Azərbaycançılıq dünya azərbaycanlılarının milli birliyinin əsasıdır

Azərbaycançılıq dünya azərbaycanlılarının milli birliyinin əsasıdır

Ümummilli lider Heydər ƏLİYEV demişdir:”Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır.

Azərbaycançılığın təkamülü təkcə nəzəri şəkildə deyil, həm də dövlətçilik xətti üzrə baş verir. O, konseptual bir nəzəriyyə kimi Azərbaycan dövlətçiliyinin mənşəyi, mərhələləri və tipləri vasitəsi ilə təsbit olunur.

Azərbaycançılıq azərbaycanşünaslığın, Azərbaycan dövlətçiliyi isə azərbaycançılığın tərkib hissəsidir. Dövlət insan və cəmiyyət arasında münasibətin ifadə formasıdır. Cəmiyyət ümumi maraq əsasında birləşmiş insanların toplumudur, fəqət cəmiyyətdə ümumi maraqla fərdi maraq arasında ziddiyyət labüddür. Cəmiyyətin taleyi bu iki marağın harmoniyasından asılıdır. Bu mənada dövlət cəmiyyətdə daxili qayda yaradan və xarici təhlükəsizliyi təmin edən ali siyasi hakimiyyət orqanıdır.

Əsrin əvvəllərində C.Məmmədquluzadə, F.B.Köçərli, A.Şaiq, Ü.Hacıbəyli, N.Nərimanov kimi maarifçi ideoloqlar “Ana dili” uğrunda mübarizəyə başladılar və tez bir zamanda bu hərəkat tarixi-ideoloji yön alaraq “Ana Vətən” uğrunda mübarizəyə çevrildi.

Tarixin tələbi və milli ziyalıların iradəsi ilə bu dövrdə “Füyuzat” türkçülüyü ilə “Molla Nəsrəddin” azərbaycançılığı eyni ideala – “Azərbaycan qayəsi”nə xidmət etdi. XX əsrin əvvəlində ADR-in yaranması millət kimi özünüdərkin, ana dili, vətən əxlaqı və milli vicdan uğrunda mübarizənin təntənəsi idi. Fəqət 23 aydan sonra aldanış və çevriliş nəticəsində o, proletariat diktaturası – “Zorakılığa arxalanan, heç bir qanunla bağlı olmayan bir hakimiyyət”lə (V.Lenin) əvəz olundu.

Filologiya elmləri doktoru, professor Nizaməddin ŞƏMSİZADƏ yazır ki, Azərbaycançılıq üç təməl üzərində bərqərar olur: türkçülük, islamçılıq və vətənçilik. Bizim şüarımız belədir: Türk millətindənəm, islam ümmətindənəm, Azərbaycan məmləkətindənəm! Türkçülük Azərbaycan xalqının milli idealı – məfkurəsidir. Türkçülüklə İslamın vəhdəti Məhəmməd Peyğəmbərdən gəlir. O ümmətinə belə demişdi: türklərin dilini öyrənin, onların hakimiyyəti uzun sürəcək. Təsadüfi deyil ki, ilk böyük ortaq türk abidələrindən olan M.Kaşqarinin “Divani-lüğəti-türk” (1074) əsəri islamın baş qərargahında Bağdadda ərəblərə türk dilini öyrətmək məqsədi ilə yazılmışdı. Ta qədim dövrlərdən türklərdə iki cəhət güclü olub: dövlətçilik (fatehlik) və mədəniyyət. Bütün böyük türk yürüşləri islam bayrağı altında keçib, onlar dünyada islamın nüfuzunu qaldıran ən böyük millətdir. Türkün fatehliyi işğal deyil, öz sərhədsiz ərazilərini (dövlətçiliyi!) qorumaq məqsədi daşıyıb.

Ərazi bütövlüyü və xalqın bütövlüyünü qorumaq! – Azərbaycançılığın tarixi qayəsi məhz budur. Vətəni zaman-zaman işğal olunmuş xalq üçün vətənçilikdən böyük ideal ola bilməz. Azərbaycançılıq türkəsilli Azərbaycan xalqının milli ideologiyası, türkçülüyün milli ideya və siyasi məslək kimi vətən əxlaqı müstəvisində dərkidir.

Milyon il əvvəl ölkəmizin ərazisində hansı tayfanın, hansı qövmün, hansı xalqın yaşaması Adəmin və Həvvanın hansı millətdən olması kimi əbədi bir mübahisədir. Amma mübahisəsizi budur ki, o zaman da, indi də yaşadığımız vətən Azərbaycan olub. Bu mənada azərbaycançılıq türkçülükdən, şamançılıqdan da, şumerçilikdən də qədim və əzəli fikir formasıdır.

Filologiya elmləri doktoru, professor Nizaməddin ŞƏMSİZADƏnin fikrincə, bir ideologiya forması, milli və dövlətçilik təlimi kimi azərbaycançılıq mədəniyyətlə sıx bağlıdır. Tarixi baxımdan ideologiya ilə mədəniyyətin vəzifələri eyni məqsəddə birləşir: gələcəyi formalaşdırmaq! Təhsil ideologiyasının təbliğ funksiyasını, mədəniyyəti təlqin vəzifəsini öz üzərinə götürür. İdeologiyada mədəniyyətin əsas vəzifəsi xalqda vətən əxlaqı tərbiyə etməkdir. Mədəniyyət dövlətin əlində kütləyə obrazlı ideoloji təsir vasitəsidir. Kütlə psixologiyası mədəniyyəti asanlıqla qəbul edir, burada obrazlı (emosional) inandırma həlledici rol oynayır. Mədəniyyətin sərhədsiz imkanları (gözəllik və estetik zövq) milli siyasətin dünyaya inteqrasiyasına perspektivlər yaradır. Azərbaycançılığın şah damarı – Azərbaycan dilidir. Azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu.

Məhz H. Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu.

H. Əliyevin neft strtegiyası – əsrin müqaviləsi, regionların iqtisadi inkişafı konsepsiyası, Azərbaycanın Avropa Şurasına qəbul olunması, ölkənin ərazi bütövlüyü uğrunda aparılan dönməz mübarizə – bütün bunlar məhz azərbaycançılıq ideologiyasına dayaqlanır, onu daxili və xarici siyasətimizin nəzəri-tarixi arsenalı kimi möhkəmləndirmək işinə xidmət edirdi.

H. Əliyev özü azərbaycançılığın simvolu idi. Onun nitqlərində bütövlükdə Azərbaycan danışırdı. Bu gün də dövlətçiliyimizdə həmin tarixi-nəzəri ənənələr, iş üsulları ləyaqətlə qorunub saxlanılır. Fikrimizcə, Dünya Azərbaycanlılarının II Qurultayı azərbaycançılıq ideologiyasının təsdiqi və təntənəsi, onun yeni tarixi mərhələsinin başlanğıcı idi. Bu forum bütün dünyaya səpələnmiş 50 milyon azərbaycanlının bir araya gəlməsində azərbaycançılığın nəzəri-tarixi imkanlarını kifayət qədər əsaslı şəkildə nümayiş etdirdi.

Bəzi nəticələrə gələk: Azərbaycançılıq Azərbaycanda baş vermiş milli azadlıq hərəkatlarının tarixi təcrübələrinin nəzəri yekunudur. O, dünyada və ölkəmizdə gedən ictimai proseslərin tarixi mənasını Azərbaycan xalqının mənafeyi baxımından izah edir.

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

O, diktaturadan, avtoritarizmdən demokratiyaya keçid dövrünün nəzəriyyəsi, milli özgürlüyümüz haqqında təlimdir.

Azərbaycançılıq imperiyaçılığa qarşı müqavimətdə formalaşan istiqlal ideologiyasıdır. Azərbaycanın suverenliyi milli prinsipə əsaslanır, azərbaycançılıqda həm də onun ideoloji prinsipləri təsbit olunur. O, qlobal siyasət üçün nəzəri bazadır, çünki, dövlətlərə və xalqlara yeni ictimai sahman və təfəkkür koordinatları diqtə edir.

Milli ideologiya tipi kimi azərbaycançılığın aşağıdakı şərtləri var: maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenini yaratma. Azərbaycançılığın tərkib hissələri bunlardır:

- Məfkurəçilik (ülgüçülük), yəni sosioloji aspekt

- İstiqlalçılıq (kökə qayıdış – azadlığın tarixən mənimsənilməsi)

- İttihadçılıq (birlikçilik). Onun üç bağlantısı var: a)vətəndaşlıq; b)gendaşlıq; c) dindaşlıq;

- Türkçülük (milli ideya kimi)

- İslamçılıq (ümmətçilik formasında) – Şərqdə ümmətçilik dövlət yaratmaq qüdrətinə malikdir.

- Ünsiyyətçilik. Vahid dillə (Azərbaycan türkcəsi) və mədəniyyətlə vəhdət. Azərbaycançılıq dövlətçilik yolu ilə siyasi status alır və bu zaman aşağıdakı prinsipləri irəli sürür:

- Milli-siyasi özünüdərkə və siyasi şüurun təkamülünə yardım edir.

- İctimai münasibətləri sistemləşdirir, cəmiyyətin siyasi strukturlaşmasını təmin edir.

- Tarixi proseslərin xarakterinə istinadən dövlətin legitimliyini əsaslandırır.

- Cəmiyyətə uyğunlaşmır, onu yenidən yaradır, tarixi prosesləri izah edir və proqnozlaşdırır.

- Bütün bunlar əsasında uğurlu idarəçilik elmi kimi intensiv təkamül keçirir. Azərbaycançılığın iqtisadi əsasları bunlardır:

- Azərbaycanı xammal istehsal edən ölkədən, hazır məhsul istehsal edən ölkəyə çevirmək.

- Regional iqtisadi zonalar yaratmaq, keçmiş qeyri-səmərəli təsərrüfat sistemindən xilas olmaq.

- Milli sərvət üzərində sərt dövlət nəzarəti qoymaq,

- İqtisadi islahatları ümummilli marağın qorunmasına yönəltmək.

- Müəssisələri modernləşdirmək, iri korporasiyalar yaratmaq.

- Bazarı və valyutanı tənzimləmək.

- Dövlət mülkiyyətinin onun real dəyərindən aşağı satılmasını qadağan edən qanun qəbul etmək.

- İqtisadi müstəqilliyin hüquqi əsaslarını işləyib hazırlamaq. Bütün bunlar ümummilli iradəni möhkəmlədir. Bu isə dövlətçiliyin başlıca tələbidir. Azərbaycançılığın taleyi dünya azərbaycanlılarının vətənçilik müstəvisində birliyindən asılıdır.

Ümummilli lider Heydər ƏLİYEV demişdir: "Azərbaycanlılar hər yerdə böyük diaspor kimi yaşayırlarsa, qoy bir olsunlar, həmrəy olsunlar, bir-birlərinə kömək etsinlər".

Vahid Ömərov f.ü.f.d. dos.

Bütün xəbərlər Facebook səhifəmizdə