“Yeşil İğdır” Türkiyədə yaşayan azərbaycanlıların yarım əsrdən çox zaman kəsiyində fasiləsiz nəşr olunan yeganə qəzetidir. SİA xəbər verir ki, “Yeşil İğdır” hələ sovet dövründə ölkəmizdən Türkiyəyə tərəf baxmaq qadağan olunan vaxtlarda belə Azərbaycana aid mövzuları həmişə diqqətdə saxlayıb. Azərbaycan mədəniyyəti, musiqisi və kino yaradıcılığı barədə yenilikləri Türkiyə ictimaiyyətinə çatdırmaq hər zaman qəzetin başlıca hədəflərindən olub.
İlk nömrəsi 1955-ci il sentyabrın 1-də mərhum jurnalist Fazil Şıktaşın redaktorluğu ilə çıxan “Yeşil İğdır” ötən dövrdə obyektiv və qərəzsiz yazıları ilə bərabər Azərbaycana dair mövzulara üstünük verdiyi üçün geniş oxucu kütləsi qazanıb. Sonrakı illərdə baş redaktorlar Salih və Sabri Şıktaşlar da bu ənənəni davam etdiriblər. Təsadüfi deyil ki, Azərbaycana dair media məlumatları əldə etmək istəyənlərin ən çox müraciət etdikləri yer “Yeşil İğdır”ın arxivləridir.
Təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına başladığı gündən Dağlıq Qarabağla bağlı həqiqətlər “Yeşil İğdır”ın manşet xəbərlərinə çevrilib. Bu vətənpərvərlik ənənəsi indi də davam edir. Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr, həyatın bütün sahələrinə aid həqiqətlər “Yeşil İğdır”ın gündəlik səhifələrində yer alır. Qəzetin baş redaktoru Cabbar Şıktaş deyir: “Yeşil İğdır”ın ana səhifəsində Azərbaycanla bağlı yazı yoxdursa, deməli, həmin nömrəmiz “kor insan” kimidir. Azərbaycanla bağlı yazmağı özümüzə təkcə mənəvi borc yox, həm də şərəf bilirik”.
Sabir Şahtaxtı, AZƏRTAC-ın xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB