İftixarlı İftixar

Həyatda cürbəcür talelər olur. Bəzən deyirlər ki, taleni insan özü seçmir, Tanrıdan gələn bəxşışdir. Amma bir həqiqət də var ki, insan öz taleyinin quluna çevrilib qalmamalı, Allahın verdiyi ağlın, düşüncənin gücünə sığınıb taleyinə yön verməlidir. Onda Ulu yaradanın sevimli bəndəsi kimi yaşadığı həyatda uğur qazanar və xeyirli, bərəkətli bir ömür yaşayar. Məhz uzun illər tanıdığım İftixar Piriyev kimi...

İftixar Piriyevi ilk dəfə televiziyada görmüşdüm. Əlibala Hacızadənin “İtgin Gəlin” teleserialındakı Əbdül obrazından tanıdım onu. Sadəcə minlərlə tamaşaçısından biri kimi. Amma heç vaxt ağlıma gəlməzdi ki, sevə-sevə baxdığım bir serialın Əbdülü ilə illər sonra bir rayonda çalışacaq, eyni siyasi əqidəni bölüşəcəyik. İftixar müəllim mənim də uzun illər işlədiyim, yaşadığım Binəqədi rayonunda yerləşən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan dram teatrının direktoru təyin olunduğu gündən onunla çox sıx və isti münasibətlərim yarandı. Əslində bu cür ünsiyyətin formalaşması təbii idi. Çünki təsis olunmasında və fəaliiyətində, təşəkkül tapmasında ilk gündən xidmət göstərdiyim Yeni Azərbaycan Partiyasının üzvü olan İftixar Piriyevi çox qətiyyətli, dönməz, sədaqətli Ümummilli Liderimiz Heydər Əliyevçi kimi tanımışdım.

O, hər bir situasiyada mərdlik, cəsurluq nümayiş etdirməyi bacaran insandır. Bunu onun yaratdığı obrazlar, yazdığı əsərlər, yaşatdığı filmlər, tamaşalar da sübut edir. Yaxşı yadımdadır, bir dəfə mənə dedi ki, Ümummilli Liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasını özündə təcəssüm etdirən “Qurtuluş dastanı” adlı bir əsər yazmışam, onun bəzi detallarını sizinlə müzakirə etmək istəyirəm. Açığı sevinc qarışıq məni maraq bürüdü və dərhalda hə cavabı verdim. Biz görüşdük və əsərin siyasi aspektlərini ciddi müzakirə etdik. Əslində İftixar müəllimin məqsədini anladım ki, O, Dahi Öndər Heydər Əliyevin Naxçıvanda yaşadığı və işlədiyi dövrlərin bəzi məqamlarını dürüstləşdirmək, dəqiqləşdirmək istəyir ki, yanlışlıq olmasın. Uğurlu alınan və Akademik Milli Dövlət Dram teatrın da, eləcədə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram teatrın da səhnəyə qoyulan əsər böyük anşlaqla qarşılandı. Hətta Gürcüstanda doğulub, boya-başa çatan İftixar müəllimi çoxları əslən Naxçıvanlı bildilər. Çünki əsərin Naxçıvan dövrü elə ustalıqla və zərgər dəqiqliyi ilə qələmə alınmışdı ki, bunu yalnız Naxcıvanda yaşayan insanlar bilə bilərdilər. Onun böyük sevgiylə, məhəbbətlə yaratdığı Ulu Öndər Heydər Əliyev obrazı tamaşaçıların yaddaşında silinməz izlər buraxdı...

İftixar müəllim çox vətənpərvər, torpağını, vətəni sevən, dövlətçi şəxsiyyətdir. Binəqədi rayonunda təşkil olinan bir çox tədbirlərdə İftixar müəllimin xüsusi dəsti-xətti var desək, yanılmarıq. Yaradıcı insan olaraq onu xarakterizə edən bir üstün cəhət də ondan ibarətdir ki, o hər şeyə anında və adekvat reaksiya verə bilir. Faydalı məsləhətləri ilə hər bir tədbirə əlavə çalar, məna qatır. İctimai-siyasi prosesləri ədalətli təhlil edən, praqmatik düşüncəyə malik olan İftixar Piriyev çox dəyərli ziyalı, iftixar olunası şəxsiyyətdir. Ömrünün 60-cı ilinin astanasında o yenə də elə gənclik enerjisi ilə çalışır, yazır və yaradır.. Səmimi insan, zəngin bədii təfəkkürə və yaradıcılığa malik olan, ictimai xadim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, yazıçı, publisist, nasir, dramaturq, nəhayət mənim əqidədaşım, silahdaşım, Yeni Azərbaycan Partiyasının fəal üzvü İftixar Piriyevi 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Vüsar İsmayılov,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə