlidir. İnternetdə tanış olanların tanışlıqdan evliliyə keçməsi də daha tez baş verir.
Məsafəli evlənmə və ya boşanma vahid dövlət portalında yaradılan “şəxsi kabinet” vasitəsilə baş tutacaq. Evlənmək istəyənlər üçün internet VVAQ-da gün təyin olunacaq, sonra online olaraq nikah kəsiləcək. Eynilə boşanmaq istəyənlər də bu xidmətdən yararlana biləcəklər. Amma bunun üçün kart vasitəsilə xidmət haqqı da ödəniləcək. Hesab edilir ki, belə üsul vasitəsilə vaxt itkisi və əlavə xərclər də aradan qalxar.
Qeyd edək ki, ruslar indiyədək həmin portal vasitəsilə kommunal haqları, cərimələrini, kreditlərini ödəyə bilirdilər. Artıq evlənib-boşanmaların da portala əlavə edilməsi “Vahid pəncərə” sisteminin daha da genişləndirilməsi məqsədi daşıyır.
Lalə Mehralı yazır ki, virtual tanışlıq və bu tanışlığın evliliklə nəticələnməsi ilə bağlı son vaxtlar çox eşidirik. Bu evliliklərin bəziləri normal qaydada davam edir, bəziləri isə qısa müddətdən sonra dağılır. Maraqlıdır, bir çoxumuzun ittiham etdiyi kimi, virtual məkan tanışlığı evliliyin təməl daşını sarsıdırmı? Yaxud, insanlar evliliyini qoruya bilməyəndə günahı virtual tanışlıqda görürlər? XXI əsrdə texnologiyanın inanılmaz sürətli inkişafı bizə öz mənfi və müsbətləri ilə çox şeyi bəxş etdi, onun verdiyi bilik sayəsində bizim hər il yüzlərlə gəncimiz yüksək qiymətlərlə xaricə təhsil almağa göndərildi, onun sayəsində informasiya bazamız genişləndi. İnternetin inkişafı isə bizə həm müsbət, həm də mənfi mənada təsir etdi. Kimimiz onu yaxşı məqsədlər üçün istifadə etdik, kimimiz zərərli vərdişlərə qurşandıq. Hətta internet həyat yoldaşı seçməyimizə də kömək etdi, yüzlərlə ailə quruldu onun sayəsində, yaxşısı da oldu, pisi də. Biz pislərdən nəticə çıxardıq, yaxşıları örnək götürməyə çalışdıq və bizim də aramızda elə insanlar oldu ki, öz yarını məhz bu internetin sayəsində tapa bildi.
Ölkəmizdə internetin yeni istifadəsi illərində bu kimi tanışlıqlar o qədər də önəmli hesab edilmirdi. Daha doğrusu, o vaxt bizim internet məkanında bunun üçün saytlar yox idi. Vaxt var idi, insanlar üzbəüz ünsiyyətdən zövq alırdılar, amma indi virtual ünsiyyət daha cəlbedicidir. İnsanlar virtual məkanda hisslərini daha yaxşı ifadə etdiklərini deyirlər. Psixoloq və sosioloqlar bunu ünsiyyət problemi ilə əlaqələndirirlər. Hətta bəzi sosioloqlar internet vasitəsi ilə ünsiyyəti fərdin real şəxsi ünsiyyət qurmasında ən böyük maneə hesab edirlər.
Cəmiyyət ikitirəli düşünür
Bu yazımız üçün sosial şəbəkələrdən birində sorğu keçirdik. "İnternetdə tanış olub evlənərdinizmi?" sualına 26 nəfərdən cavab gəldi - onlardan 12-si "evlənərəm, əsas olan sevgidir" variantını seçdi, 5 nəfər "bəlkə də evlənərəm" deyə tərəddüd etdi, 9 respondent isə "qətiyyən evlənmərəm" variantına səs verdi. İnternet vasitəsi ilə tanış olub evlənənlərin sayı artdıqca, bu məqsədlə yaradılan tanışlıq saytlarının sayı da artır. İndi bizim ölkəmizdə də onlarla bu cür sayt fəaliyyət göstərir. Onların arasında sadəcə qadınlar üçün olan saytlar da var, hamı üçün nəzərdə tutulanlar da. Düzdür, yaşlı nəsil gənclərin duyğu, düşüncələrini virtual deyil, bir-birinin gözünə baxaraq, səslərini dinləyərək etiraf etmələrinin tərəfdarıdır. Amma gənc nəsil virtual məkanda hissləri daha yaxşı ifadə etdiyi qənaətindədir.
Evlilik təklifini internetdən edənlər
Sosioloqlar bildirirlər ki, internetdə tanış olub evlənmək istəyən cütlüklərin əlaqələrinin 89%-də bu, istək olaraq qalır. Çünki onların ətrafındakılar bu kimi qərarlara hələ hazır deyillər. İnternetdə heç tanımadığınız biri ilə tanış olub, onunla evlənmək bir yana, onunla ilk görüşə belə, içinizdə qorxu və narahatlıq olaraq gedirsiniz. Çünki onu indiyədək yalnız internetdən, virtual olaraq tanımısınız. Hətta sizə evliliyi belə internetdə yazışanda təklif edib. Psixoloqlar isə deyirlər ki, internet tanışlığının tezliklə evliliyə çevrilməsi yolverilməzdir. Çünki insanlar bir-birini tanımadan belə bir qərar verməklə həm özlərinin, həm də gələcəkdə bu ailədə doğulacaq uşaqlarının problemlərinin təməlini qoymuş olurlar. Neçə illər bir-birini tanıyan, hətta 3-4 il nişanlı qalan cütlüklər belə evlilik zamanı problemlər yaşayırlar. O səbəbdən də, psixoloqlar internet tanışlığını tezliklə evliliklə nəticələndirməyi doğru saymırlar. Hər iki tərəf bir-birinə yetəri qədər zaman ayırmalı, virtual məkanda olduğu kimi, real həyatda da bir-biri ilə söhbətdən qaçmamalı, bir-birinin haqqında hər şeyi öyrənməlidirlər.
Evlilik qərarı verənlərin real ünsiyyəti daha önəmlidir
Üz-üzə ünsiyyət insanlara daha çox xeyirlidir, qarşındakının gözlərinə baxmaq, hisslərini duymaq, hərəkətlərindən nəticə çıxarmaq kimi bir üstünlüyü var. Virtual söhbət yoldaşının isə qadın, yaxud kişi olmasına da bəzən əmin ola bilmirsən. Düzdür, münasibətlər irəlilədikcə onun kimliyini öyrənirsən, lakin hisslərindən yenə də əmin ola bilmirsən, içində həmişə "bəlkə" olur. Qarşılıqlı ünsiyyət zamanı səs tonu, söhbət mədəniyyəti, davranış kodeksləri, bədən dili, ünsiyyət tərzi kimi bir çox faktorlar göz önündə olur, onlar doğru qərar verməkdə yardımçı olur. Bu, bütün hallarda virtual dünyadan, bir monitorun ekranında oxunan yazılı mesajlardan və ünsiyyətdən daha realdır. Düzdür, internet tanışlığının sonu gerçəkdən tanışlıqla bitir, uzun müddətdir tanıdığınız virtual dostunuzu realda da görürsünüz, sizin onun barədə fikirləriniz ya olduğu kimi qalır, ya bütün düşüncələriniz alt-üst olur, ya da gözlədiyinizdən daha yaxşı nəticə baş verir. Virtual məkan dostluqları önəmlidir, amma bu dostluq evliliyə çevriləcəksə, daha diqqətli olmaq şərtdir.
"Bizdə internetə girən qızlara normal baxmırlar"
Müsahibim Bakı sakini, 32 yaşlı Emin Həsənlidir. O, evlənməyə hazırlaşır, gələcək həyat yoldaşını isə qadın saytlarından birində bəyənib. İndi nişanlıdırlar, bu yaxınlarda toyları olacaq. Eminə "Virtual tanışlığın evliliklə nəticələnməsi niyə qəribə qarşılanır?" deyə bir sual ünvanladım, bu da onun cavabı: "Məncə, bunun səbəbini yalnız virtual aləmlə bağlı düşüncələrin içində axtarmaq lazımdır. Bizdə belə bir rəy formalaşıb artıq, internetə girən qızlara normal baxmırlar. Sanki onlar bir qayda olaraq buraya ər axtarmağa, sevgili tapmağa, vaxt öldürməyə gəlirlər. Mənə həmişə maraqlı gəlib, niyə bizim kişilər küçədə, bayırda, parkda gördükləri qızı normal qəbul edir, ona aşiq ola bilir, evlənə bilir, amma mənəvi təlabatını ödəmək üçün, zamanını səmərəli keçirmək üçün, intellektini artırmaq üçün internetə daxil olan qızlara fərqli münasibət bəsləyirlər? Çünki çox adam fikirləşir ki, əgər qız internetdən istifadə edirsə, onda mütləq əxlaqsızlıq edir. Kim özü internetdən nə cür istifadə edirsə, başqalarını da özü kimi bilir".
Emin bəydən "Qohumlarınız virtual məkanda tanış olduğunuz qızla həyatınızı birləşdirmə istəyinizə problem yaratmadılar ki?" deyə soruşdum, "Mən heç bir qohumumun işinə qarışmamışam evlənəndə, əgər könlüm məhz virtual məkanda gördüyüm birinə qonubsa, qohumlarım da bunda problem görməzlər. Önəmli olan anamın fikri idi, o, sevdiyim qızı gördü, bəyəndi", - deyə cavab verdi.
Virtual tanışlıq ekspertlərin gözü ilə Sosioloq Əhməd Qəşəmoğlunun dediyinə görə, son dövrlər virtual tanışlıqdan ciddi münasibət gözləyənlərin sayı çoxalıb, ona görə də bəzi gənc qızlar və orta yaşlı qadınlar böyük ümidlə virtual tanışlıqla ailə qurmaq ümidindədirlər: "Onların əksəriyyətinin kompüter almalarında, internetə qoşulmaqlarında əsas səbəblərdən biri budur. Amma təəssüf ki, bu ümid çox az hallarda doğrulur. Virtual tanışlıq, sevgi münasibətləri əksər hallarda daha çox mənəvi-əxlaqi aşınmalara səbəb olur. Amma bəzi hallarda bu, uğurlu evliliklə də bitir. Qeyd etmək lazımdır ki, bizim kişilər virtual tanışlığı heç də ciddi qiymətləndirmirlər. Çox az halda bu münasibəti ciddi qəbul edirlər. Hələlik virtual eşq məcaraları əksər hallarda çox ziyanlı bir oyun xarakteri daşıyır".
Psixologiya və konsultasiya mərkəzinin psixoloqu Ülkər Nadirova deyir ki, bu məsələyə əsasən yaşlı nəsil, yəni internetə və yeniliyə öyrəşməyən və onu qəbul etməyən təbəqə neqativ yanaşır: "Bir də yaşlı nəslə oxşamaq istəyən konservant cavanlar və yaxınlarının, tanışlarının həyatında virtual tanışlıqdan zərər cəkən insanlar buna neqativ yanaşa bilərlər. Amma bildirmək istəyirəm ki, tanışlığın necə və harada baş verməsi vacib deyil. Önəmli olan tanış olan insanların bu tanışlıqdan nələr gözləməsidir. Amma artıq bu fikir normal qarşılanmağa başlanır, çünkü ətrafda bu tanışlıqdan xoşbəxt ailə həyatı quran gənclərimiz də az deyil".
Beləliklə, müşahidələrdən və söhbətlərdən görünür ki, əvvəllər internet tanışlığı ilə evlənməyə mənfi baxanlar çox az idisə, indi düşüncələrini dəyişənlərin sayı artıb. Son illərdə bu tendensiyanın güclənməsi hiss olunur.
Ümumiyyətlə, tanışlıq yolları müxtəlif ola bilər, amma əsas məqsəd eynidir - hər kəs özünə uyğun həyat yoldaşı tapmaq istəyir və bunu bütün mümkün vasitələrlə reallaşdırmağa çalışır.
Vahid Ömərov f.ü.f.d. dos.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB