Prezident İlham Əliyev: “Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur”
Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: “Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış - Milli Məclisin ilk iclasındakı çıxışında da son 17 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri olmadığını vurğulayıb.
Düşünülmüş siyasət-uğurulu nəticələr…
Bu gün dünyanı ağuşuna alan koronavirus epidemiyanın dünya iqtisadiyyatının iflic vəziyyətinə salmasına baxmayaraq, xəstəliyin ölkəmizdə yarada biləcəyi fəsadlar cənab Prezidentin mütərəqqi göstərişləri nəticəsində minimuma endirilmişdir. Bu, məhz ölkə Prezidentinin düşünülmüş siyasəti nəticəsində həyata keçirilir. Belə ki, sevindirici haldır ki, bu gün dünyanın 150-dən çox ölkəsi yardım üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət etsə də, ölkəmizin adı həmin siyahıda yoxdur. Yəni bu gün ölkəmiz ən azı dünyanın 150 ölkəsindən daha yaxşı vəziyyətdədir, dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyac duyduğu bir vaxtda əlimizdə olan resurslar bu çətin vəziyyəti idarə etməyə imkan verir.
Hazırda ölkəmizdəki müsbət dinamika göz qabağındadır. Bunun nəticəsidir ki, keçən il dövlət büdcəsinə proqnozda nəzərdə tutulduğundan əlavə 1 milyard manat, bu ilin üç ayında isə 310 milyon manat gəlir daxil olmuşdur.
Cənab Prezident cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunun müşavirədə bildirdi ki, son üç ayda ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım olub. Bütün dünyanın koronavirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verəcəkdir.
Təqdirəlayiq məsələlərdən biri də budur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirmişdir. Bu bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib.
Məhz bu gün ölkəmizdə sosial sahəyə göstərilən qayğının nəticəsidir ki, orta aylıq əməkhaqqı 28 faiz, orta pensiyanın məbləği 27 faiz artıb. Nəticədə hazırda orta aylıq əməkhaqqı 712, orta pensiya 295, yaşa görə pensiya isə 330 manata yaxındır. Hazırda ünvanlı sosial yardım alan insanların sayı 70 mindən çoxdur.
Onu da qeyd edək ki, bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident məcburi köçkün və şəhid ailələrini də unutmadı, minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirdi. Bu qayğı Azərbaycan dövlətində bütün sahələrə göstərilən diqqətin nəticəsidir.
Azərbaycan - sosial dövlət modelinin əsas təmsilçisi
Diqqət çəkən digər məqam isə ondan ibarətdir ki, Azərbaycanda son illər ərzində aparılan ciddi kompleks islahatlar öz yerində, müstəqil Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı ilə yanaşı, dünyada gedən rəqabətə də tab gətirə bilib. Azərbaycan sosial dövlət modelinin əsas təmsilçisinə çevrilib. Bu isə olduqca ciddi amildir.
Burada başqa bir məqam iqtisadiyyatın inkişafı və azad rəqabətin formalaşmasının siyasi, sosial, mədəni və digər sahələrdə də böyük nailiyyətlər qazanmağa yardım etməsidir. Əslində, iqtisadi inkişafın kökündə də elə siyasət dayanır. Bu baxımdan, Pensilvaniya Universitetinin "BAV Group i Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilən siyahıda Azərbaycanın 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşmasının təməlində də ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasət dayanır.
Amerikanın ən nüfuzlu siyasi nəşrlərinin biri – "U.S. News & World Report" jurnalında nəşr edilən siyahıya nəzər salsaq görərik ki, Azərbaycanın Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri geridə qoyması ölkəmizin böyük məqsədlərə doğru inamla irəlilədiyinin göstəricisidir.
Artıq əminliklə demək olar ki, Azərbaycan güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə malik ölkəyə çevrilib.
Burada reytinqin hansı parametrlər üzrə müəyyənləşməsi, onu kimlərin tərtib etməsi də önəmlidir. "BAV Group and Wharton School” Qrupu dünyaca məşhur beyin adamlarının toplaşdıqları mərkəzdir. Belə bir nüfuzlu qrupun Azərbaycanı 45-ci yerə qoyması Bakının beynəlxalq arenada siyasi təsir dairəsini də genişləndirməsinə imkan verəcək. Müvafiq olaraq, Azərbaycanın beynəlxalq təşkilatlardakı təmsilçiliyi, mövqeləri möhkəmlənəcək.
Dünyanın ən güclü ölkələrinin reytinq siyahısında 45-ci yerdə qərarlaşmaq 2019-cu il üçün ən böyük uğur kimi də qiymətləndirilə bilər. Dünya miqyasında ciddi qəbul edilən bu cür reytinqlərdəki üstün mövqe eyni zamanda perspektiv üçün də müstəsna təminatdır. Çünki bu siyahı həm də beynəlxalq ictimai rəyə, o cümlədən investisiya dairələrinə Azərbaycanı daha cəlbedici formada təqdim edir. Göründüyü kimi, Azərbaycanda aparılan islahatlar, yürüdülən məqsədyönlü siyasət konkret nəticələrə səbəb olur. Bir sözlə, dövlət başçısınnı düşünülmüş siyasəti nəticəsində əldə olunan nailiyyətlərdə məqsəd insanların sosial rifahının yaxşılaşması və sağlam yaşaması durur.
“İnsanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”
Bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında çıxışı zamanı deyib və bildirib ki, insanların sosial rifahının yüksək olması və sağlamlığı əsas məsələdir: "Pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir".
“Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik"-deyən ölkə Prezidenti bundan sonra da çətinliklərin aradan qaldırılması üçün bütün resuslardan istifadə olunacağının bildirib: “Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Ümumi dünyada mövcud olan mənzərəni nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir”.
“Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur”,- deyən dövlət başçısı bildirib ki, çünki Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Əslində, dövlət başçısının bu siyasəti 17 ildir ki, davam etdirilir və bugün ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasəti bunun sübutudur. Çünki Prezident İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-cı ilin Aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşmənə layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən Ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək dağı belə yerindən oynadan xalqın dəstəyi, birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.
Göründüyü kimi, görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və bu gün koronavirusa qarşı mübarizədə atılan ardıcıl və düşünülmüş addımlar, məhz ölkə başçısının vətəndaşına olan, həmişə onların yanında olmasının reallığıdır. Və hər şeydən əvvəl Prezident İlham Əliyevin bəyan etdiyi «siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır» prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. Çünki insana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsinin təşkil edir. Və bu gün bu uğurlu siyasətə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını mənasız və əsassızdır.
Göründüyü kimi, dövlət başçısını vurğuladığı rəqəmlər sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfsən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.
Bir sözlə, bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB