Prezident İlham Əliyev: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”
Bu gün bəşəriyyət son dərəcə mürəkkəb tarixi şəraitdə yaşayır. Belə ki, koronavirus pandemiyası başlayandan bəri ölkələrarası vəziyyətdə də bir dəyişiklik hiss olunmaqdadır. Xüsusilə də, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri bir çox dövlətlərin qısqanclığına səbəb olub. Çünki hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır. Hər iki dövlət eyni yolu yaşayır.
Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətləri qırılmaz tellərlə bağlıdır. İki qardaş ölkə arasında münasibətlərin getdikcə daha da möhkəmləndirilməsi dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri dost və qardaş ölkə arasında bütün sahələr üzrə əlaqələrin sıx tellərlə bağlanması bütün dünyaya nümunədir. Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş "Bir millət, iki dövlət" dostluq və qardaşlıq münasibətləri dövlətimizin başçısı cənab İlham Əliyev tərəfində uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə münasibət bildirərək deyib: "Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk" fikirləri bir daha təsdiqləyir ki, "bir millət, iki dövlət" vəhdətini heç bir kənar qüvvə poza bilməz. Və bu gün iki dövlət arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədə davam edir. Hər iki ölkə arasındakı hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi artıq ənənə halını alıb. Bu, həm də əsgər və zabitlərimizin döyüş qabiliyyətini artırır. Eyni zamanda, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır.
Bu yerdə bir məqamı da xatırlatmaq istərdim. Belə ki, 2014-cü ilin aprelində Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramının 5 illiyinə həsr olunan sammit keçirilirdi.
Türkiyə proqramın iştirakçısı olmadığından Zirvə görüşündə onun təmsilçisi yox idi. Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan sammitin plenar iclasında söz alaraq mövzunu kənara qoyub Türkiyəni hədəfə aldı. O, görüş iştirakçılarını inandırmağa çalışırdı ki, Avropa ictimaiyyəti "soyqırımı" törətdiyinə görə Türkiyəyə münasibətdə daha sərt mövqe tutmalıdır. Sarkisyan iddia edirdi ki, Türkiyənin Ermənistanla sərhədini bağlaması beynəlxalq hüquqa ziddir və s.
Sammitdə iştirak edən Prezident İlham Əliyev erməni həyasızlığının Praqada növbəti təzahürünü nəzərdən qaçıra bilməzdi. Dövlətimizin başçısı çıxışına başlayaraq dedi: “Bu masanın arxasında Türkiyənin nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".
Göründüyü kimi, budur “bir millət, iki dövlət” birliyinin məntiqi nəticəsi.
“Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”
Azərbaycan Prezidenti, Azərbaycan dövləti həmişə dost, qardaş ölkə olan Türkiyənin yanında olduğunu dəfələrlə sübut edib. Və bu gün heç bir əsas olmadan Türkiyənin haqq işinə qarşı bəzi dövlətlərin ciddi problem yaratması, bu artıq həmin dövlətlərin qısqanclığından irəli gəldiyini təsdiqləyir. Belə ki, qardaş ölkə Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatlarından istifadə etmək hüququnu reallaşdırmaq istəyir və bu məqsədlə santaj işi aparır. Lakin Avropa İttifaqı ölkələri, ilk növbədə, Yunanıstan və onu təhrik edən Fransa buna qarşı çıxır, Ankaranı sanksiyalarla hədələyir - guya Türkiyənin atdığı addım beynəlxalq hüquqa ziddir. O zaman sual olunur, Türkiyə beynəlxalq hüququn harasını pozur, lakin cavab yoxdur. Onu da qeyd edək ki, hətta Türkiyə məsələni həll edib yaranmış gərginliyi aradan qaldırmaq üçün Yunanıstanla dialoqa girməyə də hazırdır. Amma Afina dialoqdan qaçır. Ona görə də Türkiyə rəhbərliyi qətiyyətlə bildirmişdir ki, Şərqi Aralıq dənizində geri çəkilib məhəlli sularında qapanmaq fikrində deyil - nəyin bahasına olursa-olsun.
Türkiyənin haqq işinə ilk dəstək Azərbaycandan, Prezident İlham Əliyevdən gəldi. Belə ki, sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşündə dövlət başçımız bir daha bəyan etdi ki, Türkiyə dost və tərəfdaş olmaqla bərabər, həm də qardaş ölkədir: “Sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
Bir məqamı da vurğulayaq ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yüksək səviyyəsi bəlli dairələri qıcıqlandırır. Belə ki, Azərbaycan öz ərazisində Türkiyə ilə hərbi təlimlər keçirəndə, hansısa arzu olunmayan ölkədən silah alanda, qıcıqlanırlar. Azərbaycan təbii qazının Gürcüstan və Türkiyə ərazisi ilə xarici bazara nəql edəndə, yaxud Türkiyə Qarabağ probleminə münasibətdə Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyəndə, qardaşının yanında olduğunu bildirəndə qıcıqlanırlar. Türkiyə Qərbdən yox, başqa mənbədən silah alanda qıcıqlanırlar. Türkiyə dünyanın ən böyük hava limanını inşa edəndə qıcıqlanırlar. Qoy qıcıqlansılar, lakin Azərbaycan və Türkiyə üçünsə ən əsası odur ki, heç vaxt biri-birini tək qoymasınlar, çünki tale onları birlikdə olmağa məhkum etmişdir.
Azərbaycanın apardığı bu düşünülmüş və uğurlu siyasət Prezident İlham Əliyevin hücum diplomatiyası nəticəsində beynəlxalq təşkilatlar haqq işimizə dəstək verir.
“Mən diplomatik dilin nə olduğunu bilirəm”
“Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək”.
Göründüyü kimi, Prezitdent İlham Əliyev hər bir sahədə çəkinmədən sözünü deməklə bir daha vurğuladı ki, “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.
Göründüyü kimi, bu sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Dövlət başçısı tərəfindən səsləndirilmiş bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir və ümumən Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini və Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Bu gün Türkiyə-Azərbaycan qardaşlığı haqqında filmin hazırlanması bir daha bu birliyini, bu qardaşlığın daha da möhkəm olduğunun göstəricisidir. Qeyd edək ki, Türkiyə-Azərbaycan qardaşlığına və iyul ayında Tovuz istiqamətində erməni təxribatı haqqında film hazırlanıb ki, filmdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər dövlət rəsmilərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin fikirləri yer alıb. Qeyd olunb ki, Tovuz təxribatı zamanı ermənilər öz məqsədlərinə nail ola bilmədilər. Həmçinin filimdə Türkiyə və Azərbaycanın birgə reallaşdırdığı irimiqyaslı layihələr, iki qardaş ölkə arasındakı mövcud əməkdaşlıq, Türkiyə-Azərbaycan qardaşlığının tarixi və digər məsələlər haqqında söz açılıb.
Bir sözlə, bu gün bir daha hər kəs anlamış oldu ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir.
Bu günə qədər bu iki dövlət qoşa qanad kimi, birlikdə addımlayıb, birlikdə bir çox möhtəşəm qələbələrə, nailiyyətlərə, uğurlara imza atıb, bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB