Növbəti görüş Diqo və Avyarud kəndlərində olub - FOTOLAR

Növbəti görüş Diqo və Avyarud kəndlərində olub - FOTOLAR

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Diqo və Avyarud kəndlərində olmuş, yeni salınan avtomobil yolunda və elektrik xəttinin çəkilişində işlərin gedişi ilə tanış olub. Mövcud olduğu tarixi ərzində avtomobil yolu və elektrik xətti olmayan rayonun Diqo, Avyarud, Dolu, Sibiyyət kəndlərində bu sosial problemlərin həlli ilə əlaqədar ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamların icrası artıq həllini tapıb. Hazırda sıldırım qayaların qoynunda, çətin relyefdə yerləşən bu kəndlərə avtomobil yolu və elektrik xəttinin çəkilişi başa çatmaq üzrədir.

Avtomobil yolları təkcə sadalanan kəndləri deyil, bu istiqamətdə yerləşən və heç vaxt yolu olmayan daha bir neçə dağ kəndini birləşdirir. İllərdir həsrətində olduqları ən böyük arzularına çatan kənd sakinləri bu yüksək diqqət və qayğıya görə cənab Prezidentə sonsuz məhəbbətlərini, dərin minnətdarlıqlarını bildirmiş, əhalinin arzu və təkliflərini dinləyərək, problemlərin həllinə köməklik göstərdiyinə görə icra başçısından razılıq ediblər.

İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd edib ki, son illər rayonumuzun hər yerində olduğu kimi dağ kəndində də xeyli quruculuq-abadlıq işləri görülüb. Deqədi-Pəlikəş avtomobil yolu asfaltlaşdırılandan sonra bir neçə məktəb binası və Pəlikəş kənd sahə xəstəxanası üçün yeni bina inşa edilib, elektrik xətt təsərrüfatında təmir işləri aparılıb. Hazırda Şəvqo kəndində modul tipli yeni məktəb binasının quraşdırılması başa çatmaq üzrədir.

Burada olan gözəl təbiət mənzərələri insanı valeh edir. Bizə bu istiqamətdə yalnız Sım kəndində olan şəlalə bəlli idi. İndi Diqo kəndinin yaxınlığından keçən çayın üstündə bir-birindən mənzərəli daha iki şəlalənin olduğunu öyrəndik. Demək bizim dağ kəndlərində tədqiqatçılar, elm adamları və turistlər üçün gəzməli-görməli, öyrənilməli yerlər çoxdur. Bax bu kəndlərə çəkilən avtomobil yolları ölkəmizin sakinləri və xarici qonaqlar üçün ən yaxşı vasitə olacaqdır.

Bilirsiniz ki, hazırda bəşəriyyət üçün böyük təhlükə olan koronavirus pandemiyası dünyanı bürüyüb. Ən böyük dövlətlər də bu çarəsiz xəstəliklə mübarizədə acizdir. Bu xəstəlik həm də özünütəcrid tədbirlərinə əsaslandığına görə dünya ölkələrinin iqtisadiyyatına böyük zərbə dəyir. Lakin belə bir dövrdə ölkəmizdə sosial layihələrin icrası öz ahəngiylə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə