Azərbaycançılığın milli ideologiyaya çevrilməsi

Azərbaycançılığın milli ideologiyaya çevrilməsi

Azərbaycançılığın bütöv bir xalqın - bütün dünyada yaşayan azərbaycanlıların, Ana Vətənlə əlaqəsi olan bütün soydaşlarımızın və həmvətənlərimizin milli birlik simvoluna, milli ideologiyasına çevrilməsi və Azərbaycan Respublikasında rəsmi dövlət quruculuğu praktikasında həyata keçirilməsi 1993-cü ildən başlanır. Məhz bu dövrdən başlayaraq azərbaycançılıq etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyərlərlə yanaşı, sosial-siyasi məzmun kəsb edərək ümumi ideyalar sistemi kimi milli dövlət quruculuğunun ayrılmaz komponentinə çevrilir.

Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin bütün dünyada yaşayan həmvətənlərimiz arasında yayılması, hər il 31 dekabrın Dünya Azərbaycanlılarının birlik və həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə bütün dünyada yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən mərasimlər, xarici səfərləri zamanı Azərbaycan diasporası ilə keçirdiyi görüşlər, Dünya Azərbaycanlılarının Bakıda keçirilən birinci qurultayı və bu səpkili yüzlərlə mühüm işlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1993-cü ildən sonra həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bütün bu işlər dünyada yaşayan azərbaycanlıların milli şüurunun, milli özünüdər- kinin güclənməsinə, onların azərbaycan dilinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, dövlətçiliyinə münasibətinin daha da doğmalaşmasına öz müsbət təsirini göstərmişdir.

Beləliklə, biz 1993-cü ildən başlayaraq milli ideologiyanın - azərbaycançılıq ideologiyasının müasir elmi-nəzəri standartlar səviyyəsində formalaşmasının və tətbiq olunmasının şahidləriyik. Keçən illərdə azərbaycançılıq ideologiyası həm milli dövlət quruculuğu strategiyasının ideya-siyasi əsası kimi praktikada tətbiq olunur, həm düşüncə adamlarının, ziyalıların, milli elitanın düşüncələrinə hakim kəsilib, həm də bütün dövlət hüdudunda kütləvi milli məfkurəyə çevrilib.

Beləliklə, azərbaycançılıq ideyasının milli ideologiya və ədəbi-estetik təlim kimi qısa təhlili bir daha göstərir ki, hələ qədim zamanlardan xalqımızın ictimai fikir dünyasına hakim kəsilmiş bu ideya zaman-zaman öz səfərbəredici və birləşdirici rolunu oynamış və indi də oynamaqdadır. Bu təlim bütün bəhs olunan dövrdə həm formalaşmış, milyonlarla azərbaycanlının fikir və həyatına daxil olmuş, həm də elmi - nəzəri və ictimai-siyasi cəhətdən öyrənilmiş, tədqiq və tətbiq olunmuşdur. Sözsüz ki, qeyd olunan araşdırmalar hələlik azərbaycançılığın bütöv, tam bir ictimai-siyasi təlim kimi, vahid baxış və görüşlər sistemi kimi elmi-akademik həllini tapması üçün kifayət deyildir. Lakin bir şey artıq hamıya aydındır. Azərbaycançılıq müasir dövrümüzün dünya inteqrasiyası və qloballaşma kimi aparıcı tendensiyaları nizamında Azərbaycanın məxsusi iqtisadi, siyasi, mədəni-mənəvi dəyərlərə malik bir dövlət kimi öz yerini müəyyənləşdirməsinə və gələcəkdə planetimizin yüksək inkişaf etmiş dövlətlərindən birinə çevrilməsinə geniş imkanlar açır.

Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir. Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır.

Heydər Əliyevin yeni tarixi dövrdə - 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir... İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər”. Bu sətirlərdə Heydər Əliyev siyasətinə, onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir.

Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində - daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun cahanşümul əməllərini, dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsbit edir.

Azərbaycan xalqının bütöv bir etnik vahid kimi formalaşmasında əsrlər boyu baş verən inteqrasiya prosesinin əhəmiyyəti nə qədər böyükdürsə, danılmazdırsa, onun sonrakı mərhələlərdə qorunub saxlanılması da xalqın bütövlüyü və mütəşəkkilliyi baxımından o qədər əhəmiyyətlidir. Bütölükdə, bir ərazidə yaşayan etnik təbəqə üçün vəhdət yarada bilmək imkanları heç bir dövrdə qapalı olmamışdır. Xalqın etnik potensialının genişlənməsində bu proses, əslində, əvvəlki dövrlərə məxsus ənənənin davamı kimi öz ardıcıllığını qoruyub saxlamışdır. Müstəqil dövlətçilik mərhələsində isə milli birliyin qorunmasına xidmət edən bu vəhdət çox böyük sosial, siyasi və ideoloji əhəmiyyət daşıyır.

Azərbaycançılıq ideyaları müstəqil dövlətçilik mərhələsində milli xarakter daşıdığı üçün onu dövlətçilikdən ayrı təsəvvür etmək olmaz. Nəzərə almaq lazımdır ki, milli ideyalar məhz dövlətçiliklə qorunur. Dövlətçilik olmadan milli ideyaları qoruyub saxlamaq və davam etdirmək, onu milli şüura çevirmək mümkün deyildir.

. Azərbaycanlı obrazı örnəkdir. Həm Azərbaycan cəmiyyəti üçün, həm də bu ölkəyə və onun əhalisinə xalqına, millətinə maraq göstərənlər üçün. Azərbaycanlı obrazı beynəlxalq aləmdə Azərbaycana və azərbaycanlılara münasibəti formalaşdırır. Ölkənin, xalqın və millətin tanınmasında nümunəvi azərbaycanlı obrazı ən mühüm informasiya subyekti kimi diqqətəlayiqdir. Belə ki, məsələn, beynəlxalq aləmdə Azərbaycan haqqındakı informasiyalarda Nizami, Füzuli, Nəsimi, Tusi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov kimi dahi şəxsiyyətlər yada düşür. Belə şəxsiyyətlər cəmiyyətin güzgüsüdür. Onlar fikir və ideya dahiləridir. Azərbaycanda cəmiyyəti öz arxasınca aparmağa qadir olan bir çox şəxsiyyətlər, dövlət xadimləri və sərkərdələr də yetişərək illərin, əsrlərin xatirəsində əbədi obraz yaratmışlar. Azərbaycan cəmiyyətinə müstəqil dövlətçilik quruculuğu bəxş etmiş şəxsiyyət kimi Heydər Əliyevin obrazı daha parlaqdır. Bu obrazın parlaq işığı əsrləri və minillikləri keçib yaşayacaqdır.

Heydər Əliyevin parlaq azərbaycanlı obrazında cəsarətlilik, təşəbbüskarlıq, yorulmazlıq, mərdlik, dəyanətlilik, uzaqgörənlik, hadisələri qabaqlamaq məharəti, dövlətə, xalqa sədaqət, milli mənafeyi uca tutmaq kimi keyfiyyətlər ümumiləşmişdir.

Vahid Ömərov f.ü.f.d.dos.

Bütün xəbərlər Facebook səhifəmizdə