Abel Məhərrəmov: “Ulu öndər Heydər Əliyevin doğum günü ümumxalq bayramıdır”

Abel Məhərrəmov: “Ulu öndər Heydər Əliyevin doğum günü ümumxalq bayramıdır”
"Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Tarixdə belə xalqlar, dövlətlər çox azdır. Məsələn Türkiyədə Atatürk, Amerikada Corc Vaşinqton, Fransada Şarl de Qo, Hindistanda Cəvarilər Nehru və sairə. Yəni az-az xalqlar var ki, onun ümummilli lideri var". Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, belə ümummilli lideri olan xalqlar həmişə dinamik inkişafdadır və onların müstəqilliyi əbədidir. Onun sözlərinə görə, xalqın daimi mayakı var və buna əsasən də irəliləyir. A.Məhərrəmov qeyd edib ki, bu gün Azərbaycan ümummilli liderin siyasi kursu əsasında çox dinamik inkişaf edir və ölkənin uğurları da gün-gündən yüksəlir.

"Xarici ölkələrə səfərim zamanı çox zaman soruşurlar ki, bir tərəfdən göstərirsiniz ki, torpaqlar işğal olunub, 1 milyona yaxın qaçqınınız var, digər tərəfdən də sizdə tam stabillikdir və Azərbaycan dinamik inkişafa görə dünya dövlətləri sırasında öndə gedir. Yəni, Azərbaycanın bu inkişaf modeli hamını təşvişə salıb. Bu gün milli qürurla deyə bilirik ki, bütün bu uğurların kökündə Heydər Əliyev siyasəti dayanır. Bu gün prezident İlham Əliyev xalqla vəhdətdə ölkəni çox zirvələrə qaldırır. Bu da əsas məsələlərdən biridir",- deyə o bildirib.

BDU-nun rektoru ümummilli liderin ad günündə onun sevincinin hamının sevincindən çox olduğunu vurğulayıb: "Çünki mən hər zaman özümü Heydər Əliyevin yetirməsi hiss edirəm. Mən onun islahatı ilə Moskva Dövlət Universitetində təhsil almışam, Bakı Dövlət Universitetində çalışmışam. 1969-cu ildə həyata atılan vaxtdan- 17-18 yaşımdan onun dəstəyini hər zaman üzərimdə hiss etmişəm. Mən hər zaman universitetdə qərar qəbul edərkən onun mənə dediyi sözləri hökmən yada salıram. Universitetə rektor təyin edən zaman verdiyi ədalətli olmaq, insafı itirməmək, işdə ciddi olmaq, prinsipal mövqedə olmaq kimi məsləhətlərini hər zaman yadımda saxlayıram. Müəllimimizin, liderimizin, sərkərdəmizin ad günü şəxsən mənim üçün böyük bir bayramdır. Bəzən hətta fikirləşirəm ki, bu günü Azərbaycan xalqı bütövlükdə bayram etsin. Onun adı ilə bağlı olan bütün məsələlərdə xalq bir müstəvidə düşünür. Burada nə iqtidar, nə də müxalifət var. Başqa məsələlərdə maraqlar toqquşa bilər, ancaq Heydər Əliyev siyasətində, zirvəsində heç bir müxalifət, iqtidar görmürəm. Hamı bunu dərk edir, qəbul edir. Buna görə də onun doğum günü ümumxalq bayramıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə