Azərbaycan-Yaponiya: diplomatik əlaqələr, uğurlu perspektivlər…
Prezident İlham Əliyev: “Yapon maliyyə institutlarının dəstəyi ilə icra etdiyimiz iki mühüm layihə enerji təhlükəsizliyimizə böyük töhfədir”
Məlum olduğu kimi, Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyevin görüşdə çıxışı zamanı bildirib ki, Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir: “Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır”.
“Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük”, -deyən Prezident İlham Əliyev yapon şirkətlərinin Azərbaycanda iş qurmaqda maraqlı olduğunu bildirib: “Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar. Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaqdır. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir”.
Prezident İlham Əliyev yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə enerji infrastrukturunun iki mühüm layihəsinin icra edildiyini də bildirib: “Biz müxtəlif layihələrə maliyyə dəstəyi göstərdiyinizə görə sizə minnətdarıq. Yapon banklarının və maliyyə institutlarının maliyyə dəstəyi ilə biz enerji infrastrukturumuzun iki mühüm layihəsini icra etdik - iki elektrik stansiyası, sınaq stansiyaları, “Şimal-1” və “Şimal-2”. Ümumi gücü 800 meqavata yaxındır. Əlbəttə ki, bu, bizim enerji təhlükəsizliyimizə böyük töhfədir”.
Dövlət başçısı, ümumiyyəətlə yapon şirkətlərinin Azərbaycanda çalışmaqla, həmçinin müxtəlif sosial layihələrin həyata keçirilməsində könüllü olaraq dəstək göstərdiklərinə minnətdarlığını və bundan sonra da bu əməkdaşlığın daha da sıx olacağını bildirib: “Biz yapon şirkətlərinin burada çalışdığına şadıq və həmçinin müxtəlif sosial layihələrə göstərdiyiniz könüllü dəstəyinizə görə sizə təşəkkürümüzü bildirmək istəyirik. Bu layihələr təhsil, infrastruktur, müxtəlif kəndlərdə su təchizatı ilə bağlıdır. Biz bu dostluq jestini çox yüksək qiymətləndiririk və buna görə mən bir daha sizin hökumətinizə öz təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik”
Azərbaycan-Yaponiya diplomatik əlaqələrin 28 ili və perspektivlər…
Sentyabrın 7-si Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 28-ci ili yaxınlaşır. Bir çox mütəxəssislər Azərbaycan ilə Yaponiya arasında münasibətlərin ən qədim dövrlərini ümumtürk kontekstində götürməyi təklif edirlər. Həqiqətən də qədim türk mənbələrində uzaq Şərqin ecazkar ölkəsi olan Yaponiya haqqında məlumatlar öz əksini tapıb. Məhz uzun tarixə və qarşılıqlı etimada əsaslanan həmin tarixi münasibətlər bu gün də uğurla davam etdirilir. O da məlumdur ki, Dünya müharibəsi zamanı Yaponiya və SSRİ arasında baş verən hərbi toqquşmalar o dövrdə imperiyanın tərkib hissəsi olan Azərbaycanla hər hansı yaxın əlaqələrin qurulmasına imkan verməyib. Uzun müddət Yaponiya ilə gərgin münasibətlərdə olan SSRİ, nəhayət ki, 1956-cı ilin oktyabrında bu ölkə ilə diplomatik münasibətlər yaradıb, bu münasibətlərin müxtəlif sahələr, o cümlədən mədəniyyət üzrə bərpasını təzahür etdirən birgə bəyannamə imzalanıb. Bu bəyannamə Azərbaycan və Yaponiya arasında da ilk növbədə mədəni əlaqələrin qurulmasına şərait yaradıb. Artıq XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan-Yaponiya əlaqələrində ciddi nəticələr əldə edilib, hətta SSRİ-Yaponiya cəmiyyətinin Sumqayıt şəhəri üzrə şöbəsi də fəaliyyət göstərib. Məhz həmin vaxtlar Yaponiyada Azərbaycan haqqında informasiyalara böyük tələbat yaranıb.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə Azərbaycan və Yaponiya arasında mədəni əməkdaşlıq əlaqələri daha da genişlənib. 1973-1975-ci illərdə Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi sayəsində Bakıda Yaponiya mütəxəssislərinin iştirakı və yapon texnologiyasının köməyi ilə o dövrlər üçün ultramüasir hesab edilən məişət kondisionerləri zavodu –«Bakkondiosener» tikilərək istifadəyə verildi. Bu zavod ildə 400 min ədəd kondisioner istehsal etmək gücünə malik idi və Yaponiyanın məşhur «Toshiba» şirkətinin lisenziyası əsasında keçmiş SSRİ ərazisində qurulan yeganə müəssisə sayılırdı. Bütün bunlar Azərbaycan-Yaponiya əməkdaşlığının həm möhkəm təməli, həm də mühüm uğurları sayıla bilər.
Yaponiya Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olub. 1992-ci il sentyabrın 7-də Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələr quruldu. Yaponiyanın Beynəlxalq İqtisadi Əməkdaşlıq Fondunun Azərbaycanın çətin günlərində ölkəmizə verdiyi dəstək əlaqələrin formalaşmasında mühüm rol oynadı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşan bu beynəlxalq tədbir müstəqil ölkəmizin Yaponiya ilə əlaqələrində daha bir uğurlu başlanğıc rolunu oynamışdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il fevralın 24-dən 28-nə qədər Yaponiyaya ilk rəsmi səfəri isə yalnız iki ölkə arasında qarşılıqlı münasibətlərdə deyil, həmçinin Azərbaycanın Cənub-Şərqi Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələri tarixində yeni bir səhifə açmışdır. Bu səfəri çərçivəsində Heydər Əliyev Yaponiyanın siyasi və işgüzar dairələri ilə çoxsaylı səmərəli görüşlər keçirmiş, ölkə rəsmiləri ilə müzakirələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərinə dair geniş müzakirələr aparmışdır. Onu da qeyd edək ki, Yaponiya Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü Böyük İpək Yolunun bərpası təşəbbüsünə fəal dəstək vermiş, bu məsələdə Bakı ilə Tokionun maraqları tamamilə üst-üstə düşmüşdür. Xatırladaq ki, yeni “İpək yolu” Yaponiyadan başlayaraq, Çin və Orta Asiyadan, daha sonra isə Xəzər dənizindən və Azərbaycandan keçir. Heydər Əliyevin dediyi kimi, “Yaponiya bu yolun ən şərq nöqtəsində, Azərbaycan isə ortasındadır”.
Prezident İlham Əliyev: “Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik”
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu xətt daha da inkişaf etdirilib, Yaponiya-Azərbaycan münasibətlərində yeni bir dövr başlanıb. 2003-cü il noyabrın 24-də Prezident İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin müavini İçiro Fuçisakeni qəbul edərək Yaponiya-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu bir daha bəyan edib. Bundan az sonra, 2005-ci il oktyabrın 12-də Azərbaycanın Yaponiyada səfirliyi açılıb. Burada Azərbaycanın Yaponiyadakı səfirliyinin iki ölkə arasında əlaqələrin daha da intensivləşməsi, genişlənməsi və inkişafı istiqamətində son illər apardığı hərtərəfli fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Səfirliyimizin əməkdaşlarının gərgin əməyi sayəsində iki ölkə arasında əlaqələr böyük sürətlə inkişaf edir, qarşılıqlı rəsmi səfərlər yüksək səviyyədə təşkil edilir, birgə iqtisadi sərgilər keçirilir və yalnız paytaxtlar arasında deyil, eyni zamanda regionlararası əməkdaşlıq da formalaşır.
Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il martın 7-dən 10-dək Yaponiyaya rəsmi səfəri ölkələrarası münasibətləri yeni səviyyəyə yüksəldib.
Bütün bunlar deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr çox geniş şəkildə şaxələnib və zənginləşib. Yaponiya Azərbaycana artıq yardıma ehtiyacı olan ölkə kimi deyil, müasir səviyyədə inkişaf etmiş, bərabər səviyyəli tərəfdaş kimi baxır.
İkitərəfli əlaqələrin inkişafı Yaponiyaya imkan verib ki, Azərbaycanı Yaponiya “İnkişaf ehtiyacları üçün rəsmi kömək”– İRK presedent ölkələri siyahısına salsın. İRK çərçivəsində Yaponiya hökuməti Azərbaycana kənd təsərrüfatı, səhiyyə, habelə xırda və orta biznes sahələrində əvəzsiz yardım göstərir. Yaponiya tərəfi Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün də kreditlər verir. Yaponiya hökuməti Azərbaycana qaçqınların yaşayış yerlərində məktəb və xəstəxana tikintisinə 200 milyon dollar həcmində əvəzsiz yardım ayırıb.
Ölkələrimiz arasındakı əlaqələrin inkişafı üçün atılan addımlar 1996-cı ilə qədər daha çox rəmzi xarakter daşıyan ticarət mübadiləsini kifayət qədər yüksəldib.
Göründüy kimi, Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edərəkən bildirib ki, Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir: “Ümid edirəm ki, üzümüzə gələn illərdə biz bu sıx əməkdaşlığı gücləndirəcəyik”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB