Texnologiyanın inkişafı kitablara marağı üstələyir? - SORĞU - REPORTAJ-VİDEO

Texnologiyanın inkişafı kitablara marağı üstələyir? - SORĞU - REPORTAJ-VİDEO

Bəzən bizlərin səssiz dostları, bəzən tənha olduğumuz zamanlarda bizə yoldaş olan kitablardan danışacağıq bu gün. Kitab oxumaq insana nə qazandırır? Texnologiyanın həyatımızın mərkəzində olduğu bir zamanda kitablara meylin azalması bizdə mənəvi olaraq hansı itkilərin olmasına gətirib çıxarır? Bəs mütaliə? Heç kimə sirr deyil ki, sosial şəbəkələrin həyatımızda çox dərin izlər qoyduğu və zamanımızdan oğurladığı bu əsrdə mütaliənin azalması cəmiyyətimizdə hansı mənfi izlər buraxır? Mövzu barədə paytaxt sakinlərinin də fikrini öyrənməyə çalışdıq. Görək sakinlərimiz kitablar və mütaliə barədə nə düşünürlər? SİA-nın keçiridiyi sorğunu və hazırladığı reportajı təqdim edirik.

Paytaxt sakini Dadaşov Əmir deyir ki, mən hər gün səhər mütaliə edirəm. Daha çox Hüquq Esiklopediyasını oxumaqdan zövq alıram. Bundan başqa onlayn şəkildə də kitab oxumağı sevirəm. Düşünürəm ki, təhsil işçiləri mütaliə etmək üçün gəncləri təşviq etməli, maarifləndirməlidirlər.

Əliyeva Aynur bildirib ki, cəmiyyətdə, əsasən də gənclər arasında sosial mediaya marağın artması ilə kitab oxumağa həvəs getdikcə azalır. Bu isə onların kütləşməsinə gətirib çıxara bilər. Kitab oxumaq insana səbrli olmağı, istənilən mövzuda düzgün və səviyyəli şəkildə polemika aparmağı öyrədir. Lakin son zamanlar gənclər arasında müşahidə olunan aqresiyanın səbəbi fikrimcə, onların çox az mütaliə etməsindən irəli gəlir.

Allahverdiyev Əlinin fikrincə isə mütaliə etmək Azərbaycan gənci üçün hər şeydən önəmli olmalıdır. Kitab insanın dünyagörüşünü, dil qabiliyyətini artırır. Həmçinin insanın öz fikrini tam şəkildə ifadə etməkdə köməklik göstərir. Düşünürəm ki, həyatımızın mühüm hissəsini kitablar təşkil etməlidir, sosial media yox.


Cəfərzadə Dilbər qeyd edib ki, kitab oxuyarkən beynimiz daha çox inkişaf edir və kitab oxuyan insanın nitqi digərlərinə nisbətdə daha yaxşı olur. Mütaliə edən insan bir çox mövzuda daha ətraflı şəkildə danışa bilir. Lakin bu gün görürük ki, gənclər sosial mediada daha çox vaxt geçirir və bu da onların həyatına öz mənfi təsirini göstərir. Kitab, qəzet oxumaq fikir mübadiləsi etməkdə insana çox kömək edir.

Sakin İntizar İsmayıl bildirib ki, 4-5 il əvvələ qədər daha çox mütaliə edir. Hər şeyi internetdən öyrənmək kimi bir vərdiş etmişik. Düşünürəm ki, indiki gənclər lazımı şəkildə mütaliə etməsə, bu ancaq savadsızlığıa və cılızlaşmağa aparacaq. Nə olsun ki, gənclərimiz universitet bitirir? Amma universitet kifayət deyil. Universitet oxumaq savadlı olmaq deyil. Bunun üçün mütaliə mütləq lazımdır.


"Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu
qeyd edib ki, satdıqları kitablar arasında ən çox Corc Oruell-in əsərləridir: "Tərcümə ədəbiyyatı da həmçinin satılan kitablar arasında çoxluq təşkil edir. Amma demək olar ki, ən çox satılan 10 kitab arasından Corc Oruell 1984 əsəri həmişə olub və bu gün də olmaqda davam edir. Xalid Hüseyninin kitabları, özünü inkişaf, bədən dili, psixoloji, biznes idarəçiliyi kitablarına da çox maraq var. Texnologiyanın inkişafı ilə mütaliənin azalması məsələsinə gəldikdə isə mən bu fikirlə razı deyiləm. Xüsusən Azərbaycanda texnologiyanın inkişafə mütaliənin azalmasına təsir göstərməyib. Əksinə əksinə onlar paralel şəkildə inkişaf edirlər.

Sonda isə əminliklə deyə bilərik ki, maariflənmiş cəmiyyət istənilən halda öz müqəddəratını həll edir və gələcəyini daha sağlam təməllər üzərində qurur. Maariflənməyin əsas yolu isə kitablardan və mütaliədən keçir. İstər bir müəllim kimi öz şagirdlərimizdə, istər yazıçı kimi öz oxucularımızda və ən əsası bir fərd kimi özümüzdə mütaliə etməyi vərdiş halına gətirməliyik. Sağlam cəmiyyətin təməlləri məhz bununla bağlıdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə